Şeyx Şamil qumıq (kumık) türküdür! - ARAŞDIRMA
İllər boyu Şeyx Şamilin milliyyətinə dair yanlış məlumatlar geniş yayılsa da, həqiqəti üzə çıxarmalıyıq!
Rus imperiasına qarşı 25 il müharibə aparan qumıq (kumık) türkü Şeyx Şamil haqqında çox yazılıb. Amma onun milliyətinə dair araşdırmalar tamamilə yeni mənzərə yaradır.
Tarixi mənbələr sırasında Şeyx Şamilin özünə və ən yaxınlarına istinad edilən materiallar daha dəqiq məlumatlar ortaya qoyur. Bu mənada Şeyx Şamilin öz dilindən səslənən, yaxud onun yanındakıları tərəfindən həmin vaxtlar yazılan faktlar əvəzolunmazdır.
1854-cü ildə Şeyx Şamilin qoşunu rusların gözləmədiyi halda Kaxetiyaya hücum edir, rus hərbi dəstələrini darmadağın edir, general-mayor knyaz Orbelianinin və polkovnik knyaz Çavçavadzenin ailə üzvlərini girov götürür. Məqsədlərindən biri o idi ki, bu knyaginaları rusların əlində amanat kimi olan öz oğlu Camaləddinlə dəyişdirsin. (Qeyd etmək lazımdır ki, 1839-cu ildə Axulqo qalası uğrunda döyüşlərdə Şeyx Şamil qoşunları ağır vəziyyətə düşmüş və nəticədə Şeyx Şamil rus generalı Yermolovla saziş imzalamış və öz oğlunu rus çarı yanında amanat kimi saxlanmasına məcbur olmuşdur).
Rus ordusunda xidmət edən Çavçavedzenin və Orbelianinin ailə üzvləri 8 aydan artıq bir dövrdə əsirlikdə qalmışlar. Davamlı olaraq Şeyx Şamil ilə rus hərbçiləri arasında onların azad olunması və Cəmaləddinlə dəyişdirilməsi üçün danışıqlar getmişdir. Ruslar tərəfindən Şeyx Şamilin qərargahına İsay-bəy Qramov (erməni) göndərilmişdir.
28 dekabr 1855-ci ildə Şeyx Şamil Qramovu qəbul edərkən maraqlı bir dialoq baş tutmuşdur. Nəzərə almaq lazımdır ki, bu fakt Rusiya mətbuatında hələ Şeyx Şamilin ruslara qarşı müharibəsinin davam etdiyi bir dövrdə çap olunmuşdur. Bu epizod Qafqaz canişinin dəftərxanasında çalışmış tanınmış yazıçı, publisist Y.Verderevskinin 1856-cı ildə Moskvada çap olunmuş “Qafqaz əsirləri – Şamilin əsirliyində” başlıqlı kitabında da verilmişdir. Material hadisə iştirakçıların danışıqları əsasında çap olunmuşdur.
Şeyx Şamil danışıqlara göndərilmiş İ.Qramova üzünü tutub deyir:
“… Bil ki, o böyük padşah – üç padşaha belə tabe olmaq istəməyən – mənə heç nə edə bilmir, halbuki mənim üzərimə qoşun göndərməkdən də əl çəkmir! Mən qüdrətli hökmdarlarla özümü müqayisə etməyə cürət etmirəm, mən sadə bir TATARAM, Şamiləm; lakin mənim palçığım, meşələrim və dərələrim məni bir çox hökmdarlardan daha güclü edir. Əgər bacarsaydım, meşələrimdəki hər ağacı qiymətli yağlarla yağlayardım; yollarımın palçığını isə ətirli balla qarışdırardım – mən meşələrimi və pis yollarımı o qədər qiymətləndirirəm; məhz onlar mənim qüdrətimi təşkil edir”. (Şimali Qafqazda qumıq türklərinə tatar deyirdilər)

Şeyx Şamilin qumıq türkü olmasına dair növbəti faktlar! Onu da vurğulamaq lazımdır ki, əhali arasında olduğu kimi, mətbuatda, rəsmiyyətdə də ehtiyac duyulduqca kimin gürcü, ləzgi, avar, çeçen, tatar olması qeyd edilirdi.
... Rus generalı Orbelianinin və polkovnik Çavçavadzenin ailə üzvlərinin Şeyx Şamil tərəfindən əsir götürməsindən 8 ay keçirdi. Onları Şeyx Şamilin oğlu Cəmaləddinlə dəyişdirmək üçün aparılan danışıqlar uzanırdı. Əsirlərin dəyişdirilməsi üçün Knyaz Çavçavadze tərəfindən Şeyx Şamilin yanına növbəti dəfə də İ.Qramov göndərilir. (Xatırladım ki, Cəmaləddin amanat kimi rus çarının yanında 16 il qalmışdır, təxminən 6 yaşından, 1839-1855-ci illər ərzində)
Şeyx Şamil və İ.Qramov arasında olan dialoqdan bir parça:
… Ata (Şeyx Şamil - S.M.) oğlundan söz açdı:
– Bəs oğlum necədir, sağlamdırmı?
– Allaha şükür, sağlamdır.
– Deyirlər ki, o, TATARCA bir kəlmə də bilmir?
– Elədir; amma bu başadüşüləndir: o, uzun illər Rusiyada yaşayıb… o, sizinlə bir müddət qalar və öyrənər. (Şimali Qafqazda qumıqları – TATAR adlandırırdılar - S.M.)
Digər bir fakt:
Şeyx Şamilin arvadlarından biri – Zahidət münasib bir fürsətdə polkovnik Çavçavadzenin əsir götürülmüş həyat yoldaşı (o, həm də sonuncu gürcü çarı XII Qeorgiyin nəticəsi idi) knyaginya Anna İlyiniçnanı kənara çəkib deyir ki, o hamilədir, əgər onun oğlu olsa, Şamil onu hamıdan çox istəyəcək.
“– Amma mənim oğlum olsaydı, Şamil məni daha çox sevərdi…
(Gürcü qızı) Knyaginya düşündü: “Bu da bir sevgi növüdür, amma TATARcasına sevməkdir…”
Şeyx Şamilin milliyətinə dair qiymətli mənbələrdən biri tanınmış rus aktrisası M.N.Çiçaqovaya aiddir. 1889-cu ildə onun qələmindən “Шамиль на Кавказе и в России. Биографический очерк” başlıqlı kitab çıxmışdır.

M.N.Çiçaqova yazırdı:” Şamil haqqında onun özü tərəfindən yalan sayılan çoxlu hekayələr, rəvayətlər, mövcuddur buna görə də mən Şamilin özünün və ona yaxın olan şəxslərin söylədiklərinə əsaslanan təsvirlərə riayət etməyə çalışdım”.
Məlumdur ki, Şeyx Şamil əsir götürüləndən sonra əsasən Kaluqa şəhərində məskunlaşmışdır.
Çiçaqova M.N. yazırdı: “Ərim, Mixail Nikiforoviç Çiçagov, 1865-ci ildə Kaluqa quberniyasına hərbi rəis təyin edilmişdi. O vaxt bu vəzifə yenicə təşkil olunurdu və o, mənim uşaqlarla gəlişimdən iki ay əvvəl tək Kaluqaya getmişdi ki, yeni idarəsini formalaşdırsın. Mən Kaluqaya çatanda ərim artıq Şeyx Şamil ilə tanış idi və mənə deyirdi ki, o, ağıllı qoca ilə ən xoş saatlarını keçirir və onun zəkasına heyran qalır.
...Şamil mənim yanıma oğlu Kazi-Maqoma, kürəkənləri Abdurrahman və Abdurrahim, həmçinin pristavı, polkovnik Prjetslavski ilə birlikdə gəldi. Qürurlu duruşu, açıq, düz və cəsarətli baxışları ilə keçmiş məşhur imam mənim yanıma daxil oldu. Ucaboylu, atletik bədən quruluşlu, zərif qamətli, bir qədər buğdayı sifətli, düzgün cizgiləri, uzun və gözəl saqqalı olan, ağıllı, ciddi, dərin düşüncəli və sakit ifadəli — mən Şamili məhz belə gördüm.
Çiçaqova M.N. Şeyx Şamilin ailəsi ilə çox yaxın, isti münasibətlərdə olduğunu daim vurğulayır.
“...Hər dəfə mən Şamilin xanımlarının yanına gələndə, onlar məni çətinliklə buraxır və tezliklə yenidən onları ziyarət etməyimi xahiş edirdilər. Heç bir əyləncələri olmadığından, onlar üçün yanlarına qonaq gələn gün bayram sayılırdı. Hər ziyarətim süfrə açılması ilə müşayiət olunurdu; lakey sini ilə içəri gətirəndə xanımlar çadralarını endirir, o isə gözlərini aşağı salırdı.
Müəllif yazır ki, “Şeyx Şamilın mənşəyi haqqında onun bədxahları hətta yalan məlumatlar da dərc edirdilər…”

M.N.Çiçaqova özünün və ona yaxın şəxslərin rəvayətlərinə əsaslanaraq aşağıdakıları bildirir: «Onun atası Dəngau-Məhəmməd sərbəst avar vətəndaşı (uzden), Gimri sakini, Əlinin oğlu idi; onun əcdadi isə QAFQAZDA TANINMIŞ BIR ŞƏXS OLAN QUMIQ — ƏMIRXAN OLMUŞDUR».
M.N.Çiçaqova yazırdı ki, Şeyx Şamil ailədə TATAR dilində danışırdı.
...“Bu vaxt arabalar yaxınlaşdı; səyyahlar gəlib çatdılar... Kişilər Şamilin qonaqları qəbul etdiyi otağa keçdilər. Şeyx Şamil divanda oturmuşdu, təsbehini çevirir və gələnləri gözləyirdi. O, öz oğullarını və kürəkənlərini görüb dedi: “xoş gəldiniz”.
Kazi-Məhəmməd onun yanına gəldi, əlini öpdü; digər kişilər də eyni şəkildə etdilər və imamın ətrafında dayandılar”.
Şeyx Şamilin milliyyətinə dair araşdırmalar davam etdikcə indiyədək məlum olmayan tarixi həqiqətlər üzə çıxır. İlk növbədə onu qeyd edim ki, biz əsasən ilkin mənbələrə üz tutmuşuq. Üstəlik biz Şeyx Şamilin öz dilindən söylədiyi fikirlərə, ailə üzvlərinin dediklərinə, davamlı olaraq onun yanında olan şəxslərin yazdıqlarına, xatirələrinə istinad edirik.
Şeyx Şamilin ordusu kifayət qədər böyük idi. Tək bir Andi qalası uğrunda döyüşlərdə Şeyx Şamilin 6 min əsgəri (müasir anlamda 12 tabor) iştirak edirdi.
Amma müharibə uzandıqca əhali də, ordu da haldan düşürdü. Hər iki tərəf aramsız döyüşlərdən yorulurdu.
Şeyx Şamil böyük İmamat yaratmışdır. Burada quldurluq da, oğurluq da təbii ki, olacaqdı. Naiblər topladıqları verginin bir hissəsini özlərinə saxlayırdı, varlanırdı, harınlayırdı. Bəziləri ruslar tərəfə keçdi. Hakimiyyət üğrunda üç qrup mübarizə aparırdı, onlardan biri Hacı Murad idi. Bir çox dəyanətli müridlər döyüşlərdə həlak oldu. Bəzi müridlər, naiblər satğınlıq etdi, o cümlədən Kebed Maqoma Tilitlinskiy və Daniyel bəy Yelisuyskiy və s. Amma bütün bunlar Şeyx Şamilin şəxsiyyətinə, onun imperiyaya qarşı müharibəsinə kölgə sala bilməz. Yəqin Şeyx Şamilin “Nizam” qayda-qanun toplusunu çoxları oxuyub və hətta öz yaxınlarını necə cəzalandırdığını bilirlər.
Rus generalı knyaz Aleksadr Baryatinskiy dəfələrlə Şeyx Şamilə təslim olmağı və bunun əvəzinə onun həyatına lazımi təminatın veriləcəyinə söz vermişdir. Amma müharibə amansızlıqla davam edirdi. Şeyx Şamilin sonuncu qalası Qunib olmuşdur. Hər tərəfdən mühasirəyə alınan dağlılar, müridlər istehkamları gücləndirib sona qədər döyüşməyi düşünmüşlər. Amma gözlənilmədiyi halda rus hərbçilərinin Qunibin arxa hissəsində, çox möhkəmləndirilmiş istehkamları, uçurulmuş qayaları keçərək qəflətən peyda olması Şeyx Şamilin hərbi dəstələrini çətin vəziyyətə salmışdır. Knyaz Baryatinskiy yenə də Şeyx Şamilin yanına vasitəçi göndərib, böyük qırğının qarşısını almağı və Şeyx Şamilin təslim olmağını təklif etmişdir. Knyaz A.Baryatinskiy Şeyx Şamilə ailəsinin toxunulamazlığını, özünə qarşı ləyaqətlə davranacaqlarına söz vermişdir. Hətta bir qədər əvvəl onun Osmanlı Türkiyəsinə köçmək məsələsi də müzakirə predmeti olmuşdur. Şeyx Şamilin müridlərinə sağ qalacaqlarına söz verilirdi.
25 avqust 1859-cu ildə çıxılmaz vəziyyətdə olduğunu bilən Şeyx Şamil təslim olmaq qərarına gəldi və bu haqda general Baryatinskinin elçisinə məlumat verdi.
Ədalət naminə qeyd etmək lazımdır ki, knyaz A.Baryatinskiy verdiyi sözün üstündə durdu və hətta çarı II Aleksandra Şeyx Şamilin ailəsinə hərtərəfli lazımi şəraitin yaradılmasını təklif etdi. Obyektivlik naminə qeyd etməliyik ki, çar II Aleksandr, bir çoxlarının gözləmədiyi halda, Şeyx Şamilə yaşayış üçün böyük imkanlar yaratmağı tapşırdı.
Beləliklə, Şeyx Şamil ailəsi ilə birlikdə arabalarda və konvoy altında əvvəlcə Stavropola, sonra isə Xarkov, Moskva və Peterburqa aparıldı.
Bir tərəfdən 25 il davam edən müharibə, aramsız döyüşlər, silah-sürsat çatışmazlığı, digər tərəfdən yerlərdə naiblərin harınlaşması, varlanması və bunun davamı olaraq bu var-dövləti itirməmək naminə ruslara meyillənməsi, bəzilərinin açıq şəkildə ruslar tərəfinə keçməsi, daxili hakimiyyət uğrunda mübarizə, ən yaxın adamlarının, o cümlədən Kebed Maqoma Tilitlinskinin və Daniyel bəy Yelisuyskinin açıq şəkildə satqınlığı, Hacı Muradın hərəkəti son vaxtlar Şeyx Şamil üçün böyük problemlər yaratdı. Onlar özləri ilə ruslara həm də Şeyx Şamilin planlarını, məqsədlərini, fikirlərini aparmışdılar. Osmanlı Türkiyəsi ilə yazışmalar, kömək vədləri heç bir real nəticə vermədi. Getdikcə müridlərin sıraları seyrəlirdi. Ruh düşgünlüyü yaranmışdır. Əhalinin müəyyən hissəsi rusları rahat qəbul edirdi. Döyüşçülərin sayı xeyli azalmışdır. Bununla belə Şeyx Şamil 19 dəfə yaralanmışdı, özü də yaxın döyüşlərdə. Yəni Şeyx Şamil ölümdən qorxası deyildi. Qunibdə çıxılmaz vəziyyəti görüb Şeyx Şamil yenə də təslim olmaq istəmirdi və hətta rusların verdiyi vədlərə də ehtibar etmirdi. Yaxın müridləri, oğlu Qazi-Məhəmməd, ailəsi çox inadkarlıq etdilər ki, təslim olsunlar. Şeyx Şamil sonadək düşünürdü ki, əgər vəziyyət başqa cür olsa, özünü öldürsün. Bu fikirlərlə o elçi-vasitəçilərlə knyaz Baryatinskinin qarşısına getdi.
Sabir Məmmədli
BDU-nun professoru, siyasi elmlər doktoru
16:58 18.06.2026
Oxunuş sayı: 564