Ottavada şagirdlərə Xocalı soyqırımından danışılıb
Kanadanın paytaxtı Ottavada fəaliyyət göstərən “Qarabağ” Azərbaycan dili məktəbinin növbəti dərsi Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunub.
Crossmedia.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Dərs Vətənimizin bütövlüyü uğrunda canından keçən qəhrəman şəhidlərimizin və Xocalı qurbanlarının əziz xatirəsinin dərin ehtiramla yad edilməsi ilə başlayıb.
Şagirdlərə tarixin ən faciəli hadisələrdən biri olan Xocalı soyqırımı haqqında ətraflı məlumat verilib, xalqımızın başına gətirilən müsibətlərdən danışılıb. Xocalı həqiqətlərinin unudulmaması üçün gənc nəslin üzərinə düşən mühüm vəzifələr diqqətə çatdırılıb.
Şagirdlər Xocalı mövzusunda rəsmlər çəkib, vətənpərvərlik ruhunda şeirlər səsləndiriblər. Onların çıxışlarında Vətənə sevgi, şəhidlərə ehtiram və ədalətə inam xüsusi yer alıb.
Məlumat üçün bildirək ki, “Qarabağ” Azərbaycan dili məktəbi 2011-ci ilin sentyabr ayından fəaliyyət göstərir. Məktəbdə 4-14 yaş arası uşaqlara Azərbaycan dili, tarixi, musiqisi və rəqsi tədris edilir, milli adət-ənənələrimiz öyrədilir.
15:27 25.02.2026
Oxunuş sayı: 526