Türkologiya - Rusiya şərqşünaslığında
2015-ci ildə, Ukraynanın tanınmış
Xarkov Universitetində, həmkarım dosent Knyaz Aslanla birlikdə konfransda
iştirak zamanı Kazan Universitetinin “Mərkəzi Elmi Kitabxanasının” direktorunun “Milli-elmi irsin toplanması və mühafizəsi” ilə əlaqədar məruzəni dinlədik.
Diqqətimizi cəlb etdi ki, məşhur Kazan Universitetinin şərq fondunun
formalaşması haqqında danışan tədqiqatçı Mirzə Kazım bəyin adını çəkmir və xidmətlərini
qeyd etmir. Təbii olaraq ondan Mirzə Kazım bəyin xidmətlərini hansı səbəbdən
qeyd etmədiyini soruşduq. Məlum oldu ki, natiq uzun müddət bu elmi müəssisəyə rəhbərlik
etsə də Mirzə Kazım Bəyi tanımır.
Rus-sovet alimlərinin sovet xalqlarını “öyrədən” imici və formalaşmış steriotiplərlə tanış olduğumuz səbəbindən çox da təəccüb etmədik. Mirzə Kazım Bəyin rusiya şərqşünaslığının yaradıcısı kimi təqdim edilməsi bu steriotipləri dağıtmış olurdu. Təbii ki, Mirzə Kazım Bəy haqqında məlumat verdik və 1970-ci illərdə böyük tirajla Bakıda rus dilində çap olunmuş “Mirzə Kazım Bəy” kitabının elektron versiyasını konfrans iştirakçılarına təqdim etdik. Bu mənzərə bir daha göstərdi ki, rus-sovet elmində millətçi-namenklatur yanaşmaya qarşı alternativ və əsaslandırılmış elmi mövqe qoymaq vacibdir.

Ruslar türkologiya sahəsi ilə XIX əsrin
birinci yarısında şərqşünaslığın tərkib hissəsi kimi tanış oldular. Bu sahədə
Azərbaycan alim və mütəfəkkirlərinin böyük rolu oldu.
Mirzə Kazım Bəy (Rusiyada - Александр Касимович Казем-Бек) 1801-ci ildə anadan
olmuş və yetkinlik yaşına çatanda repressiya olunmuş atasının sorağı ilə Rusiyaya getmişdi.
Məşhur
şərqşünas V.V.Qriqoryevin fikrincə, Kazım Bəy Rusiyada Şərq tədqiqatını
elmi, akademik əsasda quranlardan biri idi və Şərq üzrə rus tədqiqatlarını Qərbi
Avropa şərqşünaslarının tədqiqatlarına bərabər səviyyəyə, bəzən isə onları üstələyən
yüksəkliyə qaldırdı. Akademik A.N.Kononov
qeyd edir ki, Kazım-Bəy "Avropa tədqiqatlarını Şərq tədqiqatları ilə birləşdirib.
Eləcə də o, Azərbaycan, fars, rus, tatar, türk, ərəb, ingilis və fransız dillərində
səlis danışır və yazır, həmçinin alman və ivrit dillərini də bilirdi.
Mizə Kazım bəy 1823-cü ildən Kazan
universitetində dərs deməyə başlayanda özünün universitet təhsili yox idi.
Kazan Universitetində şərqşünaslıq məktəbini yaratmış və Sank-Peterburq
Universitetinin şərqşünaslıq fakültəsinin ilk dekanı olmuşdu.
1826-cı ilin əvvəllərində Omskdakı yeni
təyinatına gedərkən Kazım-Bək Kazana gəlir. Xəstəlik səbəbindən orada bir qədər
qalmalı olur və Kazan Universitetinin rektoru, professor K.F.Fuxla görüşdü. O, gənc müəllimi Kazanda qalmağa, ərəb və fars dillərini tədris etməyə dəvət etdi. 1826-cı ilin 30 yanvarından Kazım Bəy müəllimlik karyerasına gimnaziyada
başladı. 1826-cı ilin iyul ayında Kazan Universitetinin
Ədəbiyyat Elmləri Kafedrası Kazım-Bəy üçün şərq dillərindən imtahan keçirdi və
bundan sonra rektor professor K.F.Fuxs Rusiya Xarici İşlər Nazirliyindən onu Kazan
Universitetinə köçürülməsinə icazə verməyi xahiş etdi. Elə həmin il oktyabrın
31-də M.Kazım Bəy universitetə ərəb və fars dilləri üzrə baş müəllim təyin edildi.
1828-ci ildə Kazan Universitetində
Kazım-Bəyin rəhbərlik etdiyi Türk-Tatar Dili Kafedrası yaradıldı. O vaxtdan
etibarən universitetdə dörd dildə - ərəb, fars, türk və tatar dillərində dərs
deməyə başladı. O, həmçinin özünü geniş tədqiqata həsr etdi. 1830-cu ildə
Kazım-Bəyə professor rütbəsi
verildi. 1831-ci ildə alim fars dilində "Ərəb dili və ədəbiyyatı tarixinə
baxış" adlı esse yazdı. Bu əsərə dair rəylərə əsasən Xalq Təhsili
Nazirliyi Kazım-Bəyin magistr dərəcəsini və Şərq ədəbiyyatı üzrə köməkçi rütbəsini
təsdiqlədi. Artıq Avropada tanınmış şərqşünas olan Kazım Bəy, 1829-cu ildə
Böyük Britaniya Kral Asiya Cəmiyyətinin üzvü, 13 dekabr 1835-ci ildə isə Rusiya
Elmlər Akademiyasının müxbir üzvü seçildi. 1836-cı ildə Kazım-Bəy Kazan
Universitetində fövqəladə professor vəzifəsinə yüksəldi və 1837-ci ildə
Türk-Tatar Dili Kafedrasında tam professor seçildi. Həmin vaxtdan etibarən,
1844-cü il tarixli "Kazan İmperator Universitetinin Hesabatı..."na
görə, Kazım Bəy dərs deməyə davam edib.
O, 26 yaşında Londonda Kral Asiya Cəmiyyətinin
həqiqi üzvü seçildi və iki il sonra fars dilində ərəb filologiyası üzrə əsərinə
görə Şərq ədəbiyyatı üzrə magistr dərəcəsi alır. Alim ömrünün sonuna qədər
Rusiya Elmlər Akademiyasının müxbir üzvü və Şərq ədəbiyyatı üzrə fəxri doktor
titullarını daşıyır.
Görkəmli alim, akademik V.Bartold
yazırdı ki, Senkovcki və Mirzə Kazım bəy rus şərqşünaslıq məktəbini yaratdılar
və Rusiyanın bütün şərqşünasları Senkovski və Mirzə Kazım bəyin şagirdləri və
ya onların yetirmələri olmuşdu. O.Senkovski polyak, Mirzə Kazım bəy isə azərbaycanlı
idi. Hər ikisinin Rusiya imperiyasında mürəkkəb bir həyatları olmuşdu.
O.Senkovskini Rusiya imperiyasına xidmət etdiyinə görə Polşada sevmirdilər,
Mirzə Kazım bəyə isə rus siyasi elitası etimad etmir, onun ilk fürsətdə Rusiyadan qaçacağını düşünürdülər.
Rus alimlərinin türkologiya sahəsində ilk kitabı, əhatəli rusca-türkcə lüğəti 1828-ci ildə nəşr olunmuşdur. Bu lüğət məşhur şərqşünas və yazıçı O. İ. Senkovski tərəfindən tərtib edilmiş və onun "Türkiyə yürüşlərində rus əsgərləri üçün cib kitabı" adlanır. Lüğətə ən çox istifadə olunan təxminən 4000 söz daxil edilmişdi.

1822-ci ildə Osip İvanoviç Senkovski
(1800–1858) Sankt-Peterburq Universitetində tam professor təyin edilir. Bir il əvvəl
o, Türkiyə, Suriya və Misirdən keçərək səfərlər etmiş və Sank-Peterburqa gəlmişdi.
Burada o, ərəb və türk dillərini öyrənmək istəyən tələbələrə tədris etməyi öhdəsinə
götürür. Senkovski Universitetdə düz 25 il (1822–1847) ders deyir, bunun 17
ilini 1839-cu ilə qədər türk dilinin öyrənilməsi və tədrisinə həsr edir.
1824-cü ildən sonra Universitetin fakültə cədvəlləri və tədris etdikləri kursların tədris planları haqqında əsas məlumat mənbəyi olan "Elmlərin İctimai Tədrisi Elanlar"ı nəşr etdirilir. Elanlar jurnalının ilk sayında Senkovskinin Buxara tarixi haqqında əvvəllər məlum olmayan farsca əsəri, Məhəmməd Yusif Münşinin fransızca tərcüməsi olan "Hunlar, türklər və moğollar haqqında ümumi tarixə əlavə" adlı kitabı yer alır. Türkologiya ilə əlaqəsi olmasa da, bu əsərin nəşri Sankt-Peterburq Universitetində elmi nəşrlərin başlanğıcını qoyduğu səbəbdən diqqəti cəlb edir.

Osip İvanoviç Senkovski, əvvəlcə, tələbələrə türk dilinin qrammatik qaydalarını
izah edirdi. 1829-cu ildən etibarən bu məqsədlə "Türk yürüşlərində rus əsgərləri
üçün cib kitabçası" adlı dərsliyindən istifadə edirdi. Rus-türk hərbi danışıq
kitabçası kimi düşünülmüş (Türkiyə ilə müharibə tam sürətlə getdiyi zaman) və
"indi Rusiyanın şöhrəti uğrunda mübarizə aparan cəsur və alicənab həmvətənlərimiz"
üçün nəzərdə tutulmuş dərsliyin birinci hissəsi (Sankt-Peterburq, 1828)
"Rus-Türk Söhbətləri"nin özünü, eləcə də ilk rus-türk lüğəti olan
"Ümumi Sözlərin Rus-Türk Lüğəti"ni əhatə edirdi. İkinci hissə
(Sankt-Peterburq, 1829) Rusiyada yazılmış türk dilinin ilk qrammatikasıdır.
"Cib kitabçası" həm müəllifin müasirləri (V.V. Qriqoryev), həm də sonrakı
nəsillərin türkoloqları tərəfindən yüksək qiymətləndirilmişdi.
Osmanlı salnamələri Senkovskinin
türkologiyaya olan elmi marağının əsas mərkəzini təşkil edirdi. 1824-1825-ci
illərdə o, Varşavada polyak dilində iki cildlik "Polşa tarixinə dair türk
salnamələrindən çıxarışlar" əsərini nəşr etdirdi. "Çıxarışlar"ın
Senkovskinin türkologiya sahəsindəki ən əhəmiyyətli elmi nailiyyəti hesab edilməlidir. Maraqlıdır ki, bu əsərin nəşri
Polşanın özündə də düşmənçiliklə qarşılandı.
Azərbaycanın tanınmış Topçubaşovlar ailəsinə məxsus Mirzə Cəfər Əlimərdan bəy oğlu Topçubaşov 1790-cı ildə Gəncə şəhərində anadan olmuşdu. Sonralar ailəsi ilə birlikdə Tiflis şəhərinə köçürlər və 1812-ci ildə o, Rusiya Xarici İşlər Nazirliyinin Asiya departamentinə tərcüməçi təyin edilir. 1819-cu ildə Mirzə Cəfər Sankt-Peterburq Baş Pedaqoji İnstitutunun fars dilçiliyi kafedrasına müəllim dəvət olunur və burada ərəb, fars və türk dillərindən dərs deyir. M. Topçubaşov 1835-ci ildən universitetin İran ədəbiyyatı kafedrasının müdiri və professoru olaraq fəaliyyət göstərir. O, görkəmli Azərbaycan ziyalısı və Xalq Cümhuriyyətinin yaradıcılarından olan Əlimərdan Bəy Topçubaşovun əmisi idi.

Rusiya imperiyası zamanında şərq ölkələri
ilə əlaqədar heç bir konkret elmi biliyin olmadığı halda bu alimlərə böyük dəstək
və rəğbət də göstərilmirdi. Həyatını təqib və nəzarət altında yaşayan türkoloq alimlər kiçik bir səhvə görə sürgün
və həbs cəzasına çatdırıla bilərdilər. Lakin Sovet hakimiyyəti illərində
repressiyalar daha da artırıldı.
SSRİ-nin ilk quruculuq illərində elmin
inkişafı çox da əhəmiyyətli hesab edilmirdi. İş o yerə çatmışdı ki, 1922-ci
ilin 29—30 sentyabr tarixində, təxminən 230-280 nəfər alim, jurnalist, yazıçı,
filosof Sankt-Peterburqda gəmiyə doldurularaq (sonralar buna "Filosofların Gəmisi" adı
verilir) Almaniyaya qovuldular.
“Proletariat diktaturası” quran sovet cəmiyyəti
birmənalı dövlət modelinə malik deyildi. Siyasi ziddiyyətlər, müxalif düşüncələr,
açıq və gizli əksinqilabi fəaliyyət geniş yayılmışdı və mərkəzdən idarə
olunması mümkün deyildi. Təhsilli insanları burjua olaraq görür, şəxsi mülkiyyəti
qəbul etmir, sosial dəyərlərin mahiyyəti məlum deyil, geri qalmış bir dövlət
üçün yeni iqtisadi model haqqında konkret fikirlər yox idi. Yenicə yaradılan
SSRİ-nin cənub regionlarında multikulturalizm və proletariat həmrəyliyi, Orta Asiya regionlarında zorla kollektivçilik və sosialist mülkiyyətçiliyi, qərb
regionlarında millətçilik əleyhinə repressiyalar həyata keçirilirdi.
Nəhayət, XX əsrin 20-ci illərində baş
verən bir sıra nisbi liberal müstəqilliklər bitdi və bu illər bir sıra tarixi
hadisələrlə yadda qaldı. 30-cu illərin repressiyalarının başlanması, onu törədən
səbəblər və repressiyaların nəticələri haqqında ictimaiyyətin geniş məlumatı
olmadığından türkoloq alimlərin sovet hakimiyyəti illərində təqibləri haqqında
ayrıca tədqiqata ehtiyac var. Sovet hakimiyyəti illərində türkologiya ən təhlükəli
elm sahəsi hesab edilirdi.
19:00 25.05.2026
Oxunuş sayı: 112