Cümə günü ayın 13-ü: bir qorxunun tarixi
Cümə günü ayın 13-ü Qərb mədəniyyətində ən məşhur uğursuzluq simvollarından biridir. Bu tarix əsrlər boyu dini mətnlərdən, mifoloji süjetlərdən, siyasi hadisələrdən və nəhayət, müasir pop-mədəniyyətdən qidalanaraq kollektiv şüurun bir hissəsinə çevrilib. Bu günlə bağlı qorxunun hətta xüsusi elmi adı mövcuddur – paraskavedekatriafobiya.
Lakin bu fenomenin arxasında sadəcə bir xurafat deyil, həm də müəyyən tarixi gerçəkliklər. Cümə günü ayın 13-ü anlayışı iki fərqli simvolun – “Cümə” və “13” rəqəminin – birləşməsindən yaranmış kompleks mədəni konstruksiyadır. Hər iki element ayrı-ayrılıqda müxtəlif sivilizasiyalarda mənfi məna qazanıb, daha sonra isə birləşərək daha güclü simvolik təsir yaradıb.
Tarixi və mifoloji baxımdan 13 rəqəmi qədim dövrlərdən bəri ziddiyyətli məna daşıyır. Bir çox mədəniyyətlərdə 12 rəqəmi tamlıq və kosmik harmoniya ilə əlaqələndirilirdi. 12 ay, 12 bürc, 12 saatlıq sistem, 12 Olimpiya tanrısı – bütün bunlar kainatın nizamını ifadə edən strukturlar idi. 12 rəqəmi “tam sistem” demək idi. Bu sistemə əlavə olunan 13-cü element isə artıq nizamın pozulması, harmoniya strukturunun sarsılması kimi qəbul edilirdi.
Qədim Mesopotamiya və Babil təqvim sistemlərində 12-lik struktur əsas idi. Əlavə ay və ya artıq gün anlayışı müəyyən ritual qorxularla müşayiət olunurdu. Bu baxımdan 13 rəqəmi “nizamsızlıq” və “artıqlıq” simvolu kimi formalaşdı.
Qədim Roma mədəniyyətində bəzi dini mərasimlərdə 13 sayının uğursuz hesab edilməsi barədə qeydlər mövcuddur. Roma təqvim sistemində müəyyən günlər “dies nefasti” – yəni hüquqi və ictimai fəaliyyət üçün uğursuz günlər hesab edilirdi. Bu anlayış sonradan xristian Avropasında Cümə gününə də şamil olundu.
Skandinaviya mifologiyasında isə 13 rəqəmi ilə bağlı maraqlı motiv mövcuddur. Valhallada 12 tanrının qatıldığı ziyafətə gözlənilmədən hiyləgər tanrı Loki 13-cü qonaq kimi gəlir. Onun fitnəsi nəticəsində işıq və saflıq tanrısı Baldr öldürülür. Bu mifoloji süjet də “13-cü iştirakçı”nın faciə gətirməsi ideyasını gücləndirir.
Diqqət etsək görərik ki, sonralar eyni motiv xristian ənənəsində təkrarlandı. 13 rəqəminin mənfi obrazı isə əsasən İncil-də təsvir edilən Sonuncu Şam Yeməyi ilə əlaqələndirildi. Süfrə arxasında İsa Məsih və onun 12 həvarisi vardı. 13-cü şəxs – Yəhuda İskaryot – İsanı satdı və nəticədə peyğəmbər çarmıxa çəkildi. Yəni xristianlıqda Baldrı İsa Məsih, Lokini isə Yahuda əvəz etdi.
Bu mifoloji və dini süjetlər isə nəticədə qərb mədəniyyətində 13 rəqəmini xəyanət və ölüm simvoluna çevirdi. Orta əsrlər Avropasında bir süfrə arxasında 13 nəfərin oturması uğursuzluq əlaməti sayılırdı.
Cümə gününün özü də ayrıca mənfi simvolizm qazanıb. Xristian inancına görə, İsa Məsih məhz Cümə günü çarmıxa çəkilib. Bu hadisə “Müqəddəs Cümə” kimi qeyd olunsa da, eyni zamanda matəm və əzab simvolu kimi qəbul olunub. Orta əsrlərdə Cümə günü yeni işə başlamaq, səyahətə çıxmaq və ya maliyyə qərarı vermək tövsiyə olunmurdu.
Xalq inanclarında Adəmlə Həvvanın Cənnətdən qovulmasının, Habilin Qabil tərəfindən öldürülməsinin və Nuh tufanının Cümə günü baş verdiyi barədə rəvayətlər mövcuddur. Burada bir vacib məqamı da qeyd etmək yerinə düşər ki, səmavi dinlərin hamısında axirət gününün məhz cümə günü baş verəcəyi ilə bağlı inanc mövcuddur. Bu inanclar rəsmi teoloji mənbələrdə təsdiqlənməsə də, xalq şüurunda Cüməni “sınaq günü” kimi formalaşdırır.
Cümə günü ayın 13-ü ilə bağlı ən məşhur tarixi hadisə 1307-ci ilin 13 oktyabr tarixidir. Həmin gün Fransa kralı IV Filipp-in əmri ilə Tamplier Ordeni üzvləri kütləvi şəkildə həbs edildi. Onlar bidətçilik və xəyanət ittihamı ilə işgəncələrə məruz qaldılar. Ordenin rəhbərlərindən biri – Jak de Mole – sonradan edam edildi. Bu hadisə orta əsr Avropasında böyük sarsıntı yaratdı və zamanla mistikləşdirilərək “lənətli Cümə” narrativinə çevrildi.
Tarixi faktlar göstərir ki, bu hadisə daha çox siyasi və maliyyə motivli idi. Lakin yaddaşda bu gün mistik çalar qazandı və 13-cü Cümə ilə bağlı qorxuların sistemləşməsinə təkan verdi.
XIX əsrin sonu və XX əsrin əvvəllərində sənayeləşmə və şəhərləşmə artdıqca, xurafatlar mətbuat və ədəbiyyat vasitəsilə geniş yayıldı. 1907-ci ildə Thomas W. Lawson tərəfindən yazılmış “Cümə, on üçü” romanı böyük maraq yaratdı nəticədə mövzu bu adi təqvim gününü simvolik məna ilə daha da gücləndirildi.
1980-ci ildə ekranlara çıxan “Cümə, on üçü” filmi isə Cümə günü ayın 13-ünü qlobal pop-mədəniyyət fenomeninə çevirdi. Film seriyası qorxu janrının klassikasına çevrildi və bu tarixi kommersiya brendi səviyyəsinə yüksəltdi.
Psixoloji baxımdan bu qorxu kütləvi şüurun seçici mexanizmləri ilə bağlıdır. İnsanlar mənfi hadisələri müəyyən simvola bağlamağa meyllidirlər. Əgər bir insan Cümə günü ayın 13-də uğursuzluq yaşayırsa, bunu təsadüf kimi deyil, “tarixin təsiri” kimi şərh edə bilər. Halbuki statistik araşdırmalar bu tarixdə qəza və ya ölüm hallarının digər günlərdən əhəmiyyətli dərəcədə fərqlənmədiyini göstərir.
Maraqlıdır ki, bəzi ölkələrdə hotellərdə 13-cü mərtəbə nömrələnmir, bəzi təyyarələrdə 13-cü sıra yoxdur. Bu isə rasional cəmiyyətlərdə belə kollektiv miflərin institusional davranışa təsir edə bildiyini göstərir.
Digər mədəniyyətlərdə uğursuz sayılan tarixlər fərqlidir. İspan və Latın Amerikası ölkələrində Çərşənbə axşamı ayın 13-ü uğursuz hesab edilir. İtaliyada 17 rəqəmi mənfi məna daşıyır. Çin və Yaponiyada isə 4 rəqəmi ölüm sözünə fonetik oxşarlığı səbəbilə qorxulu sayılır.
Cümə günü ayın 13-ü mifologiya, din, orta əsr siyasəti və müasir media təsirinin birləşməsindən yaranmış sosial fenomendir. Bu tarix real təhlükədən çox, insan şüurunun yaratdığı simvolik qorxunun məhsuludur. Onu xüsusi edən təqvim deyil, ictimai yaddaşdır.
13:30 13.02.2026
Oxunuş sayı: 591