Azərbaycanla Türkiyə arasında təhsil sahəsində yeni razılaşmalar əldə olunacaq -MÜJDƏ
"Türkiyə ilə bir çox sahələrdə əməkdaşlıq daha da genişləndirilməlidir. Xüsusilə təhsil sahəsində çox sıx əməkdaşlığa ehtiyac var. Əlbəttə ki, iqtisadi, ticarət və digər müxtəlif sahələrdə də müəyyən əlaqələr mövcuddur, lakin təhsil sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsi vacibdir. Məncə, Türkiyə universitetlərinin təcrübəsi Azərbaycanda daha geniş şəkildə paylaşılmalıdır. Eyni zamanda, böyük sayda türk universitetlərinin Azərbaycanda filiallarının açılması, ən azından təmsilçilik və ya bölmələrinin fəaliyyət göstərməsi məqsədəuyğun olardı. Burada təhsil alan tələbələrin diplomlarının Türkiyədə də rahat şəkildə tanınması üçün daha geniş imkanlar yaradılmalıdır. Bu istiqamətdə real və funksional mexanizmlərin formalaşdırılması mühüm əhəmiyyət daşıyır”.
Azərbaycan və Türkiyə qardaş dövlət olaraq siyasi, iqtisadi, mədəni və digər bütün mövzularda bütün dünyaya qardaşlıq nümunəsi olacaq şəkildə əməkdaşlıq edir. Xüsusilə də siyasi sferada bir-birini daim dəstəkləyən iki qardaş ölkə bu münasibətlərini digər bütün sahələrdə də qarşılıqlı əlaqələrlə göstərmiş olur. Təbii olaraq, ölkələr arasında elmi sahədə də əməkdaşlığın olması, onların daha dərin və sıx bağlar qurmasını bir daha sübut edir. Ötən gün politoloqlardan biri qeyd edib ki, Azərbaycan və Türkiyə arasında təhsil sahəsində əməkdaşlığa ehtiyac var.
Təhsil eksperti Elçin Əfəndi bu barədə Crossmedia.az-a danışıb: "Hesab olunursa ki, Türkiyə və Azərbaycan arasında təhsil sahəsində kifayət qədər sıx əlaqələr və ciddi əməkdaşlıq yoxdur və bizim hər hansı bir əməkdaşlığa ehtiyacımız var , bunun üçün ya bu əlaqələrdən ümumiyyətlə məlumatsız olmaq lazımdır, ya da ki, bu barədə heç bir anlayış olmamalıdır. Birinci növbədə, ölkəmizdə cənab Prezidentin müvafiq sərəncamı ilə Türkiyə-Azərbaycan Universiteti yaradılıb. Artıq üçüncü ildir ki, biz oraya tələbə qəbulu həyata keçiririk. Nüfuzlu Türkiyə ali təhsil müəssisələrinin proqramları əsasında (biri ikili diplom proqramı olmaqla) kadr hazırlığı aparılır. Nümunə olaraq qeyd edim ki, tələbələr Türkiyə-Azərbaycan Universitetində təhsil alarkən əsasən birinci ixtisas qrupunda yer alan ixtisaslara üstünlük verirlər. Bura kompüter mühəndisliyi, qida mühəndisliyi və bu kimi sahələr daxildir. Bu kadrların hazırlanmasında, məsələn, kompüter mühəndisliyi üzrə İstanbul Texniki Universiteti, qida mühəndisliyi üzrə Hacettepe Universiteti, sənaye mühəndisliyi üzrə isə Orta Doğu Texniki Universiteti ilə birgə kadr hazırlığı həyata keçirilir".
Ekspert onu da qeyd edib ki, iki dövlətin ali təhsil müəssisələri arasında da əlaqələr kifayət qədər yüksək səviyyədədir:
"Bundan əlavə, bir sıra universitetlərimiz də Türkiyə ilə sıx əməkdaşlıq edir. Məsələn, Gəncə şəhərində yerləşən Azərbaycan Dövlət Aqrar Universiteti Ege Universiteti ilə ikili diplom proqramı əsasında kadr hazırlığı reallaşdırır. Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Azərbaycan Texniki Universiteti də Ankara Universiteti ilə əməkdaşlıq edir. Yəni Türkiyə ilə təhsil sahəsində kifayət qədər geniş əməkdaşlığımız mövcuddur. Eyni zamanda, Azərbaycan Texniki Universitetində təhsil istiqamətində inteqrasiya və həmin proqramların tətbiqi uğurla icra olunur. Həmçinin ölkəmizdə Türkiyə Dəyanət Vəqfinin nəzdində olan təhsil müəssisələri də fəaliyyət göstərir. Yəni dediyim kimi, təhsil sahəsində kifayət qədər ciddi əməkdaşlığımız var. Sadəcə olaraq, bu əməkdaşlığı daha da genişləndirmək, coğrafiyasını böyütmək və bu prizmadan çıxış etmək mənə görə daha maraqlı və məntiqlidir. Eyni zamanda, müəllim-tələbə mübadiləsinin aparılması, bizim tələbələrin Türkiyədə təhsil alması kimi istiqamətlərdə işlərin görülməsi vacibdir. Amma hal-hazırkı vəziyyəti də qənaətbəxş hesab etmək olar. Qalır yalnız bu əlaqələrin gələcəkdə daha da dərinləşdirilməsi məsələsi. Yəqin ki, zamanla bu istiqamətdə hər iki ölkənin təhsil siyasətinə uyğun olaraq, Elm və Təhsil nazirlikləri arasında müvafiq əməkdaşlıq çərçivəsində yeni razılaşmalar əldə olunacaq."
Turqut Ansari
19:42 26.05.2026
Oxunuş sayı: 64