Somalidə quraqlıq səbəbindən 120 mindən çox insan evini tərk edib
Somalidə davam edən şiddətli quraqlıq nəticəsində sentyabr-dekabr ayları arasında azı 120 min nəfər yaşadığı əraziləri tərk etmək məcburiyyətində qalıb.
Crossmedia.az OCHA-ya (BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi) isrinadən xəbər verir. Bildirilir ki, suyun qiymətinin kəskin bahalaşması, ərzaq qıtlığının dərinləşməsi, mal-qaranın tələf olması və insanların dolanışıq mənbələrinin sıradan çıxması kütləvi köçün əsas səbəbləridir. Qurumun məlumatına görə, vəziyyət xüsusilə kənd təsərrüfatından asılı olan bölgələrdə daha ağırdır.
Hesabatda həmçinin qeyd olunur ki, mövcud böhran təhsil sahəsinə də ciddi təsir göstərib. Belə ki, ölkə üzrə 75 mindən çox şagird quraqlıq və sosial-iqtisadi çətinliklər səbəbindən məktəbi tərk etməyə məcbur olub.
Yerli hakimiyyət orqanlarının açıqlamasına əsasən, hazırda Somalidə 4,6 milyondan çox insan quraqlığın mənfi təsirlərindən əziyyət çəkir. Humanitar təşkilatlar vəziyyətin daha da ağırlaşa biləcəyi barədə xəbərdarlıq edərək beynəlxalq ictimaiyyəti təcili yardım göstərməyə çağırır.
Sevinc Yarməmmədova
10:36 24.12.2025
Oxunuş sayı: 4055