TƏCİLİ: Bu ölkənin prezidenti istefa verdi
Bolqarıstan Prezidenti Rumen Radev prezident iqamətgahında keçirdiyi çıxışda vəzifəsindən istefa verdiyini açıqlayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
O bildirib ki, istefa ərizəsini sabah Konstitusiya Məhkəməsinə təqdim edəcək və səlahiyyətlərini prezidentin müavini İliyana Yotovaya təhvil verəcək.
Xalqa müraciətində Radev 9 illik fəaliyyəti dövründə ölkədə siyasi qeyri-sabitlik səbəbindən 7 dəfə müvəqqəti hökumət qurmaq məcburiyyətində qaldığını xatırladıb. O, son konstitusiya dəyişikliklərindən sonra oliqarxiyanın icra hakimiyyətinə nəzarəti ələ keçirdiyini bildirib.
“Payız aylarında xalqın etirazları hakimiyyəti devirdi və mafiyaya qarşı ümummilli mövqe formalaşdırdı”, – deyə Radev vurğulayıb.
Prezident ölkə vətəndaşlarının siyasi məyusluğuna da toxunaraq qeyd edib ki, Bolqarıstan yeni bir ictimai müqaviləyə ehtiyac duyur. Onun sözlərinə görə, etiraz aksiyalarında iştirak edən gənclər ölkəni tərk etmək istəmədiklərini açıq şəkildə ifadə ediblər.
Radev prezidentlik səlahiyyətlərini etibarla Yotovaya təhvil verəcəyini bildirərək, onun növbəti prezident seçkilərinədək ölkəyə ləyaqətlə rəhbərlik edəcəyini deyib.
Qeyd edək ki, Radevin istefası yalnız Konstitusiya Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra hüquqi qüvvə qazanacaq. Konstitusiyaya əsasən, bu halda İliyana Yotova 22 yanvar 2027-ci ilədək prezident vəzifəsini icra edəcək.
Bolqarıstan tarixində ilk dəfədir ki, prezident səlahiyyət müddəti başa çatmadan istefa verir. Bu səbəbdən Radevin qərarı ölkədə tarixi siyasi hadisə kimi qiymətləndirilir.
09:46 20.01.2026
Oxunuş sayı: 1457