İran ABŞ ilə danışıqları yenidən təkzib etdi
İran ABŞ ilə birbaşa danışıqların aparılması ilə bağlı yayılan məlumatları yenidən təkzib edib.
Crossmedia.az xəbər verir ki,bu barədə İranın xarici işlər naziri Abbas Əraqçı Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, son bir neçə gün ərzində ABŞ-nin xüsusi nümayəndəsi Stiv Uitkofla heç bir əlaqə saxlanılmayıb.
Nazir eyni zamanda region ölkələrinin Tehran və Vaşinqton arasında vasitəçilik təşəbbüsləri ilə bağlı yayılan informasiyaları təsdiqləyib. Əraqçı qeyd edib ki, İran hazırda məsləhətləşmələr aparan və mümkün vasitəçi rolunda çıxış etməyə çalışan bir sıra ölkələrlə əlaqə saxlayır.
“Hazırda hər hansı konkret qərar qəbul edilməyib. İran tərəfindən rəsmi tələb və ya təşəbbüs irəli sürülməyib”, – deyə o vurğulayıb.
Rəsmi Tehran bildirib ki, ABŞ ilə danışıqlar məsələsi yalnız ölkənin milli maraqları və regional proseslər çərçivəsində qiymətləndirilir.
15:24 28.01.2026
Oxunuş sayı: 374