Akademik Musiqili Teatrın “Anamın kitabı” tamaşası Pakistanda nümayiş olunub
Azərbaycan Dövlət Akademik Musiqili Teatrı Pakistanın Kəraçi şəhərində keçirilən Dünya Mədəniyyəti Festivalında iştirak edir.
Crossmedia.az xəbər verir ki, “Art Council Pakistan” (Pakistan İncəsənət Şurası) tərəfindən təşkil olunan festivala dünyanın 140-dək ölkəsindən sənətçilər, yaradıcı kollektivlər və teatr heyətləri qatılıb.
Akademik Musiqili Teatr bu mötəbər beynəlxalq tədbirdə Cəlil Məmmədquluzadənin “Anamın kitabı” pyesi əsasında hazırlanan tamaşa ilə çıxış edib. Prezident mükafatçısı İradə Gözəlovanın quruluş verdiyi səhnə əsəri festivalda uğurla nümayiş olunub və tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Festivaldan sonra “Art Council Pakistan”ın prezidenti Məhəmməd Əhməd Şah Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru Aqil Bəhramlı, direktor müavini – sənətşünaslıq üzrə fəlsəfə doktoru Vəfa Mühacirova, quruluşçu rejissor İradə Gözəlova və kollektivin digər üzvləri ilə görüşərək təəssüratlarını bölüşüb və onlara festivalın təşkilat komitəsi adından xatirə hədiyyələri təqdim edib.
Teatrın heyəti göstərilən yüksək diqqətə görə festival rəhbərliyinə minnətdarlığını bildirib.
Qeyd edək ki, səhnə əsərinin quruluşçu rəssamı Vüsal Rəhim, döyüş səhnələri və rəqslərin quruluşçusu Xalq artisti Pərviz Məmmədrzayev, rejissoru Zaur Əliyev, işıq rəssamı Nicat Həmidov, səs rejissoru isə Sevda Davudovadır.
İngilis dilində təqdim edilən tamaşada Səmədzadə Xasiyev, Hüseyn Əlili, Zaur Əliyev, Nəzrin İsmayılzadə, Adelin Öztürk, Nərmin Əliyeva, Əli Kərimov, İranə Kərimova, Sübhan Rüstəmov və Murad Əliyev rol alıblar.
Quruluşçu rejissor İradə Gözəlova festival təəssüratlarını belə bölüşüb:
“Dünya festivalında iştirak etmək və müxtəlif ölkələrdən gəlmiş sənət kollektivlərinin işlərini görmək bizim üçün böyük bir təcrübə oldu. Buna görə Mədəniyyət Nazirliyinə və teatr rəhbərliyinə təşəkkür edirəm. Biz yaradıcı heyət olaraq üzərimizə düşən vəzifəni layiqincə yerinə yetirdik. “Anamın kitabı” tamaşası böyük maraq doğurdu. Nümayişdən sonra xarici həmkarlarımızdan çoxsaylı müsbət rəylər aldıq. Festival iştirakçılarının bizə göstərdiyi isti münasibəti hiss etmək xüsusilə qürurvericidir. Bu, həm mənim, həm də teatrımız üçün gözəl bir uğurdur”.
Festival çərçivəsində Musiqili Teatrın nümayəndə heyəti müxtəlif ölkələrin teatrları ilə əməkdaşlıq perspektivlərinin genişləndirilməsi məqsədilə bir sıra görüşlərdə də iştirak edir.
Pakistanın Kəraçi şəhərində keçirilən Dünya Mədəniyyəti Festivalı dekabrın 7-də başa çatacaq.
Ayan Sədi
14:49 05.12.2025
Oxunuş sayı: 1195