İranda baş verən kütləvi hakimiyyət əleyhinə etirazlarda Z Nəsli əsas təşkilatçı və iştirakçı qrup kimi ön plana çıxıb.
Crossmedia.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri yazıb.
Nəşr bildirir ki, etirazların yatırılması zamanı ən çox itki verənlər də məhz bu nəsilə mənsub gənclər olub.
Araşdırmada qeyd olunur ki, öldürülən etirazçıların təxminən yarısı Z Nəslinə aiddir. Qəzet yazır ki, aksiyalar ilkin mərhələdə iqtisadi böhran və sosial çətinliklər fonunda başlasa da, gənclərin fəal iştirakı etirazları İranın siyasi sisteminə birbaşa meydan oxuyan hərəkata çevirib.
WSJ İranın müxtəlif şəhərlərində keçirilən aksiyalar zamanı yeniyetmələrin öldürülməsi ilə bağlı təsdiqlənmiş bir neçə fakta istinad edir. Mənbələrin məlumatına görə, bəzi gənclər ağır yaralı halda xəstəxanalara çatdırılıb, digərləri isə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və taleləri ilə bağlı məlumat açıqlanmayıb.
Nəşr vurğulayır ki, İslam Respublikasının etirazlara qarşı atdığı addımlar müasir İran tarixində siyasi repressiyaların ən sərt epizodlarından biri kimi qiymətləndirilir. Analitiklərin fikrincə, Z Nəslinin bu miqyasda səhnəyə çıxması ölkədə uzunmüddətli sosial və siyasi dəyişikliklərin xəbərçisi ola bilər.