Prezident: Haqq səsimizi ucaltmasaydıq, Xocalı soyqırımı ilə bağlı həqiqətlər dünyaya məlum olmazdı
Əgər biz öz haqq səsimizi ucaltmasaydıq, bu gün, bəlkə də, dünyada Xocalı soyqırımı ilə bağlı həqiqətə uyğun məlumat olmayacaqdı.
Crossmedia.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Xocalı Soyqırımı Memorial Kompleksinin açılışında deyib.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan xalqı üçün bu, ən böyük faciədir.
"Bu faciəni dünya ictimaiyyətinə çatdırmaq üçün, bizim haqq işimizi dünya birliyinə təqdim etmək üçün həm Azərbaycan dövləti, həm ictimai təşkilatlar, qeyri-hökumət təşkilatları, demək olar ki, bir çox qurumlar fəal çalışıblar. Burada xüsusilə Heydər Əliyev Fondunun fəaliyyətini qeyd etmək istərdim. Fond yarandıqdan dərhal sonra "Xocalıya ədalət!" genişmiqyaslı hərəkatına start verdi. Bu təşəbbüsü Fondun vitse-prezidenti Leyla Əliyeva həyata keçirirdi. Son 20 il ərzində onun təşəbbüsü ilə dünyanın bir çox ölkələrində bir çox tədbirlər, təqdimatlar, simpoziumlar, konfranslar keçirilib, bir çox kitablar, broşürlər, bukletlər dərc edilib".
Prezident bildirib ki, Ermənistan dövləti, dünya erməniliyi və dünya erməniliyinin, Ermənistan dövlətinin arxasında duran dövlətlər bu qanlı faciəni ört-basdır etməyə çalışırdılar:
"Hətta erməni təbliğatçıları Azərbaycanı bu faciədə günahlandırmağa çalışırdılar. Əgər biz öz haqq səsimizi ucaltmasaydıq, bu gün bəlkə də dünyada Xocalı soyqırımı ilə bağlı həqiqətə uyğun məlumat olmayacaqdı".
17:03 26.02.2026
Oxunuş sayı: 769