Xaqani Şirvani poeziyasının ana dilimizə tərcüməsi ilə bağlı bir neçə söz
XI-XII yüzilliklərdə Gəncə, Şamaxı, Təbriz, Qarabağda intibah dövrü Azərbaycan ədəbiyyatının bir çox nümayəndələrinin yetişdiyi məlumdur. Şərq intibahı adlandırdığımız bu zəngin və məhsuldar ədəbi inkişaf dövrü Azərbaycana dünya şöhrətli sənətkarlar bəxş etmişdir. Nizami Gəncəvi, Xaqani Şirvani, Məhsəti Gəncəvi, Mücirəddin Beyləqani, Fələki Şirvani, Əbülüla Gəncəvi kimi istedadlı söz ustadlarımız məhz bu dövrdə yazıb-yaratmışlar. Türk xanədanlarının əsrlərlə hökmran olduğu adıçəkilən həmin torpaqlarda fars dili sənət, şeiriyyət dili, Azərbaycan şairlərinin poetik ustalığının ifadə vasitəsi olmuşdur. Türk düşüncə tərzinin, türk təfəkkürünün yaradıcılığına hakim olduğu bu sənətkarlarımız fars dilindən daha geniş auditoruya qazanmaq, böyük şeirsevər oxucu ordusu toplamaq üçün istifadə etmiş, neçə yüzilliklərdir poeziya dilinə çevrilmiş farscanı öz qüdrətli qələmləri ilə daha yüksək sənət zirvəsinə qaldırmışlar. Təsadüfi deyil ki, fars şairi Hafiz Şirazi də “farsca (şeir) deyən türklər”i “həyat verən”, “ömür uzadan” adlandırmışdır.
ترکان پارسی گوی بخشندگان عمرند
ساقی بشارتی ده پیران پارسا را
“Farsca şeir deyən türklər həyat verəndirlər,
Saqi, farsın ustadlarına müjdə ver”
Əsl adı Əbu Bədil Əfzələddin İbrahim olan Xaqani Şirvani zəngin ədəbi irsi ilə söz sənətinin zirvəsini fəth edən belə şairlərdəndir. Ölkə başçımızın şairin 900 illik yubileyinin qeyd edilməsi haqqında imzaladığı sərəncamda Xaqaninin sənətkar şəxsiyyəti “Şərqin çoxəsrlik mədəni ənənələri zəminində əzəmətlə yüksələn qüdrətli söz ustası” sözləri ilə səciyyələndirilir. Həqiqətən də Xaqaninin əsərlərindən boylanan şairlik əzəməti və bənzərsiz sənətkarlıq qüdrəti onun ədəbi şəxsiyyətini xarakterizə edən başlıca amillərdəndir. Qeyd etməliyik ki, Xaqaninin ərəbcə bir neçə qəsidə və qitəsi olsa da, poetik yaradıcılığı, əsasən fars dilindədir. Elə bu səbəbdən də Xaqani farsdilli Azərbaycan şeirinin layiqli nümayəndələrindən hesab olunur. Bir sıra ədəbiyyat tədqiqatçıları zaman-zaman şairin əsərlərinin fars dilindən ana dilimizə poetik tərcüməsi ilə məşğul olsalar da, indiyədək Xaqaninin farsca irsinin elmi və əsaslı şəkildə filoloji tərcüməsi yerinə yetirilməmişdir. Sözsüz ki, şairin əsərlərinin poetik tərcüməsi işində Məmmədağa Sultanov, Əkrəm Cəfər, Xəlil Yusifli, Mübariz Əlizadə, Mirvarid Dilbazi, İsmayıl Soltan, Əliağa Vahid, Balaş Azəroğlu, Ələkbər Ziyatay kimi ədiblərin əməyi böyükdür. Xaqaninin ərəbcə irsinin dilimizə tərcümə edilməsində şərqşünas alimlərimiz İmamverdi Həmidov və Elnarə Zeynalovanın gördüyü işlərin əhəmiyyəti də danılmazdır. Geniş oxucu kütləsi Xaqani irsi ilə məhz yuxarıda adları sadalanan bu şəxslərin ərsəyə gətirdiyi poetik tərcümələr əsasında tanış olmuşdur. Lakin bütün bunlarla bərabər, şairin farsca şeirlər divanının filoloji tərcüməsinin indiyədək yerinə yetirilməməsi bu sahədə ciddi, dəqiq elmi araşdırmaların aparılmasını, Xaqani poeziyasının doğru-düzgün qavranılmasını mümkünsüz edir. Bundan əlavə, dəqiq filoloji tərcümələr vaxtilə edilmiş poetik tərcümələrdə yol verilmiş bəzi təhriflərin də üzə çıxmasına imkan verir. Belə ki, klassik fars dilində işlənən bir çox sözlər çoxmənalı səciyyə daşıyır, yəni əksər hallarda günümüzdə bilinən anlamı yox, tamam başqa məna bildirir və onları düzgün anlayıb dilimizə çevirmək üçün açıqlamasını izahlı lüğətlərdə axtarmaq lazım gəlir. Xüsusilə də Xaqani olduqca mürəkkəb, anlaşılması heç də asan olmayan, oxucunu düşünüb analiz etməyə, arayıb-axtarmağa sövq edən bir üslubda yazmışdır. Məhz elə bu səbəbdən ana dili fars dili olan bir çox İran alimləri belə Xaqaninin qəzəl və qəsidələrinin doğru başa düşülməsi məqsədilə bir sıra şərhlər hazırlamışlar.
Dildəki, fikir ifadəsindəki bu mürəkkəbliyin səbəbi bir tərəfdən Xaqaninin fitri istedadı, geniş mütaliəsi, dərin savadı və əhatəli dünyagörüşü idisə, digər tərəfdən israrla dövrünün şairlərindən seçilmək, sənət dünyasında mövcud olan o qələbəlikdə fərqli olmaq iddiası idi və o, özünün bənzərsiz şairlik təbi, sözlə ustacasına davranmaq qüdrəti ilə bu iddiasını doğrultmuşdu. Biz əsərlərini oxuduqca onun fars dilinə, fars şeirinə yeni, orijinal ifadələr gətirdiyini də görürük. Yeri gəlmişkən, qeyd edək ki, bu cəhət Nizami Gəncəvi yaradıcılığında da müşahidə olunur. Xaqani qəzəllərinin birində “lalexord”(laləiçmiş) ifadəsini işlədir ki, bu, onun öz tapıntısıdır.
لاله میخورد که از پوست برون رفت تو نیز
لاله خوردم کن و از پوست برون آر مرا
“Lalə mey içibən qabığından çıxdı, xilas oldu, sən də
Məni “laləiçmiş”ə döndərib xilas et (yəni mənə lalə rəngli mey içirt)”.
Şair zahiri zahidlik bağlarından qurtulmaqdan bəhs edir və əslində bağrı qara olan lalənin al rəngli mey içərək qırmızıya boyandığını, azad, sərbəst olduğunu vurğulayır. Özünə də bu halı arzulayan Xaqani həmsöhbətindən ona da lalə rəngli mey içirdib, buxovlarından qurtulmağa kömək etməsini istəyir. Şair ikinci misrada bağrını, daxilini sıxan qara(n)lığı azadlıq rəmzi olan qırmızı rənglə əvəzləyəcək “mey içmək” yerinə “lalə içmək” ifadəsini işlədir, “laləiçmiş”lərdən, olmaq istədiyini dilə gətirir. Sözsüz ki, burada Xaqani arifanə eşqi zahiri zahidliyə qarşı qoyur. Xaqani Şirvaninin bu cür yeni sözlər yaradıcısı olduğunu onun əsərlərini şərh edən iranlı alimlər də etiraf etmişlər və şərhlərdə yeri gəldikcə, müəyyən sözlərin ilk dəfə məhz Xaqani tərəfindən işləndiyini vurğulamışlar.
Daha öncə Xaqaninin dilinin qəlizliyindən və bunun səbəblərindən bəhs etmişdik. Mükəmməl dini, elmi bilikləri, dünyada mövcud olmuş mədəniyyətlərlə tanışlığı, dövrünün təsərrüfat və istehsalat sahələrinə bələdliyi onun şeirdə ən müxtəlif mövzulara müraciət edə bilməsinə imkan yaratmışdır. Biz dini biliklər dedikdə, Xaqaninin yalnız islamı deyil, bütün dinləri gözəl bildiyini, yeri gəldikcə müqəddəs kitablara istinad etdiyini nəzərdə tuturuq. Bütün bunları öz yaradıcılığında əhatə edən bir şairi anlamaq, şeirlərini şərh və təhlil etmək üçünsə, təbii ki, müxtəlif dini, tarixi, ədəbi mənbələrə, daha öncə yazıb-yaratmış şairlərin əsərlərinə, ən əsası isə izahlı lüğətlərə baş vurmaq lazım gəlir.
Göstərilən anlaşılma və şərh problemlərindən irəli gələn cəhətdir ki, Azərbaycan dilində nəşr olunmuş Xaqani əsərlərinə nəzər yetirdikdə poetik tərcümələrdə yanlış yozumlara yol verildiyini görürük. Şairin bir adı da “Quşların söhbəti” olan, yaz fəslinin təsvirinə həsr edilmiş qəsidəsindəki beytdə بیدق (beydəğ) sözü “bayraq” kimi tərcümə olunub. Beyt orijinalda belədir:
هر سوئی از جوی جوی رقعهٔ شطرنج بود
بیدق زرین نمود غنچه ز روی تراب
Beytin tərcüməsi bu cürdür:
“Arxların açdığı xətlərdən hər tərəf şahmat lövhəsinə döndü
Şeh damcıları üzündən qönçə şahmatın qızılı piyadasını xatırlatdı”.
Poetik tərcümədə isə beyt bu şəkildə verilib:
Tala-tala su doldu arxlardan çəmənlərə,
Mərcan rəngli bayrağın qönçə vurdu hər yerə.
Gördüyümüz kimi, burada şairin dilə gətirdiyi fərqli təsvir, fərqli mənzərədir. Orijinalda verilən təbiət tərənnümü oxucunun gözləri qarşısında tamam başqa bir lövhə canlandırır. Məsələ burasındadır ki, fars dilinin izahlı lüğətlərində türk mənşəli “beydəğ” sözünün bir neçə mənası göstərilib və onlardan biri “bayraq”, digəri şahmat fiquru olan “piyada”dır. Beytdə şahmat taxtasına bənzərlikdən söhbət getdiyi üçün burada “bayrağa” yer qalmır. Şairin “Əbülmüzəffər Cəlaləddin Şirvanşah Axsitan ibn Mənuçehrin mədhi və Rusiya fəthinə təbrik” başlıqlı qəsidəsində “sübhün qoşunu” anlamında işlənən موکب صبح (moukebe-sobh) ifadəsi poetik tərcümədə yanlışlıqla “səhər süfrəsi” olaraq verilmişdir. Misala nəzər salaq:
هنگام صبوح موکب صبح
هنگامه دریده اختران را
“Səhər tezdən sübhün qoşunu (günəş)
Ulduzları darmadağın etdi”.
Poetik tərcümədə oxuyuruq:
Səhər süfrəsinə sübh oturanda,
Ulduzlar didərgin düşdü bir anda.
Halbuki Xaqani heç bir süfrədən bəhs etmir, “sübhün süvari qoşunu” ifadəsini işlətməklə günəşi nəzərdə tutur, bu qoşunun ulduzları pərən-pərən saldığını deyərək səhərin açılması lövhəsini bu cür obrazlı bir şəkildə gözlərimiz önünə gətirir. Yenə həmin qəsidədə Xaqaninin yaratdığı daha bir maraqlı lövhənin yanlış tərcümə edildiyini görürük. Xaqani yazır:
خاقانی خاک جرعه چین است
جام زر شاه کامران را
Beytin filoloji tərcüməsi belədir:
“Xaqani o xoşbəxt hökmdarın qızıl camından
Tökülən şərabı içən torpaqdır”.
Poetik tərcümədə isə oxuyuruq:
Xaqani istər ki, çata kamına,
Mey süzə xaqanın qızıl camına.
Məsələ burasındadır ki, şair burada qədim bir ayinə işarə etmişdir. Qədimdə bütlərə sitayiş məqsədilə yerə yağ, süd, şərab çilənməsi adəti mövcud idi ki, Xaqani də mədh etdiyi məmduhuna itaətini, heyranlığını bildirmək üçün məhz həmin mərasimi təsvir edir. Göstərilən beytdən əvvəl gələn misralarda da bu təsvirə yer verilməsi fikrimizi təsdiqləyir. Gördüyümüz kimi, bəhs edtdiyimiz poetik tərcümənin orijinaldakı fikir və təsvirlə bir əlaqəsi yoxdur.
Onu da vurğulamaq yerinə düşər ki, Xaqani yazdığı qəsidələrdə nə qədər məsafəli, təkəbbürlü və ziddiyyətlidirsə, qəzəllərində bir o qədər şəffaf ifadəli, səmimi və təvazökardır. Onun özünə qarşı tutduğu tənqidi mövqe bizləri heyrətləndirməyə bilmir. Bu barədə bir qədər sonra bəhs edəcəyik. Təəssüf ki, ciddi təhriflərə qəzəllərin tərcüməsində də təsadüf olunur. Xaqaninin qəzəllərinin birində deyilir:
زان زلف مشک رنگ نسیمی به ما فرست
یک بوی سر به مهر به دست صبا فرست
Beytin filoloji tərcüməsi bu cürdür:
“O qara rəngli tellərindən bizə bir meh göndər,
Səba əli ilə saçından sevgi dolu bir ətir göndər”.
Poetik tərcümədə isə beyt belə təqdim edilib:
Müşkə oxşar saçlarından meh ərməğan göndər bizə!
Başı bağlı bir tükünü, yar, həvadan göndər bizə!
Göründüyü kimi, orijinaldan fərqli, orijinalla əlaqəsi olmayan sətirlərlə qarşı-qarşıyayıq. Çox güman ki, tərcümə edən şəxs ikinci misradakı farsca بوی “buy” (qoxu, ətir) sözünü موی “muy” (saç, tel) sözü ilə qarışdırmış, “be mehr” (sevgi ilə) ifadəsini isə “be mohr”, yəni “möhürlü, bağlı” kimi başa düşmüşdür və nəticədə beyt dilimizə yanlış çevrilmişdir. Bundan əlavə, birinci misradakı “qara” mənasını verən مشک “müşk” (saç və ya göz rəngini bildirdikdə “meşk” və “məşk” kimi də tələffüz olunur) sözü də düzgün başa düşülməmişdir. Şair burada زلف مشک رنگ –“zolfe- meşk rəng”-“qara rəngli tel” ifadəsini işlətməklə saçın ətrini yox, rəngini vurğulamışdır. Bildiyimiz o “müşk” adlı ətirli maddənin rənginin qara olması və şairin burada “rəng” sözünü işlətməsi Xaqaninin saçın rəngindən bəhs etdiyinə açıq-aşkar sübutdur.
Daha bir mühüm mətləblə bağlı yenidən qəsidələrə qayıdaq. Məlum olduğu kimi, Xaqani Şirvani əsasən qəsidə ustası kimi tanınmış, şairlik istadadı bu şeir janrında daha aydın parlamışdır. Şairin qəsidələri farsdilli ədəbiyyat araşdırıcılarının daim diqqət mərkəzində olmuşdur. İranlı alimlərdən bir çoxunun, xüsusilə də Seyid Ziyaəddin Səccadi və Mircəlaləddin Kəzzazinin şərh və izahları (mübahisəli olsa belə) Xaqani poeziyasının düzgün dərk edilib təhlil olunması yolunda əhəmiyyətli işlərdir. Təsadüfi deyil ki, şairin Azərbaycan dilinə poetik tərcümə edilərək nəşr olunmuş şeirlərinin çoxu qəsidələrdir. Həmin qəsidələrdən birində yanlış oxunub, yanlış tərcümə edilmiş bir söz də vardır ki, ciddi təhrifə yol açmışdır. Təəssüf hissi doğuran daha bir cəhət həmin təhrifin “dillər əzbəri”nə çevrilməsidir. Söhbət şairin “köhnə paltar alıb-satan, yamaqçı” mənasında işlətdiyi خُلقانی “xolqani” sözündən gedir. Xaqani şikayət məzmunlu qəsidələrinin birində özündən, mövqeyindən, həyata, dünyaya baxışından, bir çox məsələlərə münasibətindən bəhs edir və özünü “xolqani” – “yamaqçı” adlandırır. Beyt orijinalda belədir:
نیستم خاقانی آن خلقانیم کان مرد گفت
و این چنین به چون به جمع ژنده پوشان اندرم
Filolloji tərcümədə deyilir:
“Mən “xaqani” deyiləm, o kişinin dediyi kimi, həmin o köhnə paltar alıb-satan yamaqçıyam
Belə yaxşıdır, çünki yırtıq-yamaqlı geyinənlər zümrəsinə aidəm”.
Onu da qeyd edək ki, bu qəsidə bütövlükdə Xaqaninin şəxsiyyətini xarakterizə edən bir əsər olub şairin özünə tənqidi münasibətinin, özü ilə bağlı analitik düşüncələrinin bir məcmusudur. Çox təəssüf ki, buradakı “xolqani” sözü yanlış oxunmuş, şairin bu beyti də nəşrlərdə səhv tərcümələrlə verilmişdir. Həmin yanlışlara nəzər yetirək:
İstəmirəm, adımı çağıralar Xaqani,
Mən yoxsullar şairi, xəlqaniyəm, xəlqani.
Bu, ən çox yayılmış təhrifdir. Başqa bir yerdə isə misralar aşağıdakı kimi verilib:
Mən adımla heç zaman fəxr etmədim; Xaqaniyəm,
Ac və çılpaqlar səfində var yerim, xəlqaniyəm!
Bu poetik tərcümələrdəki təhrif خُلقانی “xolqani” sözünün “xəlqani” kimi oxunmasından başlayır. Belə ki, istər fars dilində, istərsə də Azərbaycan dilində “xəlqani” deyə bir söz mövcud deyil. Fars dilinin izahlı lüğətlərində, məsələn Əli Əkbər Dehxodanın məşhur lüğətində bu söz “köhnə əşya alıb-satan”, “nimdaş geyinən” mənaları ilə izah edilir. Sözün kökü خُلقان- “xolqan” isə farscadan tərcümədə “köhnə” deməkdir. Fars dilindəki “xolqan” və “xolqani” sözlərini bir çox şair şeirlərində işlətmişdir. Xaqaninin özünün bir neçə şeirində, o cümlədən Şirvanşah Axsitana yazdığı bir mədhiyyədə də “xolqan” sözünə yer verdiyini görürük:
تیغت که مطرا کرد این عالم خلقان را
خورشید لقب دادش قصار جهانداری
“Sənin qılıncın ki bu köhnə dünyanı təmizləyib yenilədi,
Günəş ona (qılınca) “qəssari-cahandar”(aləmi paklayan) adı verdi”.
Nizami Gəncəvinin “İskəndərnamə” poemasının “Xerədnamə” adlı hissəsinin başlanğıcındakı beytdə də “xolqan” sözü işlənmişdir.
از آن پس که خلقان او تازه کرد
به خلقش کرم بیش از اندازه کرد
“Daha sonra onun köhnəlmiş əyin-başını yenilədi və
Adamlarına artıqlaması ilə lütf və kərəm göstərdi”.
Qeyd etməliyik ki, Sənai, Ənvəri kimi fars şairlərinin yaradıcılığına nəzər saldıqda “xolqan” və “xolqani” sözlərinin gen-bol işləndiyini görürük, bu da həmin ifadələrin fars dilində yazan orta əsr şairlərinə yaxşı məlum olduğu deməkdir. Bundan əlavə, nəzərə almaq lazımdır ki, biz farsca yazan şairlərimizi təfəkkür baxımından türk-Azərbaycan kontekstindən dəyərləndirsək də dil, üslub və söz dağarcığı baxımından onlara fars ədəbiyyatı kontekstindən yanaşmalıyıq. Xaqani və Nizami kimi farsdilli şairlər özlərindən sonra bir çox qələm sahibinə təsir göstərdikləri kimi, özləri də əvvəlki əsrlərdə yaşayıb-yaratmış şairlərdən təsirlənmişlər və bu ədiblər əsasən Sənai və Firdovsi idi. Məhz haqqında bəhs olunan beytin düzgün şərhi da bizi Sənai yaradıcılığına yönləndirir. Sənai özünün “Hədiqətül-həqiqə” əsərinin bir neçə yerində “xolqan” sözünü işlətmişdir. Məsələn:
مرد را در لباس خلقان جوی
گنج در جایهای ویران جوی
“İnsanı köhnə paltar içində,
Xəzinəni isə xərabələr içində axtar”.
Başqa bir yerdə isə Sənainin bu misraları diqqətimizi çəkir:
گفت این جامه سخت خلقانست
گفت هست آن من چنین ز آنست
چون نجویم حرام و ندهم دین
جامه لابد بود چنین و چنین.
“Dedi: bu paltar çox köhnədir,
Dedi:mənim varlığımın belə olması elə ondandır.
Çünki haram dalınca qaçmıram, dini satmıram,
Paltarımın belə olması labüddür”.
Xaqaninin “xolqani” sözünü işlətdiyi məlum beytdə “an mərd”, yəni “o kişi” deyərək işarə etdiyi şəxsin də onun sənətini sevib, təsirləndiyi Sənai Qəznəvi olduğu aydınlaşır. Belə ki, Sənainin dövrün məddah şairlərini “xolqani”, yəni “köhnə paltar yamayan”, “yamaqçı” adlandırdığı misraları vardır. Onu da qeyd etməliyik ki, İran alimləri Əli Məhəmməd Səccadinin və Məhəmmədrza Türkinin bu beytlə bağlı ayrı-ayrılıqda yazılmış eyniadlı “Xaqani və Xolqani” məqalələri məsələyə aydınlıq gətirilməsi baxımından əhəmiyyətlidir. Əli Məhəmməd Səccadi Xaqani şeirində “xolqani” sözünün müsbət anlamda, “köhnə paltarlı dərviş” kimi izah edilməli olduğu fikrini irəli sürsə də, Məhəmmədrza Türki Sənai Qəznəvinin bu sözə öz tənqidi şeirində yer verdiyini əsas gətirmiş, Xaqaninin də “xolqani” ifadəsini özünüifşa məqamında işlədərək, Sənaiyə işarə etdiyini vurğulamışdır. M.Türki ümumiyyətlə, Sənai irsini “Xaqanini anlamağın açarı” hesab edir. Onun belə bir başlıqla adlanan məqaləsi də var. Sənainin misralarına nəzər saldıqda tədqiqatçının qənaətində haqlı olduğunu görürük. Sənai yazır:
چون ستودی بسی عدولان را
سخنی گوی بُلفضولان را …
یا طلبکار زرق و تزویرند
یا جهان را به حِسبه میگیرند
شعر برده به گازُر و جولاه
خواسته زو بهای کفش و کلاه
همچو خُلقانیان کهنپیرای
کرده یک شعر را دو گرده بهای…
“Hökm və ədalət sahiblərini artıq yetərincə mədh eləmisən,
Boşboğazlar barəsində də bir söz de (tənqid et)
Onlar ya yalan və riyakarlıq həvəsindədirlər,
Ya da zorla dünyanı, dünya nemətlərini tutub saxlamaq həvəsində.
Elələri paltaryuyanın, toxucunun (şeir qədrini bilməyənlərin) yanına şeir aparıb,
Onlardan papaq və ayaqqabı pulu istəyənlərdir.
Köhnə paltar yamayan yamaqçılar kimi
Onların bir şeirinin qiyməti ikicə çörək edir”.
Sənai keçmiş şairlərin tərzini təkrarlayaraq heç bir yenilik etməyən dövr şairlərini köhnə paltarları təmir edən yamaqçıya bənzədir. Xaqani məlum beytində məhz bu şeirə istinad edərək özünü də Sənainin tənqidinə tuş gələn həmin şairlərin cərgəsində gördüyünü deyir. Məlum olduğu kimi, Xaqani ictimai, fəlsəfi, lirik məzmunlu əsərlərlə yanaşı həm də saysız-hesabsız mədhiyyə müəllifi idi, saray şeirini təmsil edirdi və özünün bu səpkidəki fəaliyyətinə tənqidi münasibət bəsləyə biləcək zəkaya, mədəniyyətə, səmimiyyətə, ayıq-sayıq mövqeyə malik bir ədəbi sima, zaman-zaman özünə qarşı çıxan ziddiyyətli şəxsiyyət idi. “Mən “Xaqani” deyiləm, o kişinin dediyi kimi, həmin o köhnə paltar alıb-satan yamaqçıyam, Belə yaxşıdır, çünki yırtıq-yamaqlı geyinənlər zümrəsinə aidəm” deməsi də Xaqaninin bir böyük sənətkar qarşısındakı təvazökarcasına etirafının nümunəsi idi. Xaqani Şirvaninin dövrünün bir çox şairləri ilə mübahisələrinin olduğu, əsərlərində onları ağır sözlərlə kəskin tənqid etdiyi ədəbiyyat tədqiqatçılarına məlumdur. Mücirəddin Beyləqani, Əbülüla Gəncəvi, Rəşidəddin Vətvat şair tərəfindən xoşagəlməz ifadələrlə xatırlanan ədiblərdən yalnız bir neçəsidir. Başqa sözlə, Xaqani hər şeir yazanı şair hesab etmir, hər qələm sahibini öz rəğbətinə layiq görmürdü. Sənai Qəznəvi isə Xaqaninin ən sevdiyi, ən çox hörmət bəslədiyi şairdir. Əsərlərində ona çoxlu istinadlar etməsi, özünü onun davamçısı adlandırması buna sübutdur. Xaqani hətta qitələrindən birində Sənainin yerinə dünyaya gəldiyini qeyd edir.
بدل من آمدم اندر جهان سنایی را
بدین دلیل پدر نام من «بدیل» نهاد
“Mən bu dünyaya Sənainin əvəzinə gəlmişəm
Bu səbəbdən atam adımı “Bədil”(əvəz) qoymuşdur”.
Qitənin davamında şair Sənaini bülbül, özünü tuti adlandırır, Sənaini ömrü sona yetmiş reyhana, özünü isə yeni açmış qızılgülə bənzədir. Birinin Qəznədə, digərinin isə Şirvanda doğulan iki “sahir” – sehir yaradan iki söz sənətkarı olduğunu deyir. Bir sözlə, şeir sənətində boy göstərən heç bir şair Xaqani tərəfindən bu qədər rəğbətlə anılmadığı halda Sənai Qəznəvi zirvəyə qaldırılır, alqışlanır və ən əsası isə Xaqani yalnız onun qarşısında özünü tənqid etmə cəsarətini tapır, səmimi etiraflarını dilə gətirir. Bu da qüdrətli Şirvan şairinin zövqünü, sənətkar ruhunu oxşayan o həqiqi istedad qarşısında sadəlik, təvazökarlıq kimi böyüklük əlaməti sayılan cəhətlərinin üzə çıxması deməkdir.
Sonda Xaqani Şirvani dühasından doğan bir qədər incik, bir qədər təkəbbürlü, bir qədər də qürurlu şair obrazı arxasındakı zərif duyğulu, incə ruhlu sənətkar şəxsiyyətini, aşiq kimliyini əks etdirən lirik şeirlərindən bir nümunənin Azərbaycan dilinə filoloji tərcüməsini təqdim edirəm.
“Ey xublar şahı, belə xoş yerişlə nazlanaraq gedirsən, hara belə?!
Şam olub gizlincə pərvanələrin dalınca gedirsən, hara belə?!
...Qəlbimizi odlayıb gedirsən, acıqlı gəlib, gözəl yerişlə gedirsən,
Can sorağında xoş gedirsən, ey dirilik suyu, hara belə?!
Papağını əyri qoymuş, yaxasının düyməsi itmiş,
Qəbasının bəndi açılmış, hörükləri yerə dəyərək hara belə?!
Əcəbdir, ləl-cəvahirat axtarışında olan gecə oğruları şamdan qorxarlar,
Sən ey şam surətli, bu şəkildə gecənin bir yarısı qəlb oğurlamısan, hara belə?!”
Uzun müddətdir, üzərində işlədiyim filoloji tərcümələrin həm Xaqani Şirvaninin 900 illik yubileyinə kiçik bir töhfə olacağına, həm də şairin irsinin öyrənilməsi yolunda bundan sonra görüləcək işlərə işıq tutacağına ümid edirəm.
Filologiya elmləri doktoru, dosent Könül Hacıyeva
11:00 20.02.2026
Oxunuş sayı: 814