Səudiyyənin strateji neft kəməri bağlandı
Səudiyyə Ərəbistanının Şərq-Qərb neft kəməri İraqdan sentyabrın 10-da həyata keçirilən hücumlardan sonra bağlanıb. Kəmərin təhlükəsizliyinin təmin edilməsi və dəymiş ziyanın qiymətləndirilməsi üçün təcili müdaxilə və texniki qruplar əraziyə cəlb olunub.
Crossmedia.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının rəsmi SPA agentliyi məlumat yayıb. Enerji Nazirliyi kəmərə və ona bağlı nasos stansiyalarına dəyən ziyanın miqyasını, eləcə də xəttin nə vaxt bərpa ediləcəyini açıqlamayıb.
“Petroline” kimi tanınan Şərq-Qərb neft kəməri təxminən 1200 kilometr uzunluğundadır və Səudiyyə Ərəbistanının şərqindəki neft yataqlarını Qırmızı dəniz sahilində yerləşən Yanbu limanı ilə birləşdirir. Kəmərin tam gücü gündə təxminən 7 milyon barel təşkil edir.
Hörmüz boğazında dəniz nəqliyyatının azalması fonunda bu kəmər Səudiyyə neftinin Qırmızı dənizə çıxarılması üçün daha böyük strateji əhəmiyyət qazanıb. Mütəxəssislər kəmərin fəaliyyətinin uzun müddət dayanmasının qlobal enerji bazarından milyonlarla barel neftin çıxmasına səbəb ola biləcəyini bildirirlər.
01:34 13.09.2026
Oxunuş sayı: 65