"Yüksələn işıq": Heydər Əliyev Beynəlxalq Aeroportunda Reza Deqatinin fotosərgsi açılıb
Dünya şöhrətli fotoqraf və fotojurnalist Reza Deqatinin (REZA) "Yüksələn işıq" adlı fotosərgisi Bakıda, Heydər Əliyev Beynəlxalq Aeroportu Terminal 1-in beynəlxalq uçuşlar ərazisində nümayiş etdirilir.
Crossmedia.az xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidməti məlumat yayıb.
Qeyd edilib ki, layihə AZCON Holding şirkətlərindən olan "Azərbaycan Hava Yolları" (AZAL) və Heydər Əliyev Beynəlxalq Aeroportu, eləcə də "Boeing" şirkətinin dəstəyi ilə həyata keçirilir və hava limanının beynəlxalq zona üzrə mədəni proqramı çərçivəsində təqdim olunur.
Martın 27-dək "Yüksələn işıq" sərgisində Azərbaycan REZA-nın özünəməxsus bədii baxış bucağından təqdim ediləcək.
Bildirilib ki, sərginin Heydər Əliyev Beynəlxalq Aeroportunda təşkil edilməsi xüsusi rəmzi məna daşıyır. Regionun ən iri aviasiya qovşaqlarından biri olan və hər gün dünyanın müxtəlif ölkələrindən onminlərlə sərnişini qəbul edən aeroport mədəni dialoq üçün unikal platforma, eyni zamanda Azərbaycanın vizual təqdimatında ilk təmas nöqtəsi rolunu oynayır.
Sərgidə REZA-nın müəllifi olduğu 44 fotoəsər nümayiş etdirilir. Ekspozisiyanın xüsusi bölməsi UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş abidələrə həsr olunub. Buraya Bakının İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu və Şirvanşahlar Sarayı, Qobustan Qaya Sənəti Mədəni Landşaftı, eləcə də Şəki Xan Sarayı daxildir.
"Azərbaycan Hava Yolları" QSC-nin İdarə Heyətinin sədri Samir Rzayev bildirib ki, "Yüksələn işıq" adlı bu sərgi Azərbaycanın tarixini, mədəniyyətini və insan hekayələrini vahid bir baxışda əks etdirir: "Bu layihə vasitəsilə Azərbaycanı təkcə məkan kimi deyil, həm də öz zəngin dəyərləri və mədəni yaddaşı ilə qonaqlarımıza tanıdırıq".
O, həmçinin qeyd edib ki, mədəni təşəbbüslər AZAL-ın fəaliyyətinin ümumi inkişaf xətti ilə uzlaşır və aviaşirkətin texniki modernləşmə strategiyasını tamamlayır: "Bu il AZAL donanmasına yeni nəsil "Boeing 787-9 Dreamliner" təyyarəsi qoşulacaq. İnanıram ki, bu addım sərnişinlərimizin xəyallarındakı səyahətləri gerçəkləşdirməyə mühüm töhfə verəcək".
REZA öz çıxışında bildirib ki, "Yüksələn işıq" Azərbaycanın ruhuna və əzabı dözümlülüyə, qaranlığı isə işığa çevirə bilmiş bir xalqa həsr olunmuş şahidliyikdir: Bu şəkillər vasitəsilə mən qədim irsinə sadiq qalaraq gələcəyə doğru addımlayan insanları müşahidə edirəm".
REZA insan hekayələrinə və sosial kontekstə fokuslanan əsərləri ilə tanınan dünya şöhrətli fotoqraf və fotojurnalistdir. O, 40 ildən artıq peşəkar fəaliyyəti ərzində 100-dən çox ölkədə çalışaraq müasir tarixdə baş verən mühüm hadisələri sənədləşdirib. REZA Azərbaycanda da geniş fəaliyyət göstərib, ölkənin yaxın tarixində mühüm mərhələləri - XX əsrin sonlarında baş verən faciəli hadisələri, məcburi köçkünlərin talelərini, I və II Qarabağ müharibələrini öz obyektivi ilə əks etdirib.
Sülhün təşviqi və mədəni dialoqun inkişafına verdiyi töhfələrə görə REZA Prezident İlham Əliyev tərəfindən "Dostluq" ordeni ilə təltif olunub.
REZA-nın yaradıcılığı bir çox nüfuzlu beynəlxalq mükafatlarla qiymətləndirilib. O, Nyu-York Beynəlxalq Fotoqrafiya Mərkəzinin "Infinity Award", "Lucie Award", fotoqrafiyaya verdiyi töhfələrə görə "HIPA Award", Missuri Universitetinin Fəxri Medalı kimi mükafatların laureatıdır. REZA, həmçinin Paris Amerika Universitetinin fəxri doktoru, "Ashoka Senior Fellow" və Fransanın Milli "Şərəf Legionu"nun zabitidir.
19:30 23.01.2026
Oxunuş sayı: 403