Elektron lüğət və dil yoxlama alətlərini müasir qaydalara necə uyğunlaşdırmaq olar?
Azərbaycanda onlayn mediada istifadə olunan dil yoxlama alətlərinin müasir dil normalarına uyğun gəlmədiyi və bu səbəbdən mediada səhvlərin qarşısının tam alınmadığı bildirilib.
Mütəxəssislərin fikrincə, mövcud elektron sistemlər həm texnoloji, həm də normativ baxımdan köhnəlib və yenilənməsinə zərurət yaranıb.
Bu barədə “APA Media Group”un baş direktoru, Azərbaycan Mətbuat Şurası Dil Komissiyasının sədri Vüsalə Mahirqızı “Medianın dili elmi müzakirə müstəvisində” adlı konfransda çıxışı zamanı deyib.
O, elektron lüğət və dil yoxlama alətlərinin müasir qaydalara uyğun şəkildə yenidən işlənməsinin, xüsusilə süni intellekt imkanlarından istifadə olunmasının vacibliyini vurğulayıb.
Məsələ ilə bağlı Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"Məsələ hazırda diqqət mərkəzində olan mühüm istiqamətlərdən biridir. Proqramlar mahiyyət etibarilə simvol və şrift əsaslı, yəni karakter proqramları kimi qiymətləndirilir və onların müasir tələblərə uyğun şəkildə yenilənməsinə, təbii ki, ehtiyac vardır. Bu sahədə hansı texniki və metodoloji işlərin görülməli olduğunu isə ən doğru şəkildə müvafiq mütəxəssislər müəyyənləşdirə bilərlər.
Yenilənmə zərurəti artıq qeyd olunub və bu istiqamətdə müvafiq addımların atılması vacib hesab olunur. Lakin bu prosesin konkret olaraq, kim tərəfindən həyata keçiriləcəyi təşkilati məsələdir və ayrıca planlaşdırma tələb edir.
Mən bu məsələnin texniki detalları barədə konkret məlumatlara malik deyiləm, lakin bu işi icra edə biləcək kifayət qədər peşəkar mütəxəssislər mövcuddur. Xüsusilə, kompüter texnologiyaları sahəsində çalışan, proqram təminatını dərindən bilən və süni intellektlə işləmək bacarığı olan mütəxəssislərin bu prosesə cəlb olunması məqsədəuyğun olardı.
Ümumilikdə səsləndirilən fikirlərin əsas məğzi doğrudur və bu yanaşmalarla razılaşmaq olar. Əsas olan məsələni diqqət mərkəzində saxlamaq, elmi-texniki əsaslandırma ilə yenilənmə prosesini mərhələli və sistemli şəkildə həyata keçirməkdir".
Elmir Heydərli
11:25 20.02.2026
Oxunuş sayı: 451