İran Aİ səfirlərini XİN-ə çağırdı: Bu, yalnız minimal addımdır
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bu gün keçirdiyi mətbuat konfransında Avropa Birliyinin SEPAH-la bağlı qərarına sərt reaksiya verib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Onun sözlərinə görə, Tehranda səfirliyi olan bütün AB-yə üzv ölkələrin səfirləri İran Xarici İşlər Nazirliyinə çağırılıb və İran İslam Respublikasının rəsmi etirazı onlara yazılı şəkildə təqdim edilib.
Bəqayi vurğulayıb ki, səfirlərin XİN-ə çağırılması Tehranın atdığı minimal addımdır və bu, mövcud vəziyyətə verilə biləcək yeganə cavab deyil. O bildirib ki, yaxın günlərdə Avropa Birliyinin bu qərarına qarşı konkret əks tədbirlərlə bağlı qərar qəbul oluna bilər.
XİN sözçüsü AB-nin SEPAH-la bağlı qərarını qanunsuz, əsassız və ciddi strateji səhv kimi qiymətləndirib. Onun sözlərinə görə, əgər Avropa Birliyi bu addımı ABŞ və İsraili sakitləşdirmək və ya onlarla uzlaşmaq məqsədi ilə atdığını düşünürsə, bu, reallıqdan uzaq və dərin yanlış hesablamadır.
Açıqlama İran–Avropa münasibətlərində gərginliyin yeni mərhələyə keçdiyini göstərir və Tehranın Brüsselə qarşı daha sərt addımlar ata biləcəyi ehtimalını gücləndirir.
15:52 02.02.2026
Oxunuş sayı: 489