“Art Capital” beynəlxalq incəsənət sərgisində azərbaycanlı imzası
Fransanın paytaxtı Paris şəhəri “Art Capital” beynəlxalq incəsənət sərgisi ilə dünyanın diqqət mərkəzindədir. Sevindirici haldır ki, bu mötəbər sərgidə azərbaycanlı imzası da yer alıb. Estoniyada yaşayan və fəaliyyət göstərən azərbaycanlı rəssam Rövşən Quliyev (Nur) sərgiyə qatılaraq “Sülh simvolu” adlı əsərini nümayiş etdirir.
Crossmedia.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Rəssamın sərgidə iştirakı Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin xüsusi dəstəyi ilə reallaşıb.
“Art Capital” sərgisi təsviri sənətin rəssamlıq, heykəltəraşlıq, qrafika, fotoqrafiya, instalyasiya və digər formalarını bir araya gətirərək insanları müasir incəsənətin aktual istiqamətləri ilə tanış edir.
Rövşən Quliyevin (Nur) sərgidə təqdim olunan əsəri öz ifadəliliyi və ecazkarlığı ilə ziyarətçilərdə böyük maraq doğurur. Əsərdə ağ fon üzərində sarı çalarlarla təsvir edilən mələk obrazı işıq, ümid və mənəvi harmoniya ideyalarının ifadəçisidir. Tablo sülh və daxili sakitlik mesajı ilə tamaşaçıya müsbət emosional təsir bağışlayır.
Bu cür tədbirlərdə iştirak Azərbaycan mədəniyyətinin beynəlxalq sənət arenasında tanınmasına, milli incəsənətin nüfuzunun möhkəmlənməsinə və xalqlar arasında mədəni əməkdaşlığa böyük töhfə verir.
Qeyd edək ki, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Rövşən Quliyevin (Nur) Estoniyada və dünyanın müxtəlif ölkələrində fərdi sərgiləri keçirilir, beynəlxalq tədbirlərdə əsərləri nümayiş olunur.
16:34 17.02.2026
Oxunuş sayı: 427