Qaraciyəri səssizcə məhv edən xəstəlik: həkimdən XƏBƏRDARLIQ!
Qaraciyərin xroniki autoimmun xəstəliklərindən biri olan birincili biliar xolangit uzun müddət simptomsuz inkişaf edə, zamanla qaraciyər toxumasının zədələnməsinə və ciddi fəsadlara səbəb ola bilər. Xəstəliyin nadir patologiyalar siyahısına daxil edilməsi pasiyentlərin tibbi xidmətlərə və müvafiq müalicəyə çıxışının yaxşılaşdırılması baxımından əhəmiyyətli addım hesab olunur. Rusiyada 2026-cı ilin oktyabrında bu xəstəliyin nadir xəstəliklər siyahısına əlavə edilməsi ilə siyahıdakı xəstəliklərin sayı 306-ya çatıb. Bununla belə, xəstəliyin rəsmi siyahıya daxil edilməsi dərman təminatının bütün problemlərinin avtomatik həll olunması demək deyil. Bəs bu qərar diaqnostika, müalicə və pasiyentlərin dərmanlara çıxışı baxımından hansı real dəyişikliklərə yol aça bilər?
Tibb üzrə fəlsəfə doktoru Adil Qeybulla Crossmedia.az-a açıqlamasında autoimmun xəstəliklərin xüsusiyyətləri, yaratdığı fəsadlar və bu xəstəliklərə diqqətin artırılmasının vacibliyindən danışıb.

Həkimin sözlərinə görə, son onilliklərdə bu xəstəliklərin mahiyyəti daha ətraflı öyrənilib və onların müxtəlif orqanlara ciddi zərər verə bildiyi məlum olub: “Təxminən 30-40 il əvvəl autoimmun xəstəliklər haqqında indiki qədər dəqiq təsəvvür yox idi. Bir sıra xəstəliklərə fərqli yanaşılırdı. Sonradan bu xəstəliklərin mahiyyəti daha yaxşı öyrənildi və aydın oldu ki, onlar orqanizmdə ciddi fəsadlara səbəb ola bilər. Autoimmun xəstəliklər zamanı immun sistemi orqanizmin öz hüceyrə və toxumalarını yad kimi tanıyır və onlara qarşı hücuma keçir”.
O, "birincili biliar xolangitin autoimmun xəstəliklərdən biri olduğunu və qaraciyərdə ciddi fəsadlara səbəb ola bildiyini qeyd edib: “Birincili biliar xolangit autoimmun mənşəli xəstəlikdir. Bu zaman immun sisteminin fəaliyyəti qaraciyərdaxili kiçik öd yollarının zədələnməsinə səbəb olur. İltihabi proses nəticəsində öd yolları tədricən sıradan çıxa, qaraciyərdə zədələnmə və fibroz inkişaf edə bilər. Xəstəlik irəlilədikdə qaraciyər sirrozu ilə nəticələnməsi də mümkündür”.
Adil Qeybulla autoimmun xəstəliklərin müxtəlif orqan və sistemlərə təsir göstərə bildiyini bildirib: “Autoimmun xəstəliklərə revmatoid artrit, Şaqren sindromu, Kron xəstəliyi və Haşimoto tireoiditi kimi müxtəlif xəstəliklər daxildir. Bu xəstəliklər fərqli orqan və toxumaları zədələyə, insanın həyat keyfiyyətinə ciddi təsir göstərə bilər. Autoimmun hepatit də qaraciyərin zədələnməsinə səbəb olan xəstəliklərdəndir və bəzi hallarda ağır gedişlə müşayiət olunur. “COVID-19 pandemiyasından sonra autoimmun xəstəliklərlə bağlı məsələlər daha çox müzakirə olunur. Bu sahədə müşahidələrin və tədqiqatların davam etdirilməsi vacibdir. Autoimmun proseslər müxtəlif orqanlara təsir göstərə bilər. Bəzi nevroloji xəstəliklərin və polineyropatiyaların da müəyyən formaları immun mexanizmlərlə əlaqələndirilir”.
Ekspertin fikrincə, autoimmun xəstəliklərin vaxtında aşkarlanması və onların mexanizmlərinin daha dərindən öyrənilməsi səhiyyə baxımından mühüm əhəmiyyət daşıyır: “Bu xəstəliklər qrupu ilə bağlı biliklər genişlənir və yeni elmi nəticələr əldə olunur. Autoimmun xəstəliklərin erkən diaqnostikası, düzgün müalicəsi və ağırlaşmaların qarşısının alınması üçün bu istiqamətdə tədqiqatlar davam etdirilməlidir”.
Nigar Xəlilli
15:45 23.10.2026
Oxunuş sayı: 54