İran gərginliyi pik həddə: ABŞ bölgəyə ağır texnika daşıyır
Nüvə enerjisi ilə işləyən USS Abraham Lincoln təyyarədaşıyan gəmisinin rəhbərlik etdiyi ABŞ Hərbi Dəniz Qüvvələrinin hücum qrupu İrana doğru irəliləyərək Malakka boğazına daxil olub.
Crossmedia.az bu barədə “The Jerusalem Post” qəzetinə istinadən xəbər verir.
Məlumata əsasən, aviadaşıyıcını müşayiət edən USS Spruance və USS Michael Murphy esminesləri ilə birlikdə qrupun 5–7 gün ərzində ABŞ Mərkəzi Komandanlığının məsuliyyət zonasına çatması gözlənilir.
Eyni zamanda, son 24 saat ərzində 12 ədəd ABŞ F‑15 qırıcı təyyarəsi İordaniyaya yerləşdirilib.
ABŞ rəsmiləri yaxın günlərdə bölgəyə əlavə döyüş aviasiyasının göndəriləcəyini istisna etmirlər.
Bundan başqa, ABŞ hərbi nəqliyyat təyyarələrinin Hind okeanında yerləşən Dieqo Qarsiya adasındakı ABŞ bazasına eniş etdiyi bildirilir. Qeyd olunur ki, ötən ilin iyun ayında B‑2 gizli bombardmançıları İranın nüvə obyektlərinə mümkün zərbələr üçün məhz bu bazadan istifadə edib.
ABŞ ordusu Ağ Ev rəhbəri Donald Trampın İrana mümkün hərbi zərbə əmri fonunda Yaxın Şərqdəki hərbi mövcudluğunu sistemli şəkildə artırır. Vaşinqtondan bildirilib ki, hazırda bütün variantlar masadadır və məqsəd Tramp qərar verəcəyi təqdirdə, ona geniş hərbi seçim imkanları yaratmaqdır.
20:10 19.01.2026
Oxunuş sayı: 1300