ABŞ və İsrail İrana dair mümkün ssenariləri müzakirə edib
ABŞ və İsrailin yüksək rütbəli hərbi rəhbərləri İran İslam Respublikası ilə gərginliyin artması fonunda Vaşinqtonda qapalı görüş keçiriblər.
Crossmedia.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Bildirilib ki, görüş cümə günü Pentaqon binasında baş tutub. Danışıqlarda ABŞ Birgə Qərargah Rəisləri Komitəsinin sədri general Dan Keyn və İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Eyal Zamir iştirak ediblər. Rəsmilər görüşün məzmunu ilə bağlı detalları açıqlamayıb, həmçinin tədbirin əvvəlcədən ictimaiyyətə elan olunmadığı qeyd edilib.
Eyni zamanda, İsrailin müdafiə naziri İsrael Katzın ofisi bildirib ki, nazir bazar günü Vaşinqtondan qayıtdıqdan sonra Eyal Zamirlə ayrıca görüş keçirib. Görüşdə regiondakı təhlükəsizlik vəziyyəti, eləcə də İsrail ordusunun mümkün ssenarilərə qarşı əməliyyat hazırlığı müzakirə olunub.
Qeyd edək ki, son həftələr ABŞ–İsrail–İran xəttində artan gərginlik fonunda bu cür təmaslar regional və beynəlxalq ictimaiyyət tərəfindən diqqətlə izlənir.
09:50 02.02.2026
Oxunuş sayı: 456