Kütahyada Xocalı şəhidlərinin xatirəsinə “Ehtiram yürüşü” keçirilib
XX əsrin ən dəhşətli insanlıq faciələrindən biri olan Xocalı soyqırımı qurbanlarının xatirəsi Türkiyənin Kütahya şəhərində dərin ehtiramla yad edilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Anım mərasimi Kütahya Tunçbilek Bələdiyyəsi və Azərbaycan Respublikasının İstanbul şəhərindəki Baş Konsulluğunun dəstəyi, Kütahya Azərbaycanlılar Mədəniyyət və Həmrəylik Dərnəyi və Xarıbülbül Mədəniyyət Topluluğunun birgə təşkilatçılığı ilə keçirilib.
Tədbirdə TBMM-in millət vəkilləri Mehmet Demir və Ahmet Erbaş, Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun konsulu Zaur Allahverdizadə, Kütahya Azərbaycanlılar Mədəniyyət və Həmrəylik Dərnəyinin sədri İlqar İdrisov, eləcə də yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Tədbir Tunçbilek Bələdiyyəsinin inzibati binası önündə başlayıb. Sonra azərbaycanlı tələbələr və yerli ictimaiyyət nümayəndələrinin iştirakı ilə Azərbaycan Parkında yerləşən Xocalı abidəsinə doğru “Ehtiram yürüşü” təşkil olunub, Xocalı qurbanlarının əziz xatirəsi ehtiramla yad edilib. Faciənin unudulmamasının və tarixi həqiqətlərin gələcək nəsillərə çatdırılmasının vacibliyi vurğulanıb. Çıxışçılar, o cümlədən vali Musa Işın Xocalı soyqırımının insanlıq vicdanında dərin izlər buraxdığını qeyd edib, tarixi yaddaşın qorunub saxlanmasının və davamlı şəkildə yaşadılmasının mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb.
Mərasim birlik və həmrəylik mesajları ilə başa çatıb.
17:00 25.02.2026
Oxunuş sayı: 567