Hikmət Hacıyev Pirinçi qəbul edib
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sədr müavini Ferhat Pirinç və onun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Heyəti Bakıya Türkiyənin Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Burhanettin Duran göndərib.
Crossmedia.az xəbər verir ki, görüşdə Türkiyə ilə Azərbaycan arasında kommunikasiya, media və ictimai diplomatiya sahələrində əməkdaşlığın inkişafı müzakirə olunub. Həmçinin iki ölkə arasında strateji kommunikasiya sahəsində qurumlar arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb.
Tərəflər dəyişən qlobal kommunikasiya mühiti, dezinformasiya ilə mübarizə, ictimai diplomatiya fəaliyyəti və Azərbaycanla Türkiyənin ortaq məsələlərlə bağlı beynəlxalq ictimaiyyətə yönəlik kommunikasiya imkanlarının gücləndirilməsi barədə fikir mübadiləsi aparıblar.
Görüşdə regional proseslərə, eləcə də Cənubi Qafqazda davamlı sülh və sabitliyin təmin olunması prosesində strateji kommunikasiyanın roluna diqqət yetirilib.
Türkiyə və Azərbaycanın güclü həmrəyliyinin yalnız ikitərəfli münasibətlər deyil, həm də regional əməkdaşlıq və sabitlik baxımından mühüm əhəmiyyət daşıdığı qeyd olunub.
Tərəflər “iki dövlət, bir millət” anlayışı və Şuşa Bəyannaməsi ilə müəyyənləşdirilən müttəfiqlik ruhuna uyğun olaraq kommunikasiya sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar. İki ölkənin aidiyyəti qurumları arasında təmasların və birgə fəaliyyətin davam etdirilməsi məsələləri də müzakirə edilib.
Görüşdə Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün də iştirak edib.
16:49 14.09.2026
Oxunuş sayı: 69