TikToka olan maraq bizi nələrdən məhrum edir?
Son illərdə insanların informasiya əldə etmək vərdişləri ciddi şəkildə dəyişib. İnternet və sosial şəbəkələrin həyatımızın ayrılmaz hissəsinə çevrilməsi məlumat əldə etməyi asanlaşdırsa da, mütaliəyə ayrılan vaxtın azalmasına da təsir göstərir. Xüsusilə qısa və əyləncəli videoların geniş yayılması insanların diqqətini uzunmüddətli və ciddi mətnlərdən yayındıra bilir. Əvvəllər kitab əsas informasiya və əyləncə vasitələrindən biri olduğu halda, bu gün insanlar informasiyanı daha çox rəqəmsal platformalardan əldə edirlər. Nəticədə xüsusilə gənclər arasında kitab oxumağa marağın azalması cəmiyyətin müzakirə etdiyi məsələlərdən birinə çevrilib. Bununla yanaşı, mütaliə səviyyəsinin aşağı düşməsində yalnız internet və sosial şəbəkələri günahlandırmaq da düzgün olmaz. Kitaba marağın artırılması üçün onun təbliği və mütaliəyə təşviq mexanizmlərinin gücləndirilməsi də mühüm əhəmiyyət daşıyır. Bəs Azərbaycanda kitab oxuma səviyyəsinin yüksəldilməsi üçün hansı addımlar atılmalıdır?
Crossmedia.az-a açıqlamasında sosioloq Mail Yaqub bildirib ki, sosial şəbəkələrin və internetin yayılması insanların informasiyanı daha çox bu platformalardan əldə etməsinə səbəb olub və nəticədə kitab oxuma səviyyəsi aşağı düşüb:
“Şübhəsiz, sosial şəbəkələr, internet çıxandan sonra insanların informasiyanı onlardan alması səbəb oldu ki, kitab oxuma səviyyəsi düşsün Azərbaycanda.

Sovet vaxtı siz bədii ədəbiyyata baxın, 50 min, 100 min tirajla çap olunurdu. Amma indi neçə min tirajla çap olunur? Müqayisə edin. Mən hələ ən oxunaqlı kitabları deyirəm. Bədii ədəbiyyat, dünyanın məşhur romanlarını deyirəm.
Sosial şəbəkələr, internet, rəngarəng, əyləncəli videolar — bütün bunlar insanları ciddi mütaliədən ayırır. İnsanlar hövsələsizləşib. Oturub saatlarla ciddi əsərlər oxuyub düşünmək istəmir. İnsanlar üçün bu ağır prosesdir. İnsan ani əyləncələrdən ləzzət alır".
Sual ola bilər ki, əgər belədirsə, bəs niyə görə Avropada, Amerikada, Yaponiyada kitab oxuma statistikası bizdən qat-qat yaxşıdır? Həmin insanlar internetə maraq göstərmir, kitab oxuyur? Bax, bu çox ciddi sualdır.
Əslində bu sualın cavabı var. Birinci cavab odur ki, Azərbaycanda insanların sayı azdır axı. Bizim sayımız 100 milyon, 200 milyon deyil axı, cəmi 10 milyon əhalimiz var. Şübhəsiz, bizi başqaları ilə müqayisə etmək olmaz.
İkinci, kitaba təşviq yoxdur. Yəni televiziyalarda, radiolarda sitat gətirmək — bu kimi verilişlər yox səviyyəsindədir.
Kitab oxumağın səviyyəsini qaldırmaq üçün insanları təşviq etmək lazımdır. Bu çox vacib məsələdir”.
Zeynəb Həsən
16:00 31.08.2026
Oxunuş sayı: 61