Avtomobildə yüksək səslə musiqiyə qulaq asan sürücülər cərimələnə bilər
Şəhər ərazisində avtomobillərdən yüksək səslə musiqi səsləndirilməsi, xüsusilə gecə saatlarında sakinlərin dincliyini pozan məsələlərdən biridir. Azərbaycan qanunvericiliyində gecə saatlarında insanların rahatlığını pozan səs-küyə görə məsuliyyət nəzərdə tutulsa da, şəhər daxilində avtomobillərdən musiqi səsləndirilməsinə ümumi məhdudiyyət məsələsi də gündəmdədir. Belə məhdudiyyətin tətbiqi zamanı isə sakinlərin rahatlığı ilə sürücülərin hüquqları arasında balansın qorunması əsas məsələlərdən biridir.
Mövzu ilə bağlı hüquqşünas Vüsalə Əhmədova Crossmedia.az-a açıqlamasında bildirib ki, avtomobillərdən yüksək səslə musiqi səsləndirilməsi məsələsinə hüquqi baxımdan yanaşarkən mövcud qanunvericilikdə nəzərdə tutulan səs-küy normaları nəzərə alınmalıdır: “Məsələyə hüquqi baxımdan yanaşsaq, hazırda Azərbaycan qanunvericiliyinə görə, əsasən gecə saatlarında səs-küyün qarşısının alınması tənzimlənir. İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsində, gecə 00:00-07:00 arasında küçələrdə və digər ictimai yerlərdə insanların dincliyini pozan səs-küyə, o cümlədən yüksək səslə musiqi səsləndirilməsinə görə məsuliyyət nəzərdə tutulur. Qanunvericilikdə ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən səs-küy çirklənməsi üzrə müəyyən edilmiş normaların pozulmasına görə də inzibati məsuliyyət nəzərdə tutulur. İXM-nin 275.2-ci maddəsi buna görə fiziki şəxslər üçün 200-300 manat, vəzifəli şəxslər üçün 2.500-3.500 manat, hüquqi şəxslər üçün isə 8.000-1.0000 manat cərimə müəyyən edir".

Hüquqşünas qeyd edib ki, avtomobillərdən şəhər daxilində yüksək səslə musiqi səsləndirilməsinə tam qadağa qoyulmasına gəlincə, prinsip etibarilə bunun üçün müvafiq normativ hüquqi əsas olmalıdır: "İnzibati məsuliyyət müəyyən edən qaydalar özbaşına yaradıla bilməz, qanunla müəyyən edilməlidir. Həmçinin, sakinlərin rahatlığı ilə sürücülərin hüquqları arasında balans da yaradılmalıdır. Sakinlərin dincəlmək və sağlam mühitdə yaşamaq marağı qorunduğu kimi, sürücülərin avtomobildə musiqi dinləmək imkanlarını da tamamilə aradan qaldırmaq olmaz. Səs səviyyəsinə obyektiv meyar qoyulmalıdır. ‘Yüksək səslə musiqi’ kimi subyektiv ifadə əvəzinə, ölçülə bilən səs həddi və ya müəyyən edilmiş səs-küy norması tətbiq oluna bilər. Eləcə də düşünürəm ki, dayanmış avtomobildə yaşayış binasının qarşısında gecə saatlarında çox yüksək səslə musiqi səsləndirmək ilə şəhər daxilində hərəkət edən avtomobildə normal səviyyədə musiqi dinləmək eyni ictimai təhlükə və narahatlıq yaratmır. Ona görə də, ‘şəhərdə avtomobildən yüksək səslə musiqi səsləndirmək qadağan olmalıdır’ yanaşması doğru deyil. “Avtomobildən şəhər ərazisində gecə saatlarında müəyyən edilmiş səs-küy normalarını aşan və ya başqalarının dincliyini pozan səviyyədə musiqi səsləndirmək qadağandır” yanaşması daha balanslıdır”.
Nuray Mehtiyeva
15:30 14.09.2026
Oxunuş sayı: 49