Qadın “azadlığı” yoxsa məsuliyyətdən qaçış? - ailə insitutu məhv olur
Bir vaxtlar qadının gündəlik həyatının ayrılmaz hissəsi sayılan ev işləri, ailə qayğıları və məişət məsuliyyətləri bu gün sosial şəbəkələrdə getdikcə daha çox müzakirə olunur. Müasir dövrdə qadınların hüquq və azadlıqlarının genişlənməsi, özünüreallaşdırma imkanlarının artması təbii və vacib dəyişikliklərdir. Lakin bu dəyişikliklərin fonunda bərabərlik anlayışının necə təqdim edilməsi də mübahisələr doğurur. Sosial mediada qadının ailə və məişət məsuliyyətlərindən uzaqlaşması bəzən azadlığın göstəricisi kimi təqdim edilir, ev işlərinin kişilər tərəfindən görülməsi isə yeni sosial norma kimi gündəmə gətirilir. Bir tərəf bunu ailədə ədalətli bölgü və qarşılıqlı dəstək hesab edir, digər tərəf isə ənənəvi ailə rollarının dəyişməsindən narahatlıq keçirir. Çünki sosial mediada kontent hazırlayan cütlüklər müəyyən bəyəni almaq, izlənmək xatirinə ailə insitutlarını məhv edirlər. Qadının məsuliyyəti olan bəzi ev işləri "qadın azadlığı" adı qoyularaq kişiyə ötürülür. Bu isə sadəcə ayzberqin görünən tərəfidir. Sosial media bu cür ailə mədəniyyətini, milli mənəvi dəyərləri məhv edir.

Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən sosioloq Mail Yaqub bildirib ki, əlli il bundan qabaqkı qadınlarla indikilər müqayisə edilə bilməz: "Nəinki qadınlar, kişilərin də məsuliyyətdən qaçması sürətlənib. Ümumiyyətlə müasir insan məsuliyyətdən qaçır. Məsuliyyət üçünsəbr lazımdır. Müasir insan isə səbirsizləşib. Müasir sosioloqlardan biri buna maye modernləşmə deyir. Yəni modern, müasir dünya maye halına gəlib, axıcıdır, tez-tez dəyişən hala gəlib. Ona görə insanlar bir şeydə qalmağı sevmirlər. Məsuliyyət isə stabilliyi sevir, sədaqəti sevir, öhdəsinə götürməyi sevir. Bunlar çox acı gerçəklikdir. Təəssüflər olsun ki, xanımlarımızda da bu kişilərlə bərabər peyda olub. Boşanmaların əsas səbəblərindən biri də elə budur: məsuliyyətdən qaçma. Hövsələsizləşiblər, ailə qururlar, üç aydan-beş aydan sonra bunun məsuliyyətini götürə bilmirlər, sərbəst olmağa can atırlar, boşanırlar".
Psixoloq Səbinə Bayramova isə açıqlamasında qeyd edib ki, bu mövzuya ilk növbədə bir məqamı dəqiqləşdirməklə yanaşmaq lazımdır:

"Qadının öz ehtiyaclarını nəzərə alması, şəxsi inkişafına vaxt ayırması və öz həyatına dair qərarlar verməsi ailə məsuliyyətlərindən uzaqlaşmaq demək deyil. Bunlar fərqli məsələlərdir və bir-biri ilə qarışdırılmamalıdır. Sosial şəbəkələrdə qadınlıq bəzən iki zidd mövqedə təqdim olunur: ya qadın bütün diqqətini ailəsinə yönəltməli, öz ehtiyaclarını arxa plana keçirməli, ya da özünü hər kəsdən üstün tutaraq heç kimə qarşı məsuliyyət daşımamalıdır. Halbuki psixoloji sağlamlıq bu iki ifrat mövqedən birini seçməyi deyil, insanın öz ehtiyacları ilə münasibətlərindəki öhdəliklər arasında sağlam tarazlıq qurmasını tələb edir. Belə paylaşımlar qadınlarda müxtəlif psixoloji reaksiyalar yarada bilər.
Daim fədakar olmağın yaxşı qadın və yaxşı ana olmağın əsas şərti kimi təqdim edilməsi insanda günahkarlıq hissini gücləndirə bilər. Qadın istirahət etdikdə, özünə vaxt ayırdıqda və ya şəxsi məqsədlərinə yönəldikdə özünü eqoist hesab edə bilər. Digər tərəfdən, qadının bütün ehtiyaclarını münasibətlərdən üstün tutmasını təşviq edən mesajlar da məsuliyyət, qarşılıqlı qayğı və yaxın münasibətlərdə əməkdaşlıq anlayışlarını zəiflədə bilər. Burada sosial müqayisənin də rolunu nəzərə almaq lazımdır. İnsan sosial şəbəkələrdə başqalarının həyatına dair seçilmiş görüntüləri gördükdə özünü onlarla müqayisə edə və həyatının normal gedişatından narazılıq duya bilər. Davamlı olaraq tənqidə, müqayisəyə və sərt mühakimələrə məruz qalmaq özünəinamı zəiflədə, narahatlığı və daxili ziddiyyətləri artıra bilər. Bununla belə, sosial şəbəkələrin bütün qadınlara eyni cür təsir etdiyini söyləmək doğru olmaz".
Psixoloq qeyd edib ki, təsir insanın şəxsi təcrübəsindən, sosial mühitindən, münasibətlərindən və gördüyü məzmunun xarakterindən asılıdır: "Elmi araşdırmalar ailə və məişət yükünün qeyri-bərabər bölüşdürülməsinin qadınların psixoloji rifahı ilə əlaqəli olduğunu göstərir. Burada söhbət təkcə yemək bişirməkdən, ev təmizləməkdən və uşaqlara qulluq etməkdən getmir.
Ailənin gündəlik həyatını planlaşdırmaq, uşaqların ehtiyaclarını əvvəlcədən düşünmək, evdə çatışmayanları izləmək, ailə üzvlərinin problemlərini daim nəzərə almaq da ciddi zehni yük yaradır. Sistematik icmallarda bu yükün qeyribərabər bölüşdürülməsinin psixoloji gərginlik və həyat məmnunluğunun azalması ilə əlaqəsi qeyd olunur. Bu baxımdan, qadının özünə vaxt ayırmaq istəyi hər zaman məsuliyyətdən yayınma kimi şərh edilməməlidir. Bəzən bu istək uzun müddət öz ehtiyaclarını görməzdən gəlməyin, yorğunluğun və dəstək çatışmazlığının nəticəsi olur. Digərnhallarda isə insan həqiqətən də üzərinə düşən öhdəliklərdən yayınır. Bu sərhəd qadının özünü nə dərəcədə ön plana çıxarması ilə deyil, öz ehtiyaclarını qarşılayarkən başqalarının hüquq və ehtiyaclarını necə nəzərə alması ilə müəyyənləşir. Psixoloji baxımdan şəxsi sərhədlər insanın nəyə razı olduğunu, nəyə razı olmadığını, hansı məsuliyyətləri daşıya biləcəyini və hansı hallarda köməyə ehtiyac duyduğunu müəyyən etməsinə kömək edir. Sağlam şəxsi sərhədlər münasibətləri dağıtmaq üçün deyil, onları daha aydın, qarşılıqlı hörmətə əsaslanan şəkildə qurmaq üçündür. Məsələn, bir qadının işləmək, təhsil almaq, dostları ilə görüşmək, istirahət etmək və şəxsi maraqlarına vaxt ayırmaq istəyi ailəsinə qarşı məsuliyyətsizlik deyil. Eyni zamanda, şəxsi rahatlığını əsas gətirərək uşağının təhlükəsizliyini, zəruri qayğı ehtiyaclarını və ya əvvəlcədən razılaşdırılmış öhdəliklərini davamlı şəkildə nəzərə almamaq münasibətlərdə problem yarada bilər. Burada vacib məqam budur ki, ailə məsuliyyəti yalnız qadının üzərinə düşən vəzifələr toplusu kimi qəbul edilməməlidir. Ailə birgə həyat sistemidir və onun davamlılığı qarşılıqlı məsuliyyət, əməkdaşlıq və dəstəklə təmin olunur. Ev işlərinin, uşaqlara qulluğun və digər gündəlik öhdəliklərin bölüşdürülməsi ailə üzvlərinin imkanları, iş şəraiti, sağlamlığı və razılaşmaları nəzərə alınmaqla həyata keçirilməlidir. Bərabərlik bütün ailə üzvlərinin hər işi dəqiq eyni miqdarda görməsi demək deyil. Əsas məsələ yükün ədalətli bölüşdürülməsi, bir tərəfin daimi olaraq həddindən artıq yüklənməməsi və hər kəsin əməyinin dəyərinin tanınmasıdır".
S.Bayramova qeyd edib ki, əgər qadın həm ödənişli işdə çalışır, həm evin bütün işlərini görür, həm də uşaqların və digər ailə üzvlərinin ehtiyaclarını təkbaşına idarə edirsə, ondan əlavə olaraq öz ehtiyaclarını daim təxirə salmasını gözləmək sağlam ailə münasibətlərinə uyğun deyil. Digər tərəfdən, şəxsi sərhədlər insanın heç bir güzəştə getməməsi və yalnız öz istəkləri ilə hərəkət etməsi mənasına da gəlmir. Yaxın münasibətlərdə bəzən qarşı tərəfin ehtiyacları üçün vaxt ayırmaq, planları dəyişmək və müəyyən məsuliyyətləri üzərinə götürmək lazım gəlir. Bu, sağlam münasibətin təbii hissəsidir. Lakin güzəşt birtərəfli, məcburi və daimi xarakter aldıqda, insanın öz ehtiyaclarını ifadə etməsinə imkan verilmədikdə problem yaranır".
Nuray Oqtayqızı
17:30 23.10.2026
Oxunuş sayı: 67