Ukrayna və Rusiyanın müharibə dövründəki ümumi itkilərini qiymətləndirilib
ABŞ-ın Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzi (CSIS) genişmiqyaslı müharibənin başlamasından bu yana Ukrayna və Rusiyanın ümumi itkilərinə dair qiymətləndirmə aparıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən məlumat verir.
Hesabata əsasən, Ukraynanın ümumi itkiləri — həlak olanlar, yaralananlar və itkin düşənlər daxil olmaqla — 500–600 min nəfər arasında qiymətləndirilir. Həlak olan ukraynalı hərbçilərin sayı isə 100–140 min nəfər aralığında göstərilir.
Analitiklərin hesablamalarına görə, Rusiyanın itkiləri 1,2 milyon nəfərə qədər çata bilər. Onlardan təxminən 325 mininin həlak olduğu bildirilir.
CSIS vurğulayır ki, təqdim olunan rəqəmlər jurnalistlər və könüllülər tərəfindən açıq mənbələr əsasında aparılan hesablamalarla ümumilikdə üst-üstə düşür. Bununla yanaşı, yaralıların dəqiq sayını müəyyənləşdirmək etibarlı məlumatların çatışmazlığı və hərbçilərin müalicədən sonra yenidən cəbhəyə qayıtması səbəbindən xeyli çətindir.
Hesabatda həmçinin qeyd olunur ki, İkinci Dünya müharibəsindən bəri heç bir iri dövlət silahlı münaqişələr zamanı bu miqyasda itkilər verməyib.
Turqut Ansari
15:58 28.01.2026
Oxunuş sayı: 448