Özünü məmur kimi təqdim edən şəxsə 8 il həbs verilib
Moskva məhkəməsi özünü xüsusi xidmət əməkdaşı və yüksək vəzifəli məmur kimi təqdim edərək iki tanışından 70 milyon rubldan çox pul alan Aleksey Afanasyevi 8 il müddətinə azadlıqdan məhrum edib.
Crossmedia.az xəbər verir ki, “Kommersant” bu barədə məlumat yayıb.
Kuntsevo Rayon Məhkəməsi Afanasyevə ümumi rejimli cəzaçəkmə müəssisəsində 8 il həbs və 2 milyon rubl məbləğində cərimə cəzası verib.
İstintaq Komitəsinin məlumatına görə, Afanasyev zərərçəkənlərə nüfuzlu əlaqələrinin olduğunu deyərək onları aldadıb.
Zərərçəkənlərdən birinə 2021-2023-cü illər ərzində investisiya layihəsinə pul yatırmağı və qızıl hasilatı şirkətində məsləhətçi vəzifəsi əldə etməsinə kömək etməyi təklif edib. Bu bəhanə ilə ondan xarici valyuta da daxil olmaqla 50 milyon rubldan çox pul alıb.
Digər zərərçəkənə isə iri dövlət korporasiyasında əlaqələrinin olduğunu deyib. 2024-cü ilin dekabrında guya mədəni sərvətlərin alınması üçün 20 milyon rubl ödəməyi təklif edib və aldığı pulu mənimsəyib.
Axtarış zamanı Afanasyevin üzərindən 11 milyon rubl, həmçinin 24 arxeoloji əşya aşkarlanıb. Bunlar arasında bəzək əşyaları və məişət əşyaları olub.
Ekspertiza həmin əşyaların erkən dəmir dövrünə və eramızın ilk əsrlərinə aid olduğunu müəyyən edib. Tapıntıların Cənubi Rusiya çölləri, Krım və Qafqazın sarmat və meot qədimliyi ilə əlaqəli olduğu bildirilib.
Arxeoloji əşyalar dövlətin mülkiyyətinə keçirilib və saxlanılması üçün muzeyə təhvil verilib.
00:17 12.08.2026
Oxunuş sayı: 49