İran müharibəsi Trampın komandasını parçaladı? Vensdən etiraf
ABŞ-nin vitse-prezidenti Cey Di Vens Prezident Donald Trampla İran müharibəsi məsələsində fikir ayrılığı yaşamış ola biləcəyini bildirib.
Crossmedia.az xəbər verir ki, Vens bu barədə Ağ Evin keçmiş sözçüsü Şon Spayserin aparıcılıq etdiyi siyasi tok-şouda danışıb.
“Prezidentlə hansısa məsələdə razılaşmamaq mümkündür. Düşünürəm ki, mənim də onunla bu məsələdə fikir ayrılığım olub”, – deyə vitse-prezident bildirib.
Vens bu açıqlamanı İran müharibəsini sərt tənqid edən siyasi şərhçi və Trampın keçmiş müttəfiqi Taker Karlsonla münasibətləri barədə suala cavab verərkən səsləndirib.
Qeyd edək ki, Karlson İranla müharibənin ABŞ-nin deyil, İsrailin maraqlarına xidmət etdiyini iddia edir. O, həmçinin hərbi əməliyyatların Trampın bahalı xarici müdaxilələrdən çəkinmək barədə əvvəlki vədlərinə zidd olduğunu bildirir.
Vitse-prezident Karlsonun müharibədən ciddi narazılıq keçirdiyini və onun mövqeyini başa düşdüyünü vurğulayıb.
“Takerlə bu barədə həm şəxsi söhbətlərimizdə, həm də ictimai müzakirələrdə danışmışıq. Onun nə düşündüyünü bilirəm və mövqeyini anlayıram”, – deyə Vens qeyd edib.
Bununla belə, ABŞ vitse-prezidenti İran müharibəsi ilə bağlı fikir ayrılıqlarının Tramp administrasiyasının digər fəaliyyətlərinə verilən qiyməti kölgədə qoymamalı olduğunu bildirib.
Vens sərhəd təhlükəsizliyi və universitetlərə qəbul siyasəti kimi məsələlərdə Trampın fəaliyyətinin də nəzərə alınmasının vacibliyini vurğulayıb.
10:21 17.10.2026
Oxunuş sayı: 52