𝗘𝗿𝗺ə𝗻𝗶𝘀𝘁𝗮𝗻𝗱𝗮 𝗔İ 𝗠𝗼𝗻𝗶𝘁𝗼𝗿𝗶𝗻𝗾 𝗺𝗶𝘀𝘀𝗶𝘆𝗮𝘀ı𝗻a 𝘆𝗲𝗻𝗶 𝗿ə𝗵𝗯ə𝗿 𝘁ə𝘆𝗶𝗻 𝗼𝗹𝘂𝗻𝘂𝗯: 𝘀ü𝗹𝗵 𝗽𝗿𝗼𝘀𝗲𝘀𝗶 𝗳𝗼𝗻𝘂𝗻𝗱𝗮 𝗯𝘂𝗻𝗮 𝗻ə 𝗲𝗵𝘁𝗶𝘆𝗮𝗰 𝘃𝗮𝗿? - RƏY
Cənubi Qafqazda uzun illər davam etmiş qarşıdurmadan sonra formalaşmaqda olan yeni geosiyasi reallıqlar bölgədə beynəlxalq aktorların roluna yenidən baxılmasını zəruri edir. Azərbaycan və Ermənistan arasında sülh gündəliyinin irəlilədiyi, qarşılıqlı etimadın mərhələli şəkildə formalaşdığı bir dövrdə, regionda yerləşdirilmiş beynəlxalq mexanizmlərin aktuallığı sual altına düşür.
Xüsusilə, Avropa İttifaqının Ermənistan ərazisində fəaliyyət göstərən Monitorinq Missiyasının mövcudluğu fonunda yaranan ziddiyyətli mənzərə, sülh prosesinin mahiyyəti və tərəflərin real ehtiyacları barədə ciddi müzakirələrə yol açır. Bu kontekstdə missiyanın rolu, məqsədi və gələcək perspektivləri artıq təkcə texniki deyil, siyasi və strateji anlam daşıyan məsələ kimi qiymətləndirilməlidir.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Nigar Arpadarai Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"Avropa İttifaqı Ermənistandakı Monitorinq Missiyasına yeni rəhbər təyin edib. Missiyanın yeni rəhbəri, Mark Ritterin yerinə keçmiş, finlandiyalı polis əməkdaşı Satu Koivu təyin olunub.
Bu təyinat Azərbaycanla Ermənistan arasında olan pozitiv dinamika fonunda baş verib. ABŞ-ın vitse-prezidenti Vensin Ermənistana və Azərbaycana son səfərini xatırlatmaq istərdim. Səfər, o cümlədən, sürətlə irəliləyən sülh gündəliyinə həsr olunmuşdu. Bir neçə gün əvvəl Azərbaycan QHT-lərinin nümayəndə heyəti Ermənistana səfər edib və formal olaraq quru sərhədini adi vətəndaşlar kimi keçib.
Azərbaycandan Ermənistana ticarət və tranzit imkanlarının genişlənməsi davam edir.
Prezident İlham Əliyev Münhendə bildirib ki, sülh müqaviləsinin imzalanmasına yeganə maneə 1990-cı illərə aid Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının qalmasıdır. Açıq mənbələrə görə, Ermənistan hökuməti həmin konstitusiyaya dəyişiklik etməyə hazırlaşır.
Yəni söhbət tam və müsbət bir sülh prosesindən gedir. Belə olan halda, Avropa İttifaqı Ermənistan və Azərbaycanın nəhayət, 30 illik münaqişəni geridə qoymasından məmnunluğunu ifadə etməli, sərhəd missiyasını bağlamalı və fəaliyyətini dayandırmalıdır. Çünki artıq buna ehtiyac yoxdur və onun mövcudluğu relikt və anaxronizm təsiri bağışlayır.
Üstəlik, Avropa İttifaqı münaqişənin həllində heç bir müsbət rol oynamayıb. Bu baxımdan, missiya Aİ-nin tez bir zamanda unutmaq istəyə biləcəyi bir tarix səhifəsinə çevrilməlidir.
Lakin bu baş vermir. Əksinə, yeni rəhbər təyin olunur. Missiya ilə bağlı suala cavab olaraq artıq sabiq rəhbər Ritter bildirib ki, 2027-ci ildən sonrakı müddətin uzadılması məsələsi müzakirə mərhələsində deyil. Bu isə iki cür yozula bilər.
Bir daha görünür ki, sözügedən missiya sülh aləti deyil. Çünki o, sülhə nə birbaşa, nə də dolayısı ilə kömək edir. Missiya daha çox təsir və mövcudluq aləti, həmçinin açıq şəkildə kəşfiyyat xarakterli mexanizm kimi çıxış edir".
Deputat həmçinin Azərbaycan tərəfinin Missiyanı “görməməzlikdən gəlmək” mövqeyi tutduğunu bildirib:
"Böyük sülh məsələlərinin həll olunduğu bir şəraitdə bu, əsaslandırılmış yanaşmadır. Karvan yoluna davam edir. Üstəlik, missiya Ermənistan ərazisində yerləşir və bu, onun problemidir.
Diplomatik gündəlikdə olduğu kimi, qeyri-rəsmi danışıqlar çərçivəsində Ermənistan tərəfinin missiyanı uzatmamaq vədi verməsi də istisna deyil. Bu barədə yalnız danışıqlar aparan tərəflər məlumatlıdır və məsələ sülh üçün kritik əhəmiyyət daşımadığından, bu cür detalları ictimaiyyətə açıqlamaq üçün ciddi səbəb görmürəm.
Missiyanın mövcudluğu Avropa İttifaqının hazırkı formada olan sülh gündəliyini qəbul etmədiyinin göstəricisidir. Çünki o, ilk növbədə Ermənistana təsir imkanlarının azalması riskini görür.
həm Avropa İttifaqı, həm də Ermənistan bu missiyanı artıq ehtiyac olmadığı üçün bağlamalı və bununla da sülhə dəstək nümayiş etdirməlidirlər. Vaxtilə Avropa İttifaqı, Avropa Şurası və Avropa Parlamenti regionumuzda sülh şanslarına ciddi zərər vurublar. Bu addım isə bir növ “səhifəni çevirmək” və köhnə, uğursuz siyasətdən simvolik imtina etmək olardı".
Elmir Heydərli
12:45 18.02.2026
Oxunuş sayı: 580