Ötən il AMEA-da elektronlaşmadan rəqəmsallaşmaya və süni intellektə keçid prosesləri reallaşıb
Azərbaycan Prezidenti AMEA-nın 80 illik yubileyində texnoloji inkişaf, rəqəmsallaşma, süni intellekt və kibertəhlükəsizliyi XXI əsr elminin zəruri prioritetləri kimi diqqət mərkəzinə çəkib. Dördüncü Sənaye İnqilabının çağırışları ilə səsləşən bu qlobal trendlər Azərbaycan elmini ciddi surətdə məşğul edir.
Crossmedia.az xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli AMEA-nın Ümumi yığıncağında söyləyib.
“2025-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasında elektronlaşmadan rəqəmsallaşmaya və süni intellektə keçid prosesləri reallaşıb. Rəyasət Heyətində 2023-2024-cü illərdə yaradılmış Elektron xidmətlər şöbələrinin 2025-ci ildə adlarının dəyişdirilərək Rəqəmsal elm sahəsi və süni intellekt adlandırılması həm də onların praktik elektron xidmətləri deyil, tədqiqatyönümlü funksiyaları yerinə yetirmələrinin göstəricisidir. Həmçinin 2025-ci ildə Elektron kitabxana hərəkatının sürətləndirilməsi və ilk dəfə olaraq Elektron Arxiv proqramının həyata keçirilməsinə başlanılması ölkə rəhbərimizin qarşımıza qoyduğu vəzifələrin həlli istiqamətində gerçəkləşdirilmiş layihələrdir”, - deyə AMEA rəhbəri bildirib.
13:05 25.02.2026
Oxunuş sayı: 542