Süni intellekt insanı ilk dəfə şahmatda məğlub edib
Şahmat sadəcə taxta üzərində fiqurların hərəkəti deyil, düşüncənin, səbrin və uzaqgörənliyin sınağıdır.
İki oyunçunun üz-üzə gəldiyi bu strateji oyun əsrlərdir insanları öz cazibəsində saxlayır. Yaşından asılı olmayaraq hər kəsin anlaya biləcəyi qaydaları var, amma ustalaşmaq üçün illər lazımdır. Elə buna görə də şahmat həm uşaq oyunu, həm də dahilərin məşğuliyyəti sayılır.
Bu oyun 8x8 ölçülü, yəni 64 xanalı lövhə üzərində oynanılır. Hər oyunçu oyuna 16 fiqurla başlayır: bir şah, bir vəzir, iki top, iki fil, iki at və səkkiz piyada.
Məqsəd sadə görünsə də, olduqca məsuliyyətlidir — rəqibin şahını elə vəziyyətə salmaq lazımdır ki, onun xilas yolu qalmasın. Bu vəziyyət “mat” adlanır və oyun həmin an bitir. Bəzən isə tərəflər üstünlük qazana bilmədikdə oyun heç-heçə ilə başa çatır.
Şahmatda ilk gedişi həmişə ağ fiqurlar edir və bundan sonra oyunçular növbə ilə bir gediş edirlər. Hər fiqurun özünəməxsus hərəkət qaydası var və bu qaydalar oyunun məntiqini formalaşdırır.
Şah ehtiyatla hərəkət edir, vəzir lövhənin ən güclü fiquru sayılır, toplar düz xətlərlə, fillər diaqonallar üzrə irəliləyir, at isə digərlərindən fərqli olaraq “L” formasında tullanır. Piyadalar isə sadə görünsə də, oyunun taleyini dəyişə biləcək gücə malikdir.
Şahmatın maraqlı cəhətlərindən biri də ondadır ki, burada təsadüf anlayışı yoxdur. Zər, kart və ya şans amili oyuna təsir etmir. Qələbə yalnız düşüncə, düzgün hesablanmış strategiya və soyuqqanlı qərarlarla qazanılır. Məhz buna görə şahmat riyaziyyat, psixologiya və hətta informatika ilə sıx bağlıdır.
Tarixçilər şahmatın dəqiq harada yarandığı barədə yekdil fikirə gələ bilməsələr də, oyunun köklərinin Hindistana gedib çıxdığı qəbul edilir. Təxminən IV–VI əsrlərdə “Çaturanga” adlı oyun sonradan İrana keçmiş, burada “çatranq” adını almış, ərəb dünyasında isə “sətrənc” kimi tanınmışdır.
Avropaya yol tapan şahmat xüsusilə İspaniya üzərindən bütün qitəyə yayılmış və XV əsrdə indiki formasını almağa başlamışdır. Məhz bu dövrdə vəzir və fil daha güclü fiqurlara çevrilmiş, oyun daha dinamik və sürətli olmuşdur.
XIX əsrə gəldikdə isə şahmat artıq peşəkar səviyyəyə yüksəlmişdi. İlk beynəlxalq turnirlər təşkil olunmuş, 1886-cı ildə isə ilk rəsmi dünya çempionu müəyyən edilmişdi. Bu titulun sahibi Vilhelm Steynits olmuşdu və o, şahmatın elmi əsaslarla oynanılmasının banisi sayılır.
Bu gün dünya şahmatına nəzarət edən əsas qurum FIDE-dir. Məhz bu təşkilat dünya çempionatlarını, qaydaları və reytinq sistemini müəyyən edir.
Şahmat tarixində parlaq iz qoymuş dahilər arasında Harri Kasparov, Anatoli Karpov, Bobi Fişer və Maqnus Karlsen kimi adlar xüsusi çəkilir. Onların oyunları bu gün də dərs vəsaiti kimi öyrənilir.
Şahmat təkcə insan zəkasının məhsulu olaraq qalmayıb, texnologiyanın da sınaq meydanına çevrilib. 1997-ci ildə IBM şirkətinin yaratdığı Deep Blue kompüteri Kasparovu məğlub edərək tarixə düşmüşdü. Bu hadisə süni intellektin inkişafında dönüş nöqtəsi sayılır. Bu gün şahmat proqramları insanları xeyli üstələyir və oyun nəzəriyyəsinin inkişafına böyük töhfə verir.
Azərbaycanda şahmat həmişə xüsusi hörmətə malik olub. Ölkəmiz dünya səviyyəli ustalar yetişdirib və bu ənənə bu gün də davam edir. Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov və mərhum Vüqar Həşimov Azərbaycan şahmatını beynəlxalq arenada tanıdan adlardandır. Onların uğurları gənc nəsil üçün həm motivasiya, həm də yol xəritəsidir.
Bu gün şahmat evlərdə, məktəblərdə, klublarda və onlayn platformalarda oynanılır. Uşaqlar üçün düşünmə bacarığını inkişaf etdirən vasitə, böyüklər üçün isə zehni məşq rolunu oynayır. 64 xananın içində bəzən bir həyat dərsi, bəzən də bir insanın xarakteri gizlənir. Elə buna görə şahmat sadəcə oyun deyil- bu, düşünməyin sənətidir.
Fatimə Məmmədova
01:27 20.02.2026
Oxunuş sayı: 437