Rusiya-Ukrayna münaqişəsi bu ilin sonuna qədər davam edəcək?
Ukrayna Prezidenti Volodimir Zelenskinin işğal olunmuş ərazilərin Rusiyanın tərkibində qalmasına Ukrayna xalqının razılıq verməyəcəyinə dair açıqlaması müharibənin siyasi və hüquqi mahiyyətini yenidən gündəmə gətirib.
Bu mövqe bir tərəfdən Ukraynanın ərazi bütövlüyü prinsipinə sadiqliyini göstərirsə, digər tərəfdən mümkün sülh danışıqlarının hansı çərçivədə aparıla biləcəyi ilə bağlı sualları aktuallaşdırır. Mövcud vəziyyət göstərir ki, münaqişənin gələcək istiqaməti yalnız hərbi proseslərlə deyil, eyni zamanda daxili ictimai rəy, beynəlxalq siyasi maraqlar və geosiyasi balansın necə formalaşacağı ilə müəyyən olunacaq.
Bəs Ukrayna öz torpaqlarının Rusiyada qalmasına razılıq verməyəcəyi təqdirdə, proseslər necə davam edə bilər?
Mövzu ilə bağlı hərbi ekspert, polkovnik Şair Ramaldanov Crossmedia.az-a açıqlamasında bildirib ki, Ukraynada Prezident Zelenski tərəfdən Rusiyanın əsas tələblərindən ən ağır olanı, Ukrayna ərazilərinin tam şəkildə tərk edilməsi məsələsidir:

“Bu məsələ hüquqi baxımdan yalnız Zelenskinin fərdi qərarı ilə həll edilə bilməz, çünki belə addım üçün referendum keçirilməsi zəruridir. Digər tərəfdən, Zelenski bu addımı atacağı təqdirdə onun siyasi karyerasına ciddi zərbə vuracağını anlayır. Bundan əlavə, Ukraynada cəmiyyətin bu addımı birmənalı şəkildə qəbul etməyəcəyi ehtimalı yüksəkdir.
Ş.Ramaldanov qeyd edib ki, Ukraynanın hərbi imkanları mövcud resurslarla birbaşa bağlıdır.
“Ukraynanı güclü edən və müharibəni davam etdirməsinə şərait yaradan əsas amillər maliyyə və silah dəstəyidir. Bu dəstək davam etdiyi müddətdə Ukrayna savaşmaq imkanını qoruyur. Əks halda, yəni maliyyə və silah yardımları dayandırılarsa, Ukrayna ordusunun uzun müddət döyüş qabiliyyətini saxlaması çətinləşə bilər. Bu səbəbdən Zelenski həm silah, həm də maliyyə dəstəyi axtarışını davam etdirir və bütün bu addımların əsas məqsədi Rusiyaya qarşı mübarizəni davam etdirməkdir”.
Bəs ABŞ bu məsələyə necə yanaşır? Hərbi ekspert bildirib ki, bu proseslərdə ABŞ faktoru da mühüm rol oynayır:
“ABŞ-ın geosiyasi hədəfləri sırasında Avropa ilə yanaşı, Rusiya da yer alır. Rusiyanın zəifləməsi ABŞ-ın qlobal siyasətdə mövqelərini gücləndirməsi baxımından vacib hesab olunur. Bu kontekstdə ABŞ-ın Rusiyanı zəiflətmək üçün əsasən iqtisadi alətlərdən, xüsusilə enerji sektoruna yönəlmiş sanksiyalardan istifadə etdiyi vurğulanır. Məqsəd birbaşa hərbi qarşıdurmadan daha çox iqtisadi məhdudiyyətlər vasitəsilə Rusiyanın imkanlarını azaltmaq kimi qiymətləndirilir. Bununla yanaşı, ABŞ-ın Ukraynaya dəstəyini müxtəlif mexanizmlərlə həyata keçirdiyi qeyd olunur. ABŞ Avropa ölkələri ilə əməkdaşlıq çərçivəsində hərbi texnika və silahların Ukraynaya ötürülməsinə dəstək verir və bu, Ukraynanın müharibəni davam etdirməsinə təsir edən amillərdən biri kimi göstərilir.
Bəs 4 ildir davam edən bu müharibənin həllini nə vaxta proqnozlaşdırmaq olar?
Ş.Ramaldanovun fikrinə görə, bu ilin sonuna qədər münaqişənin başa çatması ehtimalı var:
“Rusiya Donbasdakı əraziləri işğal etmək məqsədilə döyüşləri davam etdirir. Əgər Donbas tam nəzarətə götürülərsə, müəyyən bir müqavilənin imzalanmasına və ya atəşkəsin elan edilməsinə razılıq ola bilər. Rusiya bu yanaşmanı öz siyasətini əsaslandırmaq üçün vasitə kimi istifadə edir.
Ayhan
11:05 20.02.2026
Oxunuş sayı: 496