Azərbaycanın BƏT-in bir sıra konvensiyalarına qoşulması üçün təkliflər hazırlanacaq
Azərbaycanın Beynəlxalq Əmək Təşkilatının (BƏT) bir sıra konvensiyalarına qoşulması üçün təkliflər hazırlanacaq.
Crossmedia.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlədiyi Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026-2030-cu illər üçün Tədbirlər Planında qeyd olunub.
Sənəddə bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2027-2030-cu illər ərzində Beynəlxalq Əmək Təşkilatının 184, 190 və 191 nömrəli konvensiyalarına qoşulmaqla bağlı təkliflər hazırlayacaq.
Qeyd edək ki, BƏT-in 184 nömrəli Konvensiyası (2001) kənd təsərrüfatında əməyin təhlükəsizliyi və sağlamlığı haqqındadır. Bu Konvensiya kənd təsərrüfatı sahəsində çalışan işçilərin təhlükəsizliyi və sağlamlığının qorunmasına dair minimum beynəlxalq standartları müəyyən edir.
Təşkilatın 190 nömrəli Konvensiyası (2019) əmək aləmində zorakılıq və qısnama haqqında sənəddir. Konvensiya əmək münasibətləri sahəsində zorakılıq və qısnamanın, o cümlədən gender əsaslı zorakılığın qarşısının alınmasına həsr olunmuş ilk beynəlxalq müqavilədir.
BƏT-in 191 nömrəli Konvensiyası isə (2023) təhlükəsiz və sağlam iş mühiti haqqındadır. Sənəd təhlükəsiz və sağlam iş mühitinin BƏT-in əsas əmək hüquqları çərçivəsinə daxil edilməsi ilə əlaqədar bir sıra əvvəlki konvensiyalara texniki dəyişikliklər edir.
14:07 20.07.2026
Oxunuş sayı: 73