Azərbaycan və Serbiya: Qarşılıqlı etimada söykənən strateji müttəfiqlik
Son illərdə Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında yüksək səviyyəli siyasi dialoq və qarşılıqlı etimad mühiti formalaşıb. Azərbaycanın Avropa tərəfdaşları sırasında Serbiya ilə münasibətlər xüsusi yer tutur. Belə ki, Azərbaycan və Serbiya etibarlı strateji tərəfdaş olmaqla yanaşı, bütün siyasi və iqtisadi müstəvilərdə bir-birinin maraqlarını qətiyyətlə müdafiə edən dost dövlətlər kimi çıxış edirlər.
Azərbaycan Prezidenti İlham Əliyevin fevralın 15-də Serbiyaya rəsmi səfəri də bu baxımdan iki ölkə arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi istiqamətində mühüm siyasi hadisə kimi qiymətləndirilir.
Səfər çərçivəsində Prezident İlham Əliyev və Serbiya Prezidenti Aleksandar Vuçiç arasında həm təkbətək, həm də geniş tərkibdə görüşlər keçirilib. Görüşlər zamanı ikitərəfli əlaqələrin hazırkı vəziyyəti, qarşıda duran əsas vəzifələr, eləcə də regional və beynəlxalq gündəliyin aktual məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb. Bu müzakirələr bir daha göstərir ki, iki ölkə arasında formalaşmış siyasi dialoq və qarşılıqlı etimad münasibətlərin strateji səviyyəyə yüksəlməsini təmin edib.
Hazırda Azərbaycan ilə Serbiya arasında siyasi münasibətlər yüksək səviyyədədir və bu amil dövlətlərin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq hüququn norma və prinsiplərinə hörmət əsasında qurulub. Məhz bu prinsipial mövqe beynəlxalq təşkilatlar çərçivəsində də qarşılıqlı dəstək formatında öz əksini tapır.
Səfər zamanı müxtəlif sahələri əhatə edən bir sıra mühüm sənədlərin imzalanması mövcud müqavilə-hüquqi bazanın daha da zənginləşdirilməsinə xidmət edir. Belqradda Prezidentlərin iştirakı ilə iki ölkə arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq Sazişi, qaz-turbin elektrik stansiyasının layihələndirilməsi, tikintisi və idarə olunması haqqında Saziş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Serbiyanın İqtisadiyyat Nazirliyi arasında Anlaşma Memorandumu, həmçinin media və kommunikasiya sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu, 2026-2030-cu illər üçün mədəniyyət sahəsində Əməkdaşlıq Memorandumu, idman sahəsində Anlaşma Memorandumu, tibbi sığorta sistemləri sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. İmzalanmış sənədlər müvafiq sahələrdə əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur. Bu razılaşmalar strateji tərəfdaşlığın davamlı inkişafı üçün möhkəm zəmin yaradır. Azərbaycan ilə Serbiya arasında enerji sahəsində əməkdaşlıq xüsusi strateji əhəmiyyət daşıyır. Görüşlərdə də Azərbaycanın etibarlı enerji təchizatçısı kimi Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə xüsusi vurğulanıb.
Qeyd edilməlidir ki, Azərbaycan–Serbiya əməkdaşlığı Azərbaycanın Avropada artan rolunun bariz göstəricisidir. Eyni zamanda, Serbiya üçün bu tərəfdaşlıq Avropa İttifaqına inteqrasiya prosesində enerji təhlükəsizliyinin təmin olunması və siyasi balansın qorunması baxımından mühüm əhəmiyyət kəsb edir.
Azərbaycan və Serbiya dərin strateji tərəfdaşlıq münasibətlərinə malikdirlər. 2013-cü ilin fevralında “Azərbaycan Respublikası və Serbiya Respublikası arasında dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında Bəyannamə”, 2018-ci ilin mayında “Strateji tərəfdaşlıq üzrə Birgə Fəaliyyət Planı”, 2022-ci ilin noyabrında isə Strateji Tərəfdaşlıq Şurasının yaradılması haqqında Memorandum imzalanıb. Ümumilikdə iki ölkə arasında 57 sənədin imzalanması əməkdaşlığın güclü və sistemli hüquqi bazaya söykəndiyini göstərir.
Dövlət başçıları arasında formalaşmış səmimi və dostluq münasibətləri ölkələr və xalqlar arasında əlaqələrə də müsbət təsir göstərir. Liderlər arasında qarşılıqlı hörmət və etimad siyasi əməkdaşlığın genişlənməsinə, iqtisadi əlaqələrin güclənməsinə və mədəni mübadilələrin artmasına əlverişli şərait yaradır.
Bu münasibətlərin nəticəsi olaraq qarşılıqlı səfərlər, birgə layihələr və humanitar təşəbbüslər həyata keçirilir. Bu isə xalqların bir-birini daha yaxından tanımasına, ortaq dəyərləri bölüşməsinə və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə xidmət edir. Dostluq münasibətləri yalnız rəsmi səviyyədə deyil, həm də vətəndaşların gündəlik həyatında özünü göstərir. Turizm, təhsil və mədəniyyət sahələrində əməkdaşlıq xalqları daha da yaxınlaşdırır və dövlətlərarası münasibətlərin sabit, etibarlı əsaslar üzərində qurulmasına töhfə verir.
Səfər zamanı Prezident İlham Əliyev və Prezident Aleksandar Vuçiç arasında nümayiş etdirilən səmimi münasibətlər bu reallığın aydın təsdiqidir. Liderlər arasında mövcud dostluq xalqlarımız və dövlətlərimiz arasında qarşılıqlı etimadın və anlaşmanın yüksək səviyyəsini təcəssüm etdirir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Bizim təmaslarımız uzun illərdir ki, davam edir. Biz bir-birimizi yaxından tanıyırıq, səmimi söhbətlər aparırıq və dostluq münasibətlərimiz var”.
Azərbaycan ilə Serbiya arasında yüksəksəviyyəli ikitərəfli münasibətlərin daha bir göstəricisi Azərbaycan Prezidentinin səfərinin Serbiyanın milli bayramı – Dövlətçilik Gününə təsadüf etməsidir. Prezident İlham Əliyev bu məqama diqqət çəkərək bildirib ki, biz bunu iki ölkə arasında yüksək münasibətlərin təzahürü kimi qiymətləndiririk və “Serbiya və Azərbaycan – iki dost ölkə daim bir-birinin yanındadır”.
Prezident Aleksandar Vuçiç isə Strateji Şuranın iclasını ikitərəfli münasibətlərdə dönüş nöqtəsi kimi dəyərləndirərək bunun ən yüksək strateji səviyyəyə yüksəlmək üçün birgə siyasi iradənin ifadəsi olduğunu vurğulayıb: “Bu iclas ikitərəfli münasibətlərimizdə dönüş nöqtəsidir və ölkələrimiz arasında münasibətlərin ən yüksək strateji səviyyəyə qaldırılması üçün birgə siyasi iradənin bariz nümunəsidir. İcazənizlə xatırladım ki, bu Şura əziz dostum, Prezident İlham Əliyevlə formalaşdırdığımız birgə mövqedən və razılaşmadan qaynaqlanır. Serbiya Respublikası yalnız az sayda ölkələrlə bu cür formatda görüşlər keçirir”.
Səfər çərçivəsində keçirilən görüşlər, imzalanan sənədlər və əldə olunan razılaşmalar göstərir ki, Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasındakı münasibətlər bütün istiqamətlər üzrə dinamik inkişaf edir. Serbiya–Azərbaycan Strateji Şurasının birinci iclasında məsələlərin geniş spektrdə müzakirə olunduğunu bildirən Prezident İlham Əliyev vurğulayıb ki, “mənim rəsmi səfərimin nəticələri özünü çox gözlətməyəcək. Biz yaxın gələcəkdə yenə də bir-birimizlə görüşəcəyik”.
Beləliklə, Prezident İlham Əliyevin Serbiyaya səfəri zamanı səsləndirilən dostluq və həmrəylik mesajları iki ölkə arasında münasibətlərin yalnız rəsmi çərçivədə deyil, eyni zamanda səmimi və qarşılıqlı etimada əsaslanan müstəvidə inkişaf etdiyini nümayiş etdirir. Müəyyənləşdirilmiş yeni istiqamətlər Azərbaycan–Serbiya tərəfdaşlığının qarşıdakı illərdə daha da genişlənəcəyini və məzmun etibarilə yeni mərhələyə qədəm qoyacağını deməyə əsas verir.

Aytən Qurbanova
YAP Yasamal rayon "H.B.Zərdabi pr.61" (19 saylı Şəhər Poliklinikası) ünvanı üzrə ərazi partiya təşkilatının sədri, 19 saylı Şəhər Poliklinikasının baş həkimi
09:50 20.02.2026
Oxunuş sayı: 502