Lavrov: Moskva–Dəməşq görüşündə ikitərəfli və regional məsələlər müzakirə edilib
Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, Moskvada Suriya xarici işlər naziri Əsəd əl-Şeybani ilə Rusiya Prezidenti Vladimir Putin arasında keçirilən görüşdə ikitərəfli münasibətlər, eləcə də regiondakı mövcud vəziyyət ətraflı müzakirə edilib.
Crossmedia.az xəbər verir ki,Lavrov bu fikirləri suriyalı həmkarı ilə danışıqlara başlayarkən səsləndirib. Onun sözlərinə görə, görüş zamanı xüsusilə Suriyanın suverenliyinin və ərazi bütövlüyünün təmin olunması məsələsi praktiki müstəvidə diqqət mərkəzində olub.
“Bilirəm ki, dünən Prezident Putinlə çox səmərəli görüşünüz olub. Həmin görüşdə ikitərəfli məsələlər, regional vəziyyət, eləcə də Suriyanın suverenliyi və ərazi bütövlüyünün təmin edilməsi kimi vacib praktiki mövzular müzakirə edilib”, – deyə Lavrov vurğulayıb.
Rusiya xarici işlər naziri əlavə edib ki, Moskva və Dəməşq arasında ticarət-iqtisadi əlaqələr bundan sonra da inkişaf edəcək. Onun sözlərinə görə, bu münasibətlər son onilliklər ərzində formalaşmış möhkəm təməl üzərində qurulub və qarşılıqlı əməkdaşlığın genişləndirilməsi üçün ciddi potensial mövcuddur.
Lavrov qeyd edib ki, Rusiya Suriyanın beynəlxalq hüquq çərçivəsində suverenliyini və ərazi bütövlüyünü dəstəkləməkdə davam edir və iki ölkə arasında siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlıq qarşıdakı dövrdə də gündəmdə olacaq.
Nastya Qəniyeva
15:14 24.12.2025
Oxunuş sayı: 3210