Macarıstan Rusiya-ABŞ sammitinə ev sahibliyinə hazır olduğunu bildirib
Macarıstan Ukrayna böhranının nizamlanması ilə bağlı Rusiya və ABŞ liderlərinin sammitinə istənilən vaxt ev sahibliyi etməyə hazırdır. Lakin hazırkı mərhələdə bunun üçün zəruri şərtlər mövcud deyil. Bu barədə Macarıstanın Baş naziri Viktor Orbanın aparat rəhbəri Gerqely Qulyaş bildirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir. O, Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında Budapeştdə mümkün görüşün perspektivlərini şərh edərkən qeyd edib ki, sammit yalnız Rusiya və Ukrayna arasında real kompromis əldə olunacağı və ya tərəflərin mövqelərinin yaxınlaşacağı halda məntiqli olar.
“Əgər Rusiya və Ukrayna - münaqişənin iki tərəfi - kompromisə gəlsə və ya buna yaxınlaşsa, belə bir sammitin Budapeştdə keçirilməsi məntiqli olardı. Bu halda görüş mütləq Budapeştdə baş tutacaq. Vəziyyət yanvarda dəyişsə, sammit yanvarda, fevralda dəyişsə, fevralda keçiriləcək. Əgər bu bir ildən sonra baş verərsə, sammit də bir ildən sonra təşkil olunacaq. Əsas məqsəd sülhə nail olmaqdır, onun harada və nə vaxt baş verməsi yox,” - deyə Qulyaş vurğulayıb.
Bununla yanaşı, o əlavə edib ki, hazırda nə Rusiya, nə də Ukraynanı qane edəcək və sülh sazişinin imzalanmasına imkan verəcək ümumi razılıq və şərtlər mövcuddur.
Sevinc Yarməmmədova
10:43 24.12.2025
Oxunuş sayı: 3923