Hakan Fidan BƏƏ-yə səfər edəcək
Türkiyənin xarici işlər naziri Hakan Fidan sabah Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfər edəcək.
Crossmedia.az xəbər verir ki, “TRT Haber” bu barədə məlumat yayıb.
Fidanın səfər çərçivəsində Türkiyə-BƏƏ münasibətləri, Körfəzdəki vəziyyət, Hörmüz və Babülməndəb boğazlarında gəmiçilik təhlükəsizliyi, eləcə də Qəzza və Yəmən başda olmaqla regional məsələləri müzakirə edəcəyi gözlənilir.
Türkiyə Xarici İşlər Nazirliyinin mənbələrinə görə, görüşlərdə Türkiyə ilə BƏƏ arasında Yüksək Səviyyəli Strateji Şuranın ikinci iclasına hazırlıq məsələlərinin də nəzərdən keçirilməsi planlaşdırılır.
Fidanın Körfəzdəki müharibədən ən çox zərər çəkən ölkələrdən biri olan BƏƏ ilə Türkiyənin tam həmrəylik içində olduğunu vurğulaması gözlənilir. O, həmçinin münaqişələrə kənardan müdaxilələrin onların uzanmasına səbəb olduğunu bildirərək, regional təşəbbüslərin gücləndirilməsinin vacibliyinə diqqət çəkəcək.
Görüşlərdə Hörmüz və Babülməndəb boğazlarında gəmiçilik azadlığının təmin edilməsinin regional və qlobal sabitlik baxımından əhəmiyyəti də müzakirə olunacaq.
15:35 27.09.2026
Oxunuş sayı: 53