Süni intellektin ölmüş insanları diriltməsi yas prosesinə mane olur - Psixoloq
Süni intellekt artıq yalnız canlı insanların görüntülərini dəyişdirmək və yeni məzmun yaratmaq üçün istifadə olunmur. Texnologiyanın inkişafı vəfat etmiş insanların da səsinin, üz ifadələrinin, danışıq tərzinin və hərəkətlərinin rəqəmsal şəkildə yenidən yaradılmasına imkan verir. Bir neçə foto, video və səs nümunəsi əsasında mərhum insanın danışdığı, gülümsədiyi, mahnı oxuduğu və hətta əvvəllər mövcud olmayan situasiyalarda təsvir edildiyi görüntülər hazırlamaq mümkündür. Bu imkan xüsusilə məşhur sənətçilər və ictimai şəxslərlə bağlı layihələrdə böyük maraq doğurur. Bəziləri belə texnologiyanı mərhumun yaradıcılıq irsini yaşatmaq və onu yeni nəsillərə tanıtmaq vasitəsi kimi görür. Digərləri isə vəfat etmiş insanın süni şəkildə yenidən “yaşadılmasının” yaxınları və pərəstişkarları üçün hansı emosional nəticələr doğura biləcəyini müzakirə edir. Çünki insanın itki ilə barışması və yas prosesini yaşaması müəyyən psixoloji mərhələlərdən keçir. Mərhumun sanki yenidən danışması, hərəkət etməsi və yeni görüntülərdə görünməsi isə bu prosesə fərqli təsir göstərə bilər. Burada əsas məsələ texnologiyanın bunu edə bilməsi deyil, insanların belə görüntülərlə emosional olaraq necə qarşılaşmasıdır.
Mövzu ilə bağlı psixoloq Mətanət Əliyeva Crossmedia.az-a açıqlamasında bildirib ki, süni intellekt vasitəsilə vəfat etmiş insanların görüntüsünün və səsinin yenidən yaradılması psixoloji baxımdan həm müsbət, həm də mənfi təsirlərə malik ola bilər:

“Süni intellekt vasitəsilə vəfat etmiş insanların görüntüsünün, səsinin və danışıq tərzinin yenidən yaradılması psixoloji baxımdan çox həssas və ikitərəfli təsirə malik mövzudur. Bir tərəfdən bu cür texnologiyalar yaxınlar üçün nostalji, xatırlama və emosional bağın qorunması hissi yarada bilər. Xüsusilə tanınmış sənətçilər kontekstində bu, onların yaradıcılıq irsini yenidən yaşatmaq, yeni nəsillərə tanıtmaq və kollektiv yaddaşı qorumaq baxımından müsbət qəbul oluna bilər. Lakin digər tərəfdən, yas prosesi yaşayan insanlar üçün bu cür “rəqəmsal canlandırma” emosional olaraq qarışıq və hətta ağır təsir göstərə bilər. Yasın sağlam şəkildə işlənməsi üçün insanın itki faktını qəbul etməsi vacibdir. Vəfat etmiş şəxsin sanki yenidən danışması, hərəkət etməsi və yeni situasiyalarda təqdim olunması bəzi insanlarda reallıqla emosional bağ arasında sərhədi qarışdıra, itkinin qəbulunu çətinləşdirə və yas prosesini uzada bilər. Burada fərdi psixoloji xüsusiyyətlər də çox önəmlidir. Bəzi insanlar bunu sadəcə texnoloji rekonstruksiya və xatirə kimi qəbul edə bilər, digərlərində isə güclü kədər, həsrət, narahatlıq və yenidən itki hissi yarana bilər. Xüsusilə yaxın qohumlarda bu təsir daha dərin ola bilər".
Psixoloq qeyd edib ki, pərəstişkarlar üçün də oxşar vəziyyət mümkündür. Sevdikləri sənətçini yenidən səhnədə görmək emosional olaraq təsirli və maraqlı ola bilər, amma eyni zamanda “bu insan artıq həyatda deyil” reallığı ilə süni şəkildə yaradılmış obraz arasında psixoloji ziddiyyət yarada bilər. Bu səbəbdən hesab edirəm ki, belə texnologiyalardan istifadə zamanı yalnız texniki imkanlara deyil, psixoloji və etik nəticələrə də diqqət yetirilməlidir. Xüsusilə ailənin razılığı, mərhumun şəxsi iradəsi, onun obrazının necə və hansı məqsədlə istifadə olunması çox vacib məsələlərdir. Ümumilikdə, süni intellekt vəfat etmiş insanı geri qaytarmır, yalnız onun rəqəmsal simulyasiyasını yaradır. İnsanların da bunu məhz bu çərçivədə qəbul etməsi vacibdir. Texnologiya xatirələri yaşada bilər, amma yas prosesinin təbii axınını əvəz etməməli və insanın itki ilə sağlam şəkildə barışmasına mane olmamalıdır”.
Zeynəb Həsən
16:30 14.09.2026
Oxunuş sayı: 59