Ənənəvi mütaliə informasiya istehlaki deyil, dərin idrak prosesidir
Azərbaycan Prezidenti İlham Əliyevin 27 fevral 2026-cı il tarixli Fərmanı ilə ölkəmizdə rəqəmsallaşma proseslərinin idarə olunması, innovasiyaların tətbiqi və dəstəklənməsi məqsədi ilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurası yaradılmışdır.
“Süni intellekt artıq gələcəyin deyil, bu günün əsas inkişaf amilidir.” Bunu Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rəqəmsal İnkişaf Şurasının ilk iclasında bildirib. Birinci vitse-prezidentin sözlərinə görə, Azərbaycan yeni çağırışlara, xüsusilə kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi sahəsində olan və yaranan risklərə hazır olmalıdır: "Fəaliyyətimiz bütün dövlət qurumlarının birgə fəal və səmərəli işini tələb edir. Məqsədimiz Azərbaycanı rəqəmsal inkişaf və süni intellekt sahələrində regionun aparıcı dövlətlərindən birinə çevirməkdir. Biz xarici, beynəlxalq təcrübəni öyrənməli, uğurlu modellərdən istifadə etməliyik. Lakin bütün qərarlar Azərbaycanın milli maraqlarına və ehtiyaclarına cavab verən amillərə əsasən qəbul olunmalıdır".
Bu gün evdar qadınlar süni intellektdən yemək reseptləri alır, tələbələr süni intellektlə imtahanlara hazırlaşır, idarə və müəssisələr süni intellektlə peşəkarlıqlarını artırır, alimlər yeni elmi fikirlərinə süni intellektdə opponent axtarır və hətta kiçik yaşlı uşaqlar da “yaşlarından çox-çox böyük olan” suallara süni intellektlə cavablar axtarırlar. Mövcud reallıq problemin dövlət səviyyəsində idarə olunmasını tələb edir və bu sahədə mütəxəssislərin elmi araşdırmaları, informasiyanın transformasiyası sahəsində fəaliyyətin modelləşdirilməsi, məlumatların elmi təhlili və proqnozlaşdırılması məqsədli tədqiqatları artırmalıdırlar.
Qeyd olunan prioritetlər fonunda, hazırkı araşdırma müasir transformasiyalar dövründə ənənəvi mütaliənin xarakteri, əhəmiyyəti və üzərinə götürdüyü sosial funksiyalar haqqında elmi-nəzəri təhlil etmək məqsədi daşıyır.
Mədəni tarixdə sosial-mədəni mühitin formalaşmasında ənənəvi mütaliə mühüm rol oynayıb. Cəniyyətin hazırkı durumu, elmi-texniki tərəqqi və etno-mədəni mühit bu mütaliənin nəticəsi kimi qarşıya çıxıb. Müasir dövrdə gənclərin mütaliə vərdişlərinin olmaması və ya güclü transformasiyaya uğraması düşünürəm ki, yaxın zamanlarda mədəni cəmiyyətin keyfiyyətinə öz mənfi təsirlərini göstərəcək.

Mütaliə vərdişləri insanın müntəzəm, məqsədyönlü və şüurlu şəkildə kitab, jurnal, qəzet və digər informasiya mənbələrini oxumaq, oxuduğunu anlamaq, təhlil etmək və gündəlik fəaliyyətində tətbiq etmək bacarığı və adətlərinin məcmusudur.
Mütaliə vərdişlərinin əhəmiyyəti sadə olarq qeyd etsək, gənclərin söz ehtiyatını genişləndirir və nitq mədəniyyətini inkişaf etdirir, analitik və tənqidi düşünmə qabiliyyətini gücləndirir, elmi və peşəkar biliklərin dərinləşməsinə kömək edir, yaddaşı və diqqəti inkişaf etdirir, yaradıcılığı və problemlərin həlli bacarığını artırır, şəxsin informasiya mədəniyyətini formalaşdırır və yüksəldir.
Mütaliə vərdişlərinin formalaşdırılması yolları haqqında çox fikirlər irəli sürülüb. Bunlardan klassik tövsiyələr olaraq, hər gün mütaliə üçün müəyyən vaxt ayırmaq, kiçik həcmli mətnlərdən başlayaraq tədricən daha mürəkkəb əsərlərə keçmək, oxu planı hazırlamaq, oxu gündəliyi aparmaq, kitab müzakirələrində və “oxucu klublarında” iştirak etmək, elektron kitabxanalardan və rəqəmsal informasiya resurslarından səmərəli istifadə etmək və s.
Kitabxana-informasiya fəaliyyəti və informasiya mühəndisliyini nəzərə alaraq, bu anlayışı daha geniş şəkildə ifadə etmək olar. Mütaliə vərdişləri fərdin informasiya tələbatını ödəmək məqsədilə müxtəlif informasiya resurslarını sistemli şəkildə seçməsi, oxuması, təhlil etməsi, qiymətləndirməsi və əldə etdiyi bilikləri yeni biliklərin yaradılmasında və qərarların qəbulunda istifadə etməsinə imkan verən davamlı davranış modeli və informasiya mədəniyyətinin əsas komponentidir. Bu yanaşma mütaliəni sadəcə oxu prosesi kimi deyil, həm də informasiya davranışının və informasiya mədəniyyətinin tərkib hissəsi kimi nəzərdən keçirir və müasir kitabxana-informasiya elminin yanaşmaları ilə tam uyğundur.
Cəmiyyətin intellektual inkişafı, elmi-texniki tərəqqisi və etnomədəni dəyərlər sisteminin təşəkkülü uzun müddət kitab mütaliəsi və yazılı mədəniyyətin inkişafı ilə sıx bağlı olmuşdur. Bu mənada mütaliə yalnız bilik əldə etmək vasitəsi deyil, həm də şəxsiyyətin dünyagörüşünü, mənəvi dəyərlərini və sosial davranışını formalaşdıran mühüm mədəni institut kimi çıxış edir.
Müasir informasiya cəmiyyətində isə gənclərin ənənəvi mütaliə vərdişlərinin zəifləməsi və qısaformatlı rəqəmsal informasiyaya üstünlük verməsi qlobal problem olaraq müşahidə olunur. Bu tendensiya davam edərsə, gələcəkdə analitik təfəkkürün, dərin mətn qavrayışının, mədəni yaddaşın və ümumi mədəni kapitalın zəifləməsinə səbəb ola bilər. Buna görə də ənənəvi mütaliə mədəniyyətinin müasir rəqəmsal oxu imkanları ilə uzlaşdırılması, kitabxanaların, təhsil müəssisələrinin və ailənin bu istiqamətdə fəaliyyətinin gücləndirilməsi mədəni cəmiyyətin davamlı inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.
Müasir rəqəmsal transformasiya dövründə ənənəvi mütaliənin gələcəyi təkcə kitabxanaşünaslıq və ya təhsil problemi olaraq deyil, həm də informasiya cəmiyyətinin inkişafını müəyyən edən strateji məsələlərdən biri kimi baxılmalıdır. Tarix göstərir ki, sosial-mədəni mühitin, elmi düşüncənin, milli mədəni yaddaşın və intellektual inkişafın formalaşmasında ənənəvi mütaliə həlledici rol oynamışdır. Bununla belə, rəqəmsal texnologiyaların sürətli inkişafı informasiya əldəetmə davranışını dəyişdirmiş, qısaformatlı və operativ informasiya istehlakını ön plana çıxarmışdır. Bu dəyişikliklər ənənəvi mütaliənin tamamilə aradan qalxması demək deyildir. Lakin onun cəmiyyətin idrak sistemində tutduğu yerin zəifləməsi uzunmüddətli perspektivdə mədəni və intellektual inkişaf üçün risklər yarada bilər. Burada əsas problem rəqəmsal texnologiyalar deyil, dərin mütaliə ilə operativ informasiya istehlakı arasında funksional balansın pozulmasıdır.
Müzakirələr göstərir ki, ənənəvi mütaliənin qorunması yeni institutların yaradılmasını deyil, mövcud sosial institutların məqsədyönlü koordinasiyasını tələb edir. Ailə, məktəb, kitabxana, universitet, nəşriyyat, media və rəqəmsal platformalar demək olar ki, bütün dövlətlərdə mövcuddur. Problem onların vahid strateji məqsədə yönəlmiş dərin mütaliə mədəniyyətinin formalaşdırılması istiqamətində sistemli fəaliyyət göstərməməsidir.
Bu baxımdan informasiya mühəndisliyinin vəzifəsi təkcə informasiya axınlarını idarə etmək deyil, həm də cəmiyyətin dərin mütaliə ekosistemini modelləşdirmək və onun fəaliyyətini optimallaşdırmaqdan ibarət ola bilər. Belə modelin məqsədi rəqəmsal mühiti ənənəvi mütaliəyə qarşı qoymaq deyil, hər iki informasiya məkanının funksional vəhdətini təmin etməkdir.
Sahə mütəxəssisləri bilir ki, bu məsələdə ən çətin metodoloji problem mütaliənin metrik qiymətləndirilməsidir. Ənənəvi mütaliə vahid sosial hadisə olmadığından onun qiymətləndirilməsi də vahid göstərici ilə aparıla bilməz. Daha məqsədəuyğun yanaşma uşaq mütaliəsi, məktəbli mütaliəsi, akademik mütaliə, peşəkar mütaliə və kütləvi mütaliə üzrə differensial qiymətləndirmə modelinin hazırlanmasıdır. Hər bir səviyyə öz məqsədlərinə və sosial funksiyalarına uyğun ayrıca indikatorlarla qiymətləndirilməlidir. Ola bilsin ki, ayrı-ayrılıqda fərdlərin qiymətləndirilməsi subyektiv olsun, lakin cəmiyyətin ümumi qiymətləndirilməsində keyfiyyət fərqi özünü mütləq göstərəcək.
Eyni zamanda qəbul edilməlidir ki, mütaliənin yüksək səviyyəsi avtomatik olaraq yüksək mənəvi keyfiyyətlərə, humanizmə və ya demokratik düşüncəyə gətirib çıxarmır. Tarixi təcrübə göstərir ki, mütaliə şəxsiyyətin və cəmiyyətin inkişafına təsir edən amillərdən yalnız biridir və onun nəticələri təhsil sistemi, ailə mühiti, informasiya siyasəti, media və siyasi institutlarla qarşılıqlı əlaqədə formalaşır. Buna görə də təklif edilən model mütaliə ilə sosial nəticələr arasında sadə səbəb-nəticə əlaqəsi qurmağa deyil, mütaliənin sosial-idrak sistemində oynadığı funksiyanı izah etməyə yönəlməlidir.
Diqqəti cəlb edir ki, ənənəvi mütaliənin cəmiyyətdə qorunması ilk növbədə maliyyə problemi olaraq qarşıya çıxmır. Bu prosesi dəstəkləmək üçün bütün ölkələrdə mövcud infrastruktur var. Əsas məsələ mövcud dövlət və ictimai institutların əlaqələndirilmiş fəaliyyətini təmin edən elmi əsaslandırılmış idarəetmə modelinin yaradılmasıdır. Belə modelin həyata keçirilməsi isə qısamüddətli kampaniyalarla deyil, uzunmüddətli dövlət siyasəti çərçivəsində mümkün ola bilər.
Qeyd olunmalıdır ki, rəqəmsal transformasiya dövründə ənənəvi mütaliənin qorunması kitabın müdafiəsi deyil, cəmiyyətin idrak potensialının, mədəni davamlılığının və uzunmüddətli inkişaf imkanlarının qorunması məsələsidir. İnformasiya mühəndisliyi bu prosesin elmi əsaslarını formalaşdırmaqla ənənəvi mütaliə ilə rəqəmsal informasiya mühiti arasında optimal tarazlığın qurulmasına metodoloji zəmin yarada bilər.
Bu fərq çox əhəmiyyətlidir. Əgər problem "kitabı necə qoruyaq?" kimi qoyularsa, cavab kitabxana və mədəniyyət siyasəti çərçivəsində baxılacaq. Bu fərqli bir problemdir. Əgər məsələyə "dərin idrakı necə qoruyaq?" kimi baxarıqsa, onda söhbət təhsil, kitabxana, media, süni intellekt, informasiya siyasəti və dövlət idarəçiliyini birləşdirən yeni bir elmi kordinasiyadan söhbət gedəcək.
Rəqəmsal transformasiya dövründə dərin idrak proseslərini necə qorumaq olar? İnformasiya texnologiyası dəyişdikcə idrakın arxitekturası necə dəyişir? Bu, fikrimcə, artıq yalnız kitabxanaşünaslığın deyil, elmi idrak proseslərinin tədqiqatçıları, informasiya elminin, sosial fəlsəfənin, informasiya mühəndisliyinin ortaq problemidir.

"Şifahi yolla əldə edilən idrak", "çap məhsullarından əldə edilmi idrak" və "rəqəmsal məkandan əldə edilmiş idrak" bölgüsünü analitik tipologiya kimi irəli sürmək vacibdir. Reallıqda onlar paralel şəkildə mövcuddurlar və bir-birinə təsir göstərirlər. Məsələn, bu gün də insan həm şifahi ünsiyyətdən, həm çap məhsullarından, həm də rəqəmsal mənbələrdən istifadə edir. Ona görə də problemə yanaşmada söhbət "bir idrak tipinin digərini əvəz etməsi"ndən deyil, müxtəlif informasiya mühitlərinin insan idrakında hansının üstünlük təşkil etməsindən, informasiyanı emal etmək strategiyalarının formalaşdırmasından, daha çox metodoloji yanaşmadan getməlidir.
Bu gün elmi dövriyyədə "dərin mütaliə" (deep reading) termini istifadə olunur, xüsusilə də təhsil sahəsində. Lakin əksər təriflər onu yavaş oxuma, diqqətli oxuma, analitik oxuma və ya tənqidi oxuma ilə izah edirlər. Bunlar dərin mütaliənin əlamətləridir, mahiyyəti deyil. "Dərin mütaliə" bu xüsusiyyətləri daşımalıdr - informasiyanın qavranılması, təxəyyülün işləməsi, şüuraltı obrazların formalaşması, emosional iştirak, müəlliflə daxili dialoq, əvvəlki biliklərlə inteqrasiya, yeni sualların yaranması, şəxsi mövqenin formalaşması. Bu, artıq oxu texnikası deyil, məlumat əldə etmə üsulu da deyil. Bu, mürəkkəb informasiya transformasiyası prosesidir. Dərin mütaliə, insanın mətn şəklində təqdim olunan informasiyanı yalnız qəbul etməsi deyil, onu mövcud bilikləri, təcrübəsi, emosional vəziyyəti və dəyərləri ilə qarşılıqlı əlaqədə emal edərək yeni idrak strukturlarına və fərdi mənalandırmaya çevirdiyi çoxsəviyyəli informasiya prosesidir.
Ənənəvi mütaliə tənqidi düşüncə yaradır. Tənqidi düşüncə o deməkdir ki, oxucu sadəcə müəllifin ötürmək istədiyini qəbul etmir, həm də onun fikirlərinə şübhə ilə yanaşıb, onları öz bilikləri və dünyagörüşü ilə qarşılaşdırıb müqayisə edir. Hərdən müəlliflə oxucunun ideyaları üst-üstə də düşür. Amma çox vaxt bu əksinə olur, yəni baxış bucaqları fərqlilik təşkil edir. Müasir süni intellektlə də kontakt zamanı ondan düzgün faydalanmaq üçün oxucu formalaşmış tənqidi düşüncəyə malik olmalıdır.
Göründüyü kimi irəli sürülən təriflərdə kitab yoxdur, kağız daşıyıcı yoxdur, elektron kitab da yoxdur. Əsas obyekt informasiyanın çevrilməsidir (transformasiya). Ənənəvi mütaliənin nəticəsi baxımından dərin mütaliə informasiyanın şəxsiyyət strukturuna inteqrasiyasını təmin edir.
Mütaliə iki növə ayrılır, birinci - səthi mütaliə, İnformasiya, yaddaş və nəticədə boşluq. İkinci - dərin mütaliə, informasiya, təhlil, emosiya, təcrübə, dəyərlər, şəxsi mövqe və onun davranışda inikası. Bu artıq tamamilə yeni keyfiyyətdir. Ənənəvi mütaliə şüuraltı inikas yaradır. Kitabxanaşünaslıq bu problemləri çox vaxt informasiya-oxucu kontekstində öyrənib. Qlobal səviyyədə isə bu informasiya, şüuraltı model, idrak və şəxsiyyətin formalaşmasına qədər gedən yolu müəyyən edir.
Əlbəttə ki, "Şüuraltı inikas", "şəxsiyyətin dəyişməsi" və "transformasiya" kimi anlayışlar çox dərin məna daşıyır və onları müxtəlif situasiyalrda ölçmək çətindir. Məsələn, "transformasiya" hansı müşahidə olunan dəyişikliklərlə müəyyən edilir? Hansı göstəricilər onun baş verdiyini deməyə əsas verir? Məncə, nəzəri modelin gücü də məhz bu anlayışları dəqiq və yoxlanıla bilən şəkildə formalaşdırmaqdan asılıdır.
Ənənəvi yanaşmada mütaliə siyasətinin məqsədi belə izah olunur - kitab nəşrini artırmaq, kitabxanaları inkişaf etdirmək, oxucuların sayını artırmaq, kitab satışını yüksəltmək. Milli Mütaliə Siyasətinin məqsədi kitabın deyil, cəmiyyətin idrak potensialının davamlı inkişafını təmin etməkdir və bunu sterotipə çevrilmiş məmur yanaşması ilə qarışdırmaq olmaz. Bu, çox ciddi konseptual dəyişiklikdir. Belə olduqda kitab məqsəd deyil, texnologiyadır. Kitabxana məqsəd deyil, infrastrukturdur. Mütaliə isə idarə olunan sosial informasiya prosesidir.

Ənənəvi mütəliəni diferensiallaşdırmaq vacibdir, bu kompaniya xarakterli iş deyil və hər bir istiqamət spesefik yanaşma tələb edir. Uşaq mütaliəsinin qiymətləndirilməsi, məktəbli mütaliəsinin qiymətləndirilməsi, akademik mühitdə mütaliənin qiymətləndirilməsi və kütləvi ədəbiyyatın mütaliəsinin qiymətləndirilməsi kimi fərqli platformalar nəzərdə tutulur. Bu düşünülmüş dövlət proqramı olaraq həyata keçirilə bilər əks halda bir akademik insiativ olaraq təsirli olması mümükünsüzdir.
Geniş mütaliə vərdişləri olan xalq “İntellektual kapitaldır” düşüncəsi də subyektiv qiymətləndirmədir. Proses dövlətin sifarişi ilə həyata keçir və son məhsulun proqnozlaşdırılması da çətindir, uzunmüddətli yanaşma tələb edir. SSRİ illərində Rusiya Federasiyasının əhalisi ən yüksək mütaliə vərdişləri olan oxucular kateqoriyasına daxilidilər. Sonunda gördük ki, millətçi-faşist düşüncələri, aqressivlik, müharibələr yaratmaq və kütləvi insan qətllərinə bəraət qazandırmaq rusiya cəmiyyətində kök salıb.
Odur ki, Azərbaycanda ictimai mütaliə prosesinin sistemli təşkili, monitorinq və qiymətləndirilməsi bir dövlət proqramı daxilində həyata keçirilməlidir. Dövlət də yəqin ki, qısa müddətli layihələrlə yanaşı uzunmüddətli layihələri də nəzarətə alacaq və milli maraqlara xidmət edən köklü strategiyalara imza qoyacaqdır.
14:34 16.07.2026
Oxunuş sayı: 140