Diasporla İş üzrə Dövlət Komitəsi İrandakı vəziyyətlə bağlı açıqlama yayıb
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi bölgədə yaranmış mövcud vəziyyətlə əlaqədar açıqlama yayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Vəsilə Vahidqızı bildirib.
O qeyd edib ki, Komitə ölkəmizin xaricdəki diplomatik nümayəndəlikləri ilə sıx və koordinasiyalı əməkdaşlıq çərçivəsində fəaliyyət göstərir, zəruri addımlar atır və bu istiqamətdə işini daha da gücləndirib.
Qeyd olunub ki, Komitə əməkdaşları, eləcə də Ərəb Ölkələrində Yaşayan Azərbaycanlıların Koordinasiya Şurasının koordinatorları müxtəlif ölkələrdə yaşayan icma üzvləri ilə intensiv əlaqə saxlayır. Soydaşlara ehtiyatlı olmaq, təhlükəsizliklə bağlı bütün çağırış və tələblərə ciddi əməl etmək tövsiyə edilir.
Məlumatda vurğulanıb ki, informasiya mübadiləsinin operativliyini təmin etmək və xaricdə yaşayan azərbaycanlıların müraciətlərinə çevik reaksiya vermək məqsədilə Komitənin “140 Çağrı Mərkəzi” 24 saat fasiləsiz fəaliyyət göstərir. Xaricdə yaşayan vətəndaşlar fövqəladə vəziyyət, hüquqi və ya humanitar xarakterli çətinliklərlə üzləşdikləri halda dərhal “Çağrı Mərkəzi”nə müraciət edə bilərlər. Daxil olan müraciətlərin operativ qeydə alındığı, aidiyyəti qurumlarla koordinasiyalı şəkildə araşdırılaraq müvafiq tədbirlərin görüldüyü bildirilib.
Eyni zamanda qeyd edilib ki, Komitə diaspor təşkilatları vasitəsilə maarifləndirmə işlərini genişləndirib, təhlükəsizlik və məlumatlandırma istiqamətində fəaliyyətini ardıcıl şəkildə davam etdirir. Məqsəd xaricdə yaşayan hər bir azərbaycanlının təhlükəsizliyini təmin etmək, onların hüquq və maraqlarını qorumaq və zərurət yarandıqda dəstək mexanizmlərini operativ şəkildə işə salmaqdır.
18:55 01.03.2026
Oxunuş sayı: 1289