Gecələr yata bilmirsinizsə... Gizli xəstəliklərin xəbərçisi
Mütəxəssislərin açıqlamasına görə, insomnia (yuxusuzluq) sadəcə gecə yata bilməmək deyil, ciddi sağlamlıq problemlərinin ilk siqnalı ola bilər. Yuxuya getməkdə çətinlik, gecə tez-tez oyanmaq, səhər erkən durub yenidən yata bilməmək yuxusuzluğun əsas əlamətləri sayılır.
Crossmedia.az xəbər verir ki, bu barədə Memorial.com.tr məlumat yayıb.
Həkimlər bildirir ki, uzunmüddətli yuxusuzluq gün ərzində halsızlıq, əsəbilik, diqqət dağınıqlığı, iş qabiliyyətinin azalması ilə yanaşı, depressiya, yüksək təzyiq, piylənmə, immun sisteminin zəifləməsi və metabolik pozuntulara da yol aça bilər. Xüsusilə xroniki insomnia alzheymer və digər nevroloji xəstəliklərin riskini artırır.
Belə ki, yuxusuzluğun əsas səbəbləri arasında stres, depressiya, nizamsız yuxu saatları, yatmazdan əvvəl yemək, çay-qəhvə və alkoqol qəbulu, hormonal və nevroloji problemlər göstərilir.
Mütəxəssislər yuxu problemlərindən qorunmaq üçün hər gün eyni saatda yatıb-durmağı, yatmazdan əvvəl elektron cihazlardan uzaq qalmağı, axşam ağır yeməklərdən imtina etməyi, gündüz yuxusunu azaltmağı və stressi minimuma endirməyi tövsiyə edirlər. Problemlər davam edərsə, mütləq həkimə müraciət edilməlidir.
Qeyd edək ki, yuxusuzluqla bağlı məlumatlar maarifləndirici xarakter daşıyır və özbaşına dərman qəbulu ciddi fəsadlara səbəb ola bilər.
Fatimə Məmmədova
02:05 14.02.2026
Oxunuş sayı: 409