Rusiya–Suriya anlaşmasının əsas fiquru Mahir Əl Şaraa hesab olunur
Rusiya ilə Suriya arasında formalaşmaqda olan yeni siyasi və hərbi anlaşmanın əsas müəllifinin hazırda Suriya Prezident Administrasiyasına rəhbərlik edən Əhməd Əl Şaraanın qardaşı Mahir Əl Şaraa olduğu bildirilir.
Crossmedia.az-ın məlumatına görə, Mahir Əl Şaraa hələ HTŞ dövründən etibarən Rusiya ilə yaxın əlaqələrə malik olub. Suriya inqilabı zamanı Moskva ilə aparılan dialoqlarda əsas fiqurlardan biri məhz o hesab edilib.
KİV-in yaydığı informasiyaya əsasən, Mahir Əl Şaraa tatar-rus əsilli Rusiya vətəndaşı Tatiana Zakirova ilə ailəlidir. Cütlüyün övladları hazırda Rusiya universitetlərində təhsil alırlar. Mahir Əl Şaraa özü də ali təhsilini Moskvada alıb.
Mənbələr onun Rusiya Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi (QRU) ilə dərin və uzunmüddətli əlaqələrə malik olduğunu bildirirlər. Rusiya ilə aparılan danışıqlarda Prezident Administrasiyasının rəhbəri Əhməd Əl Şaraaya əsas siyasi və diplomatik dəstəyi məhz qardaşı Mahir verir.
Eyni zamanda, KİV-in məlumatına görə, Rusiya Bəşər Əsəd dövründə Rusiyada yerləşdirilmiş bir sıra maliyyə və iqtisadi aktivlərin Suriyanın yeni hökumətinə təhvil verilməsinə hazırlaşır.
Ekspertlər hesab edirlər ki, bu proses Moskva–Dəməşq münasibətlərində yeni mərhələnin formalaşmasına və Suriyanın regional mövqeyinin yenidən qurulmasına ciddi təsir göstərə bilər.
15:12 28.01.2026
Oxunuş sayı: 377