Sosial şəbəkə ailələri - dağıdır evliliklər virtuallaşıb
Sosial şəbəkələr insanların yalnız ünsiyyət və informasiya əldə etdiyi platformalar olmaqdan çıxaraq şəxsi münasibətlərin qurulduğu əsas məkanlardan birinə çevrilib. Bu gün bir çox insan gələcək həyat yoldaşı ilə məhz sosial şəbəkələr vasitəsilə tanış olur. İlk mesaj, uzun yazışmalar, telefon danışıqları və paylaşımlar üzərindən formalaşan təəssürat bəzən münasibətin gələcəyi ilə bağlı qərarlara da təsir göstərir. Virtual ünsiyyət insanlara bir-birini tanımaq üçün daha geniş imkan yaratsa da, burada formalaşan obrazın real həyatda necə olduğu hər zaman eyni olmur. Çünki sosial şəbəkədə insan özünü istədiyi şəkildə təqdim edə, həyatının yalnız müəyyən hissəsini göstərə və xarakterinin bəzi tərəflərini gizlədə bilər. Real münasibətdə isə insanın davranışı, ünsiyyət tərzi, dünyagörüşü və qarşı tərəfə münasibəti daha aydın görünür. Bu səbəbdən sosial şəbəkədə başlayan tanışlığın ailə qurmaq qərarına çevrilməsi zamanı virtual və real münasibət arasındakı fərq xüsusi əhəmiyyət daşıyır. Digər tərəfdən, müasir dövrdə insanların tanışlıq dairəsinin sosial media hesabına genişlənməsi bu platformaları şəxsi münasibətlər baxımından da mühüm vasitəyə çevirib. Ancaq gələcək həyat yoldaşı seçimi kimi ciddi qərarın yalnız virtual təəssüratlar əsasında verilməsi müəyyən risklər yarada bilər. Bəs sosial şəbəkədə başlayan tanışlıq hansı mərhələdən sonra real münasibətə çevrilməli və insan evlilik qərarını nəyə əsasən verməlidir?
Mövzu ilə bağlı sosioloq Mail Yaqub Crossmedia.az-a açıqlamasında bildirib ki, gələcək həyat yoldaşını sosial şəbəkə vasitəsilə seçməkdə problem yoxdur, lakin qərar yalnız virtual ünsiyyətə əsaslanmamalıdır: “İnsan gələcək həyat yoldaşını sosial şəbəkələrdə də seçə bilər, bunda heç bir problem yoxdur. Sadəcə olaraq, gələcək həyat yoldaşını seçmək üçün təkcə sosial şəbəkədəki virtual ünsiyyətlə kifayətlənmək olmaz, real ünsiyyət vacibdir. Yəni sosial şəbəkədə tanış olursansa, bu, hələ virtual ünsiyyətdir. Daha sonra real həyatda görüşürsən, söhbət edirsən; qarşı tərəfin baxışlarını, rəftarını, əxlaqını və dünyagörüşünü öyrənirsən. Yalnız bundan sonra ailə qurmağa qərar verirsən. Bu, hər iki tərəfə — həm oğlana, həm də qıza aiddir".

Sosioloq qeyd edir ki, sosial şəbəkə, yaxud hər hansı bir qohumun, dostun, tanışın vasitəsi ilə tanış olmaq pis deyil: "Hər bir halda insan başqa birini müəyyən bir vasitə ilə tanıyır: ya kiminsə, ya da sosial şəbəkənin vasitəçiliyi ilə. Burada heç bir problem yoxdur. Əksinə, sosial şəbəkələr tanışlıqların əhatə dairəsini genişləndirir və bu baxımdan müsbətdir. Lakin növbəti addımda sırf bununla kifayətlənmək olmaz. Necə ki “Bu bəyi və ya xanımı mənə dostum, anam, atam, qardaşım, bacım məsləhət bilib” deyib kifayətlənmək olmazsa, burada da eynidir. İnsan öz taleyini özü təyin etməli, gələcək həyatı barədə özü qərar verməlidir. Düşünmək, daşınmaq, götür-qoy etmək və əsasən də ən məntiqli qərarı qəbul etmək insanın öz öhdəliyindədir. Yenə də qeyd edirəm: real ünsiyyət olmalıdır. Bir-birlərini görməli, bir neçə dəfə söhbət etməli və bütün bu söhbətlərdən sonra rahat şəkildə evlənməyə qərar verməlidirlər”.
Zeynəb Həsən
16:00 14.09.2026
Oxunuş sayı: 55