4010 azərbaycanlı itkin: Ermənistan öhdəliyini niyə yerinə yetirmir?
Beynəlxalq İtkin Düşmüş Şəxslər Günü ilə əlaqədar Azərbaycanda itkin düşmüş şəxslərin taleyi yenidən gündəmə gəlib. Hazırda 4010 Azərbaycan vətəndaşı itkin şəxs kimi qeydiyyatdadır. Onlardan 3228-i hərbçi, 782-si isə mülki şəxslərdir. İtkinlər arasında uşaqların, qadınların və yaşlı insanların da olması problemin yalnız statistik göstəricidən ibarət olmadığını göstərir. Söhbət onilliklərdir yaxınlarının taleyindən xəbər gözləyən minlərlə ailənin hüququndan gedir. Azərbaycan tərəfi dəfələrlə Ermənistanı itkin azərbaycanlıların taleyi və onların dəfn olunduğu yerlərlə bağlı məlumat verməyə çağırıb. Prezidentin köməkçisi Hikmət Hacıyev Beynəlxalq İtkin Düşmüş Şəxslər Günü ilə bağlı açıqlamasında indiyədək 32 kütləvi məzarlığın aşkarlandığını və 328 itkin şəxsin qalıqlarının DNT analizi ilə identifikasiya edildiyini bildirib. Ekspertlər hesab edirlər ki, itkin şəxslərlə bağlı məlumatların təqdim edilməsi siyasi jest deyil, beynəlxalq humanitar hüquqdan irəli gələn öhdəlikdir. Mövzu ilə bağlı hüquqşünas Əliməmməd Nuriyev Crossmedia.az-a açıqlamasında məsələnin hüquqi və humanitar tərəflərini dəyərləndirib.
Əliməmməd Nuriyev bildirib ki, ilk növbədə problemin miqyasına diqqət yetirmək lazımdır: “Bu gün 4010 Azərbaycan vətəndaşı itkin düşmüş şəxs kimi qeydiyyatdadır. Onların 3228-i hərbçi, 782-si isə mülki şəxsdir. Mülki şəxslər arasında uşaqlar da var, qadınlar da var, yaşlı insanlar da var. Əlbəttə ki, söhbət sadəcə statistikadan getmir. 4010 insan taleyindən və onilliklərdir ki, yaxınlarını, qohumunu, yolunu gözləyən minlərlə ailədən gedir. Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev tərəfindən Beynəlxalq İtkin Düşmüş Şəxslər Günü ilə bağlı açıqlamasında məhz bu məsələyə eyni kontekstdə yanaşıldı. Bildirdi ki, indiyədək 32 kütləvi məzarlıq aşkar olunub, 328 itkin şəxsin qalıqları DNT analizi vasitəsilə identifikasiya edilib. Eyni zamanda Ermənistanın itkin azərbaycanlıların taleyi, o cümlədən onların dəfn olunduğu yerlərlə bağlı dəqiq və ətraflı məlumat verməsinin zəruriliyi xüsusilə vurğulanmışdır. Bununla bağlı dəfələrlə, müzakirələr olub. Dəfələrlə beynəlxalq danışıqların əsas prioritetlərindən biri də bu idi: bu itkin düşmüş şəxslərlə bağlı məlumatların verilməsi və yaxud kütləvi məzarlıq və digər hər hansı bir şəkildə dəfn olunmuş şəxslərin yerlərinin müəyyənləşdirilməsi".

Hüquqşünas qeyd edib ki, Ermənistanın belə məlumatları təqdim etməsi Azərbaycana münasibətdə hər hansı bir siyasi jest hesab oluna bilməz: "Bu, beynəlxalq humanitar hüquqdan irəli gələn öhdəlikdir. Təəssüf ki, Ermənistan tərəfi bu istiqamətdə real addımlar atmayıb. 1949-cu il Cenevrə Konvensiyaları, onlara 1 saylı Əlavə Protokol və beynəlxalq humanitar hüququn adət normaları münaqişə tərəflərindən itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi üçün mümkün tədbirlər görməyi tələb edir. Cenevrə Konvensiyasına 1 saylı Əlavə Protokolun 32-ci maddəsində ailələrin öz yaxınlarının taleyini bilmək hüququ təsbit edilib. 33-cü maddədə isə itkin şəxslərin axtarılması ilə bağlı konkret öhdəliklər müəyyənləşdirilir. Əlbəttə ki, burada qeyd etməliyəm ki, zaman amili heç nəyi dəyişmir. Müharibənin başa çatması bu öhdəliyi aradan qaldırmır. İnsan itkindirsə və onun taleyi müəyyənləşdirilməyibsə, məsələ hüquqi baxımdan bağlanmış hesab oluna bilməz. Ermənistanın dövlət və hərbi arxivlərində azərbaycanlı əsir və girovların saxlanıldığı, öldürüldüyü və ya dəfn edildiyi yerlər barədə məlumatlar mövcuddursa — və əminəm ki, var, mövcuddur — həmin məlumatlar təqdim edilməlidir. Söhbət yalnız ad, soyad siyahısından getmir; xatirələr, koordinatlar, hərbi sənədlər, dəfn yerləri, ayrı-ayrı hərbi hissələrin sənədləri — insan qalıqlarının tapılmasına və identifikasiyasına kömək edə biləcək istənilən məlumat burada əhəmiyyətli sayılmalıdır. Avropa Şurası Parlament Assambleyasının 2007-ci ildə qəbul etdiyi 1553 saylı qətnamədə də çox mühüm bir prinsip təsbit olunmuşdur: itkin şəxslərlə bağlı məlumatların verilməsi və əməkdaşlıq qarşı tərəfin analoji addım atması şərtinə bağlanmamalıdır. Çünki burada söhbət siyasi qarşılıqlılıqdan yox, insanların və ailələrin hüquqlarından gedir. İkinci məsələ Ermənistanın bu məlumatı təqdim etməməsinin hansı hüquqi məsuliyyət yarada biləcəyidir. Əgər dövlətin sərəncamında itkin düşən şəxslərin taleyinin müəyyənləşdirilməsinə imkan verən məlumat varsa və həmin məlumatı qəsdən gizlədirsə, yəni axtarış və araşdırma, zəruri əməkdaşlıq, axtarışlarla bağlı zəruri əməkdaşlıq göstərilmirsə, artıq beynəlxalq öhdəliklərin pozulması dövlətin beynəlxalq hüquqi məsuliyyəti məsələsini ortaya çıxarır. Amma məsuliyyət təkcə bununla bitməyə bilər. Konkret şəxslərin zorla yoxa çıxarılması, əsirlikdə öldürülməsi, işgəncəyə məruz qalması, qanunsuz öldürülməsi və ya bu əməllərin izlərinin məqsədli şəkildə gizlədilməsi sübuta yetirilərsə, həmin əməllərdə iştirak etmiş, onları təşkil etmiş və ya müvafiq əmrləri vermiş şəxslərin də fərdi cinayət məsuliyyəti yarana bilər. Təbii ki, hər bir epizod ayrılıqda araşdırılmalı və konkret sübutlarla təsdiqlənməlidir. 32 kütləvi məzarlığın aşkar olunması və 328 nəfərin qalıqlarının DNT analizi ilə artıq identifikasiya edilməsi məsələyə tamam başqa ölçü verir. Konkret məzar yerləri, konkret insan qalıqları var. İndi cavablandırılmalı olan suallar da var: Bu insanların başına nə gəlib? Hansı şəraitdə onlar həyatlarını itiriblər? Harada və kimlər tərəfindən dəfn ediliblər? Və çoxsaylı digər suallar... Müvafiq istintaq orqanı bununla bağlı zəruri olan tədbirləri həyata keçirir, keçirməkdə də davam edəcəkdir. Əgər Ermənistanın əlində bu sualların heç olmasa bir qisminə cavab verəcək məlumat varsa, onun verilib-verilməməsi siyasi bazarlıq predmeti ola bilməz. 30 ildən artıqdır ki, bu insanların, bu itkin düşmüş insanların yaxınlarından xəbər gözləyən ailələrə atasının, oğlunun, qardaşının, övladının harada olduğunu demək, ilk növbədə, həm də bir insanlıq məsələsidir. Beynəlxalq hüquq isə bu humanitar tələbi hüquqi öhdəliyə çevirir.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyevin açıqlamasında vurğulanan “hər ailənin öz yaxınlarının taleyini bilmək hüququ var” yanaşması məsələnin mahiyyətini daha dəqiq ifadə edir. Məncə, postmünaqişə dövründə Azərbaycanla Ermənistan arasında etimadın yaranıb-yaranmadığı belə məsələlərdə daha aydın görünəcəkdir. Keçmişin əsaslı məsələləri barədə həqiqəti gizlətməklə davamlı etimad yaratmaq mümkün deyil. Sülh yalnız gələcək haqqında razılaşmaq deyil, davamlı sülh üçün keçmişdə cavabsız qalmış suallara da cavab vermək lazımdır. 4010 itkin azərbaycanlının taleyi həmin sualların əsas, ən ağırlarından biridir”.
Zeynəb Həsən
16:30 31.08.2026
Oxunuş sayı: 48