Tarixi Xorasandan müasir terrora: “Vilayəti Xorasan” təhlükəsi Azərbaycana necə uzanır?
Xorasan tarixi baxımdan İran və Mərkəzi Asiyanın şərq sərhədlərinin strateji və mədəni mərkəzi olub. Farsca adı “günəşin doğduğu yer” mənasını verən bu ərazi, qədim zamanlardan müxtəlif imperiyaların diqqət mərkəzində olub.
Əhəmənililər, Parfiyalılar və Sasanilər dövründə region İran imperiyasının şərq sərhədlərini "qoruyub". Daha sonra, Abbasilər dövründə siyasi və mədəni mərkəz kimi önəm qazanan Xorasan, Tahirilər, Səfərilər və Samanilər dövrlərində də mühüm əhəmiyyətə sahib olub. 13-cü əsrdə Çingiz xanın qoşunları bölgəni ələ keçirərək tarixi mərkəzləri dağıtsa da, Əmir Teymur imperiyası altında və ondan sonra Xorasan yenidən mədəni və elmi mərkəz kimi canlanıb.
Müasir İran dövründə isə Xorasan vilayəti 2004-cü ildə Şimali, Cənubi və Rəzəvi Xorasan olaraq üç hissəyə bölünüb. Bu bölgələrdən ən önəmlisi Məşhəd şəhərinin mərkəz olduğu Rəzəvi Xorasan olub. Bölgənin əsas şəhərləri arasında Nişapur, Tus, Herat yer alır. Xorasan həm də Firdovsi, Xəyyam və Al-Biruni kimi alim və şairlərin vətəni olub, zəngin elmi və ədəbi irsi ilə tanınıb. Tarixi əhəmiyyətindən fərqli olaraq, bu gün Xorasan adı daha çox müasir terror qruplaşması – Vilayəti Xorasan ilə bağlı çəkilir. 2015-ci ildə İŞİD-in Əfqanıstandakı qolunu təmsil etmək üçün yaradılan bu qrup, Əfqanıstan, Pakistan, İran və ətraf bölgələrdə radikal İslam ideologiyasını yaymaq məqsədini güdür.
“Vilayəti Xorasan” adı tarixi bölgə ilə bağlıdır, lakin müasir milli sərhədləri rədd edir və “müsəlman imperiyalarının itirilmiş qüdrətini” bərpa etməyi hədəfləyir. Qrup İŞİD-in İraq və Suriyada zəifləməsindən sonra yüzlərlə döyüşçünü birləşdirərək gücünü qoruyub. Son illərdə "Vilayəti Xorasan"ın fəaliyyəti həm Tacikistan, həm də Avropa üçün ciddi təhlükə yaratmaqdadır. Tacikistan 2024-cü ildə qadınların hicab və digər dini geyimlərdən istifadəsini qadağan edən qanunu qəbul edib. Qanun, radikal dini qrupların təbliğatını zəiflətmək məqsədilə tətbiq olunub. Lakin bəzi ekspertlər hesab edirlər ki, bu addım "Vilayəti Xorasan"ın təbliğatını daha da gücləndirə və terror hücumlarını sürətləndirə bilər. Əfqanıstandakı bəzi ekstremist din xadimləri hicab qadağasına cavab olaraq “cihad” elan edə bilərlər.
Bildirək ki, Avropada da "Vilayəti Xorasan" təhlükəsi gündəmdədir. 2024-cü ilin iyun ayında Almaniya Daxili İşlər Nazirliyi bildirib ki, Avropa, xüsusilə Almaniya, “Vilayəti Xorasan” və İŞİD-in radarındadır. Avropa çempionatı zamanı bu qruplaşmanın terror aktları planlaşdırdığı barədə xəbərdarlıqlar verilib. Eyni zamanda, bu qruplaşmanın təşkilatçılığıyla Moskva yaxınlığında 2025-ci ilin mart ayında “Crocus City Hall” binasına basqın baş verib: nəticədə 144 nəfər ölüb, 551 nəfər yaralanıb. Türkiyə xüsusi xidmət orqanlarının yardımı ilə ikinci potensial hücumun qarşısı alınmışdır.
Tarixi və müasir baxımdan "Vilayəti Xorasan" fenomeni göstərir ki, Xorasan həm mədəniyyət və elm üçün, həm də müasir geopolitik və təhlükəsizlik məsələləri üçün strateji əhəmiyyətə malikdir. Tacikistan, Əfqanıstan və Avropa ölkələri bu qruplaşmanın ideoloji və terror fəaliyyətlərinə qarşı ciddi təhlükəsizlik tədbirləri görür, regionun sabitliyi üçün addımlar atır.
Qeyd edək ki, bu gün Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidməti (DTX) paytaxt Bakı şəhərində xarici ölkənin səfirliyinə qarşı terror hücumu törətməyə hazırlaşan şəxsləri saxlayıb. Belə ki, əməliyyat-istintaq tədbirləri nəticəsində 2000 və 2005-ci il təvəllüdlü üç nəfər – dini ləqəbləri ilə “Abu Zər əl-Mühacir”, “Abdurəşid” və “Abdurrahman əl-Azəri” tanınan şəxslərin İŞİD-in “Vilayəti Xorasan” qruplaşması ilə əlaqədə olduqları və səfirliyə hücum hazırladıqları müəyyən edilib.
Bu barədə siyasi ekspertlər Crossmedia.az-a açıqlama verib.
Milli Məclisin deputatı Hikmət Babaoğlu bu cür cəhdlərə qarşı təhlükəsizliyin təmin edildiyini vurğulayıb: "Biz dəfələrlə şahidlik etmişik ki, bənzər hadisələr baş verir və DTX tədbirlər görməklə o cəhdlərin qarşısını ala bilir. Bu onu göstərir ki, Dövlət Təhlükəsizliyi Xidməti ən müasir informasiyalar, məlumatlar əldə edə və emal edə bilir. Həmçinin, terror cəhdlərinə qarşı vaxtında tədbirlər görür".

Deputatın sözlərinə görə, Azərbaycan cəmiyyəti hansı dövlətin səfirliyindən söhbət gedə biləcəyini və bu terror cəhdinə kimin təşəbbüs edə biləcəyini təxmin edir: "Xüsusən, müxtəlif ölkə rəsmilərinin səfəri ərəfəsində bu cür terror cəhdlərinin edilməsi hər şeydən qabaq Azərbaycanın dost ölkələrlə münasibətlərinin korlanmasına və Azərbaycana olan etimadın zəiflədilməsinə hesablanıb. Ancaq göründüyü kimi, DTX xüsusi mühafizə qurğuları vasitəsilə öz işinin öhdəsindən layiqincə gəlməyi bacarır. Beləliklə, bu cür terrorla heç nəyə nail olmaq mümkün deyil. Öz təhlükəsizliyini təmin edə bilməyən, öz vətəndaşlarına qarşı az qala soyqırımı törədən bəzi rejimlər var ki, onlar yaxşı olar ki, ilk növbədə vətəndaşlarının təhlükəsizliyi ilə maraqlansınlar. Ölkələrarası münasibətlərə kənar müdaxilələr etmək cəhdinə son qoysunlar. Məhz bu kontekstdə Azərbaycanın regionda sabitliyə nail olması, təhlükəsizliyimizin dövlətimizin aidiyyatı qurumları tərəfindən qorunması, tərəfdaşlarımızın özünü rahat hiss etməsi üçün şəraitin yaradılması DTX-nin xalqımız qarşısında xidmətidir".
Politoloq Natiq Miri isə bildirib ki, müasir dövrdə dövlətlərarası savaş - istər gizli, istər açıq birbaşa həyata keçirilmir. Bu gün müəyyən dövlətlər terrorçu qruplarının, müəyyən muzdlu qüvvələrin arxasında gizlənərək özünün geosiyasi və yaxud geoiqtisadi maraqlarını həyata keçirməyə çalışır: "Bu gün dünyada məsələyə həqiqət baxımından deyil, ikili standartlar baxımından və müxtəlif, çoxstandartlı yanaşmalar baxımından bu cür problemlər üzə çıxır. Təsəvvür edək ki, bir terrorçu qruplaşma vasitəsilə və ona dəstək verməklə digər terrorçu qrupa qarşı mübarizə aparılır və onu yox etmək görüntüsü yaradılır. Açıq şəkildə PKK və onun Suriya qolu olan PYD-YPG terrorçuları vasitəsilə 15 ilə yaxındır ki, guya İŞİD terrorçuları ilə mübarizə aparılır. Bu, terrorçu qruplaşmaya açıq şəkildə verilən dəstəkdir.

Sadəcə müəyyən süni görüntülər və müəyyən saxta isimlər qoymaqla, guya “Suriya Demokratik Qüvvələri” adı altında formalaşdırmaqla beynəlxalq ictimai rəyi uzun müddət idarə etməyə və aldatmağa çalışırlar. Xorasan qruplaşması da budur. Ona yanaşma, onu bəsləyənlər və bu kontekstdə müəyyən pis niyyətlər, geosiyasi niyyətlər düşünənlər var ki, bu niyyətlər, bu siyasət mövcud olduğu təqdirdə Xorasan qruplaşması kimi terrorçu təşkilatlar da mövcud olacaq.
Ona görə də problem hansısa dövlətdə –Tacikistanda, Avropa Birliyində, ABŞ-də və digər dövlətlərdə deyil. Söhbət yanaşma tərzindədir, söhbət dəyərlərin dəyərsizləşdirilməsindədir. “Mənim terrorçum yaxşıdır, min yaşasın, digər terrorçular isə məhv edilməlidir” prinsipi ilə dünyanı idarə etmək mümkün deyil. Bu cür yanaşma tərzi, bu cür prinsipial yanaşma, bu cür təfəkkür ortada olduqca, əlbəttə ki, terror daha da çiçəklənəcək və sadəcə müəyyən dövlətləri deyil, bütövlükdə insanlığı vuracaq. Əslində terrorun mahiyyəti budur.
Bundan istifadə etməyə çalışanlar mövcud olduğu təqdirdə terror çiçəklənir və bu istiqamətdə müəyyən inkişaf və stimul görən bəzi beyni yuyulmuş gənclər və yaxud işsiz gənclər bu yöndə müəyyən maliyyə mənbələri tapmış kimi özlərini hiss edirlər. Yəni bir alət olaraq istifadələrinə imkan verirlər və onlardan istifadə olunduqdan sonra, yararlılıq müddəti bitəndən sonra bu təşkilatlar atılır. Biz bunun bariz nümunəsini Suriyada görürük. Buna görə də istər İranda, istər digər bölgələrdə, istər Əfqanıstanda, istər İraqda, Suriyada mövcud olan bütün terror qruplaşmaları konkret güc mərkəzləri və dövlətlər tərəfindən bəslənir. Ancaq məsələ burasındadır ki, onların anlamadıqları digər bir gerçək var. Bu terror təşkilatları müəyyən zamandan sonra onları bəsləyənlərin özlərinə qarşı çevrilir və onları vurmağa başlayırlar".
Politoloqun fikrincə bu məsələyə qlobal yanaşma, mənəvi dəyərlər kontekstində yanaşma prinsipial olmalıdır: "Bu, beynəlxalq təşkilatlarda təbliğ olunmalı, qəbul edilməlidir. Sadəcə sənədlərdə qeyd etməklə, sözdə deyil, bu, əməli şəkildə həyata keçirilməlidir və terrora dəstək verən dövlətlərə qarşı bütün güclər birləşməli, terroru dəstəkləyənlər beynəlxalq səviyyədə qınaq obyektinə çevrilməli və cəzalandırılmalıdır. Bunlar olmadıqca Xorasan qruplaşması, İŞİD qruplaşması, PKK terror təşkilatı, PJAK, eyni zamanda YPG kimi bir çox təşkilatlar, Afrikada mövcud olan terror təşkilatları sadəcə şəkil dəyişdirməklə fəaliyyətlərini davam etdirəcəklər. Çünki onları bəsləyən mənbələr mövcud olduqca, onlar da mövcud olacaq.
Ona görə də terrorla mübarizə sadəcə terrorun üstünə gedib müəyyən mənada onlara zərbə vurmaqdan ibarət deyil, söhbət onları bəsləyənlərin aradan qaldırılmasından gedir. Bu yanaşma tərzinin tamamilə aradan qaldırılmasıdır. Əks təqdirdə, bu mübarizələr sadəcə görüntü xarakteri daşıyacaq və heç bir effekt verməyəcək. Bu günə qədər də məhz bu yanaşma hökmran olduğu üçün terror getdikcə çiçəklənir, dövlətləri və insanlığı vurur".
Politoloq Elxan Şahinoğlu qeyd edib ki, təhlükəsizliyə ən çox diqqət yetirən ölkələrdə belə terror hadisələri baş verir: "15 sentyabr 2011-ci ildə ABŞ-də baş verən hadisələr bunun sübutudur. Azərbaycanda da müxtəlif illərdə terrorçular qətllər həyata keçirməyə çalışıblar. Məsələn, tanınmış şəxslərə qarşı sui qəsdlər olub. Əsas odur ki, ölkədə təhlükəsizlik sistemi yüksək səviyyədə qurulsun və bu cür halların qarşısı alınsın".

Politoloqun sözlərinə görə, son zamanlar terrorçu qruplara qarşı müxtəlif əməliyyatlar həyata keçirilir: "Lakin, buna qarşı heç bir ölkə, həmçinin, Azərbaycan sığortalanmayıb. Suriyada müharibə başlayanda Azərbaycan gənclərindən terror qruplarına qoşulanlar oldu və geri qayıdarkən həbs olundular. Önəmli olan isə bu cür qrupları vaxtında müəyyənləşdirib, baş verəcək hadisəni önləməkdir ki, bunu da xüsusi xidmət orqanlarımız qeyd olunan istiqamətdə yüksək səviyyədə fəaliyyətlərini davam etdirirlər".
Fatimə Məmmədova
15:30 27.01.2026
Oxunuş sayı: 1222