Emin Əmrullayev: Aşağı nəticə göstərən bölgələrdə müəllim keyfiyyəti artırılmalıdır
Təhsil naziri Emin Əmrullayev şəhər və kənd məktəbləri arasında nəticə fərqinin səbəblərindən danışıb.
Emin Əmrullayev Crossmedia.az-ın sualına cavab verərkən bildirib ki, şəhər yerlərində təhsil nəticələrinin kənd yerləri ilə müqayisədə daha yüksək olması yalnız Azərbaycana xas hal deyil. Onun sözlərinə görə, əhalinin təhsil səviyyəsi və sosial-iqtisadi imkanları təhsil nəticələrinə birbaşa təsir göstərir.
Nazir qeyd edib ki, hazırda aşağı nəticələrin müşahidə olunduğu bölgələr və bunun əsas səbəbləri müəyyənləşdirilib.
“Çox vacib məsələlərdən biri müəllim hazırlığıdır. Həmin yerlərdə müəllim keyfiyyətini həqiqətən artırmalıyıq”, – deyə Emin Əmrullayev vurğulayıb.
O, məktəblərdə nizam-intizamın da təhsil nəticələrinə ciddi təsir etdiyini bildirib. Nazir davamiyyət, dərslərin boş buraxılması və məktəb rəhbərliyinin tədris prosesinə nəzarətinin vacibliyini diqqətə çatdırıb.
Emin Əmrullayevin sözlərinə görə, məktəb direktorları və direktor müavinləri problemləri Nazirliyin müdaxiləsini gözləmədən müəyyənləşdirməli və həll etməlidirlər.
“İnanıram ki, bu münasibəti biz gətirə bilsək və hədəfli şəkildə məktəb və bölgələrimizə fokuslana bilsək, nəticələrimiz qalxacaq”, – deyə nazir əlavə edib.
Nigar Xəlilli
16:36 14.09.2026
Oxunuş sayı: 55