Milli musiqimizin zirvəsində bir ömür
Bu gün Azərbaycan mədəniyyətinin canlı əfsanəsi, dünya şöhrətli bəstəkar, müğənni, ictimai və diplomatik xadim, Azərbaycan Respublikası Milli Məclisininin deputatı Polad Bülbüloğlunun doğum günüdür.
Onun adı təkcə səhnə uğurları ilə deyil, həm də milli musiqimizin beynəlxalq aləmdə tanıdılması, Azərbaycan mədəniyyətinin dünyaya açılan pəncərəsi kimi tarixə yazılıb.
Polad Bülbüloğlu sənəti ilə Şərq və Qərb arasında mədəni körpü qurmuş, Azərbaycan musiqisini yeni üslub və nəfəs ilə zənginləşdirmiş nadir şəxsiyyətlərdəndir.
Onun yaradıcılığı təkcə bir nəsli deyil, bir neçə dövrü əhatə edən geniş mənəvi xəzinədir. Bəstələri, ifaları, kino musiqiləri və ictimai fəaliyyəti ilə o, daim xalqın qəlbində özünəməxsus yer qazanıb. Polad Bülbüloğlunun sənəti zamanın sınağından çıxaraq bu gün də aktuallığını və dəyərini qoruyub saxlayır.
O, mədəniyyət sahəsində uzun illər ərzində göstərdiyi xidmətlərlə Azərbaycanı beynəlxalq mədəniyyət platformalarında layiqincə təmsil etmiş, sənət adamı olmaqla yanaşı, xalq diplomatiyasının da nümunəsinə çevrilmişdir.
Bu əlamətdar gündə Polad Bülbüloğlunu doğum günü münasibətilə səmimi-qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür və yeni yaradıcılıq uğurları arzulayırıq.
Milli musiqimizin səsi, Azərbaycanın qüruru – Polad Bülbüloğlu!
10:20 05.02.2026
Oxunuş sayı: 515