Məzahir Əfəndiyev: 27 Sentyabr Azərbaycan tarixində Zəfərə gedən yolun başlanğıcıdır
27 Sentyabr – Anım Günü Azərbaycan xalqının yaddaşında həm ağır itkilərin, həm də tarixi Zəfərə aparan yolun başlanğıcı kimi xüsusi yer tutur. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi 44 gün davam edərək Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələndi. Həmin gün cəbhə xəttində başlayan döyüşlər qısa müddət ərzində genişmiqyaslı müharibəyə çevrildi və Azərbaycan Ordusunun hərbi əməliyyatları nəticəsində işğal altında olan ərazilərin azad edilməsi prosesi başladı. Müharibə zamanı hərbi qulluqçularla yanaşı, mülki şəxslər də həyatını itirdi, minlərlə hərbçi yaralandı və müharibə iştirakçısı oldu. 27 Sentyabrın Anım Günü kimi qeyd olunması Vətən müharibəsində şəhid olan hərbçilərin və müharibənin bütün qurbanlarının xatirəsinə ehtiramın ifadəsidir. Bu tarix eyni zamanda Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işləri, regionda formalaşan yeni reallıqlar və davamlı sülh perspektivləri fonunda da xüsusi əhəmiyyət daşıyır.
Crossmedia.az-a açıqlamasında Milli Məclisin deputatı Məzahir Əfəndiyev 27 Sentyabrın Azərbaycan xalqının tarixində mühüm və qürurverici gün olduğunu bildirib. Onun sözlərinə görə, məhz 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpasına aparan yolun başlanğıcı olub: “2020-ci il sentyabr ayının 27-si bütün Azərbaycan xalqı üçün uzun illər həsrətində olduğu, qürur dolu bir günlə başladı. Bu, Azərbaycanın dövlətçilik tarixində yaşadığı və bütün dünyaya nümayiş etdirdiyi Müzəffər Azərbaycan Ordusunun gücünü, rəşadətini bir daha sübut etdi. Məhz həmin gün atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri cəbhə boyu Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə intensiv zərbələr endirməklə yanaşı, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının yaşayış məntəqələrini qəsdən artilleriya atəşinə tutaraq Azərbaycana qarşı növbəti təcavüzə başladılar. Nəticədə, hərbi qulluqçularla yanaşı, Azərbaycanın 11 dinc sakini, o cümlədən 2 uşaq həlak oldu”.
Məzahir Əfəndiyev bildirib ki, Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə, eləcə də Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanaraq hərbi təxribata cavab verib: “Beynəlxalq hüququn norma və prinsipləri əsasında, eləcə də Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 27 il kağız üzərində qalmış məlum dörd qətnaməsini rəhbər tutaraq düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq, eləcə də 30 ildən artıq bir müddətdə ərazilərimizin işğal altında saxlanılmasına son qoyulması məqsədilə Ali Baş Komandan, Böyük Sərkərdə, Prezident İlham Əliyev dərhal Azərbaycan Ordusuna bütün cəbhə boyu əks-hücuma keçmək əmri verdi”.
Deputatın sözlərinə görə, sentyabrın 27-də başlayan “Dəmir yumruq” əməliyyatı 44 günlük Vətən müharibəsinə çevrilib və Şuşanın azad olunması ilə nəticələnib: “Beləliklə, 30 ildir həsrətində olduğumuz Qarabağın işğaldan azad olunmasına yönəlik fəaliyyətimiz sentyabr ayının 27-də ‘Dəmir yumruq’ əks-hücum əməliyyatları ilə başlayaraq 44 günlük İkinci Qarabağ-Vətən Müharibəsinə çevrildi, Qarabağın incisi Şuşanın işğaldan azad olunması ilə bitdi. Uğurlu döyüş əməliyyatları nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi, Müzəffər Azərbaycan Ordusu erməni silahlı qüvvələri və Qarabağda formalaşan terror qruplaşmalarını darmadağın etdi”.
O qeyd edib ki, 10 noyabr 2020-ci ildə əldə olunan razılaşmadan sonra Ağdam, Kəlbəcər və Laçın rayonlarının Azərbaycana qaytarılması prosesi həyata keçirilib: “Həmin ilin 10 noyabr tarixində Ermənistanın Rusiya Federasiyasına rəsmi müraciət etməsindən sonra Rusiyanın bilavasitə iştirakı və hər üç dövlət başçılarının razılaşması ilə müharibə dayandırıldı, Azərbaycan-Ermənistan arasında özündə 9 bəndi əks etdirən bəyannamə qəbul olundu, beləliklə, Ermənistan kapitulyasiya aktına imza atdı. Ermənistanın baş naziri Nikol Paşinyanın qeyd etdiyi kimi, Ermənistanın Şanlı Ordumuz qarşısında məğlubiyyəti qəbul etməkdən başqa çıxış yolu yox idi. Buna görə də işğalçı tərəf məğlub olduğunu etiraf etdi və münaqişə rəsmi olaraq dayandırıldı”.
Məzahir Əfəndiyev vurğulayıb ki, hərbi müstəvidə əldə edilən nəticələr siyasi müstəvidə də davam etdirilib: “Hərbi müstəvidə əldə edilən qələbənin siyasi müstəvidə davam etdirilməsi nəticəsində 44 günlük Vətən müharibəsindən sonrakı 20 gün ərzində 3 rayon, noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın Azərbaycana təhvil verildi. 2022-ci il avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bununla da üçtərəfli bəyanata uyğun olaraq, Ağdam, Kəlbəcər və Laçın rayonlarının sülh yolu ilə qaytarılması prosesi yekunlaşdı”.
Deputat bildirib ki, 44 günlük müharibə Azərbaycan xalqının uzun illər davam edən torpaq həsrətinə son qoyub: “Cəmi 44 gün davam edən müharibə, qəhrəman zabit və əsgərlərimizin şücaəti qədirbilən xalqımızın yüzillik arzularını gerçəyə çevirdi, işğal altında olan torpaqlarımız azad edildi, tarixi ədalət bərpa olundu”.
Onun sözlərinə görə, müharibənin ilk günlərindən yüzlərlə Azərbaycan gənci könüllü olaraq cəbhəyə yollanıb: “Bu savaşın ilk günündən yüzlərlə vətənpərvər Azərbaycan gənci böyük həvəslə, coşqu və vətənpərvərliklə könüllü olaraq cəbhəyə yollandı, düşmənlə qəhrəmancasına vuruşdu. Sözsüz ki, müharibənin öz qanunları var. Əgər müharibə varsa, şəhid də var, qazi də, itki də. Təəssüflər olsun ki, bu müharibə də qurbansız ötüşmədi. Azərbaycanın 2908 hərbçisi torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucaldı, 6 nəfər itkin düşdü, minlərlə igid qazi adını qazandı”.
Məzahir Əfəndiyev Prezident İlham Əliyevin şəhidlər və Vətən müharibəsinin qəhrəmanları ilə bağlı fikirlərini də xatırladıb: “Birinci və İkinci Qarabağ müharibələrinin şəhidlərinin ruhu qarşısında bir daha baş əyir, onlara Allahdan rəhmət diləyirəm. Biz onların qanını aldıq! Bu Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir. Onların qəhrəmanlığı, onların şücaəti, fədakarlığı artıq dastana çevrilib”.
O bildirib ki, 27 Sentyabrın Anım Günü kimi qeyd olunması şəhidlərə və Vətən müharibəsi iştirakçılarına ehtiramın ifadəsidir: “Təsadüfi deyil ki, milli iradə, milli ruh, milli ləyaqət təntənəsinə çevrilən 27 sentyabr tarixi Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən hər il İkinci Qarabağ-Vətən Müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilir”.
Deputat əlavə edib ki, Azərbaycan dövləti Vətən uğrunda canından keçən şəhidlərin xatirəsinin əbədiləşdirilməsinə, qazilərin müalicəsinə və sağlamlıqlarının bərpasına xüsusi diqqət göstərir: “Ümumiyyətlə, Azərbaycan dövləti Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsinə daim yüksək ehtiram göstərir, onların xatirəsinin əbədiləşdirilməsini, eləcə də qazilərimizin müalicəsini və sağlamlıqlarının bərpasını diqqət mərkəzində saxlayır”.
Məzahir Əfəndiyev şəhidlərin xatirəsinin yaşadılması məqsədilə yaradılan məkanların da mühüm əhəmiyyət daşıdığını bildirib: “Şəhidlərimizin, qəhrəman övladlarımızın adlarının əbədiləşdirilməsi məqsədilə yaradılan Zəfər Parkı, 44 günlük Vətən müharibəsinin rəmzi kimi hündürlüyü 44 metr, eni 22 metr, sütunlarının sayı 44 olan inşa edilmiş Zəfər tağı, Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər Muzeyi xalqımızın qəhrəmanlıq dastanını hər zaman yaşadacaq”.
Deputatın sözlərinə görə, bu gün regionda sülhün əldə olunması istiqamətində mühüm proseslər gedir: “Bu gün isə Azərbaycan xalqı heç bir zaman olmadığı qədər sülhə yaxındır. Cənubi Qafqaz artıq münaqişə ocağından bütün xalqların rifah içində yaşaya biləcəyi bir məkana çevrilməkdədir. 8 avqust 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan arasında Vaşinqton Bəyannaməsinin imzalanması, eyni zamanda Sülh Sazişinin mətninin paraflanması davamlı sülhün əldə olunması istiqamətində mühüm dönüş nöqtəsi oldu”.
O qeyd edib ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan bərpa və quruculuq işləri, eləcə də Azərbaycanın mühüm nəqliyyat bağlantılarının mərkəzinə çevrilməsi regionun iqtisadi potensialına təsir edən amillərdəndir: “Xüsusilə, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarımızda müasir şəhərsalma standartlarına uyğun həyata keçirilən bərpa və quruculuq işləri, dünyamızda baş verən geosiyasi dəyişikliklər fonunda regionun iqtisadi potensialının daha da artması, Azərbaycanın Şərqlə Qərb, Şimalla Cənub arasında strateji nəqliyyat mərkəzinə çevrilməsi beynəlxalq ictimaiyyətin davamlı sülhün əldə olunmasına marağını artırmaqdadır”.
Məzahir Əfəndiyev Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin sentyabrın 11-13-də Qarabağ və Şərqi Zəngəzura səfərinə də toxunub: “Bu məcrada 11-13 sentyabr 2026-cı il tarixlərində Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura son səfəri təsadüfi deyildi. Həmin səfər bir daha onu göstərdi ki, onların təmsil etdikləri ölkələr birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyünü tanıyır və dəstəkləyir. Lakin Ermənistan cəmiyyətinin daxilində revanşist, ölkəmizi gözü götürməyən qüvvələr əsassız, saxta bəyanatlar səsləndirərək sülhün əldə olunması prosesinə zərbə vurmağa çalışdılar”.
Deputat sonda Azərbaycanın regionda sülh və təhlükəsizliyin təmin olunması istiqamətində mövqeyini davam etdirəcəyini vurğulayıb: “Bütün bunlara baxmayaraq, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan öz qətiyyətli mövqeyindən bir addım belə geri çəkilməyəcək, regionda yeni reallıqları diktə etməyə davam edəcəkdir. Şanlı Zəfərimizin yaratdığı bu yeni reallıq nəinki ölkəmizin suverenliyi, ərazi bütövlüyünü, eyni zamanda bütövlükdə regionun, xalqların təhlükəsiz və rifah içində dinc gələcəyini qoruyacaqdır”.
Nigar Xəlilli
14:42 27.09.2026
Oxunuş sayı: 51