Maqdeburqda Xocalının 34-cü ildönümü qeyd olundu
Almaniyanın Maqdeburq şəhərində fəaliyyət göstərən Azərbaycan Evində Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunan anım tədbiri keçirilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Tədbir faciə qurbanlarının əziz xatirəsinin dərin ehtiramla yad olunması ilə başlayıb.
Azərbaycan Evinin rəhbəri Yaşar Niftəliyev ötən əsrin ən ağır cinayətlərindən sayılan Xocalı hadisələri barədə tarixi faktları diqqətə çatdırıb. Xocalıda törədilən qətliamın xalqımızın yaddaşında silinməz iz qoyduğunu bildirərək, həmin həqiqətlərin gələcək nəsillərə ötürülməsi istiqamətində diaspor təşkilatlarının gördüyü işlərdən söz açıb.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun yüksək döyüş bacarığı və peşəkarlıq nümayiş etdirərək ölkəmizin gücünü və qüdrətini bütün dünyaya sübut etdiyi qürurla vurğulanıb.
Sonda Xocalı şəhidlərinin xatirəsinin daim uca tutulacağı və faciə ilə bağlı həqiqətlərin dünya miqyasında tanıdılması istiqamətində fəaliyyətin davam etdiriləcəyi bildirilib.
18:10 23.02.2026
Oxunuş sayı: 534