Məktəbəhazırlıq əlavə yük deyil: Uşaqların gələcək təhsilində mühüm mərhələ
Məktəbəhazırlıq mərhələsi uşaqların ibtidai təhsilə keçidində mühüm rol oynayır. Azərbaycan qanunvericiliyinə əsasən, beş yaşlı uşaqlar üçün məktəbəhazırlıq zəruri hesab olunur. Bu mərhələdə uşaqların yalnız ilkin bilik və bacarıqlarının deyil, həm də ünsiyyət, müstəqillik, kollektivə uyğunlaşma və öyrənməyə maraq kimi keyfiyyətlərinin inkişafı nəzərdə tutulur. Elm və Təhsil Nazirliyinin məlumatına görə, 2025–2026-cı tədris ilində ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarını 86 432 uşaq bitirib. Bu rəqəm məktəbə keçid öncəsi hazırlığın minlərlə uşaq üçün əhəmiyyətini göstərir. Əsas məsələ isə bu mərhələnin uşaqları yalnız dərsə deyil, yeni sosial mühitə və məktəb həyatının gündəlik tələblərinə nə dərəcədə hazırlamasıdır.
Təhsil eksperti Elçin Əfəndi Crossmedia.az-a açıqlamasında məktəbəqədər təhsilin əhəmiyyətindən danışıb və bütün məktəbəqədər yaşlı uşaqların bu mərhələyə cəlb olunmasının vacibliyini vurğulayıb.

Ekspert bildirib ki, məktəbəqədər təhsil uşaqların növbəti təhsil pilləsinə daha yaxşı hazırlaşmasına kömək edir: “Məktəbəqədər hazırlıqda başlıca məqsəd həmin yaşa çatmış bütün uşaqların təhsil prosesinə cəlb olunmasıdır. Bu təhsil təkcə ölkəmiz üçün deyil, dünyanın əksər ölkələri üçün strateji əhəmiyyət daşıyır”.
Onun sözlərinə görə, məktəbəqədər təhsil zamanı uşaqlarda ilkin bilik və bacarıqlar formalaşır. Bu da onların ibtidai təhsilə başlayarkən tədris prosesinə uyğunlaşmasını asanlaşdırır: “Uşaqlar növbəti təhsil pilləsinə keçərkən artıq müəyyən bilik və bacarıqlara yiyələnmiş olurlar. Məktəbəqədər təhsil onların tədris prosesinə uyğunlaşmasına müsbət təsir göstərir. Buna görə də bu mərhələnin əlavə yük kimi qiymətləndirilməsi düzgün deyil”.
Elçin Əfəndi valideynlərin məktəbəqədər təhsilə xüsusi diqqət yetirməli olduğunu da vurğulayıb. O qeyd edib ki, dövlət tərəfindən bu sahənin inkişafına önəm verilir və dövlət-özəl tərəfdaşlığı çərçivəsində özəl təhsil müəssisələrində də dövlət büdcəsi hesabına məktəbəqədər təhsil almaq imkanları yaradılır.
Nigar Xəlilli
12:00 17.10.2026
Oxunuş sayı: 51